Sosial şəbəkələrdə satılan, qanunla qadağan olunan avtomobil səs siqnalları ölkəyə necə gətirilir?
Avtomobilə bəzi əlavə avadanlıqların quraşdırılması qanunla qadağandır.
Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı müxtəlif səs siqnallarını, sayrışan işıqları, nömrə gizlədən qabları və səsboğucuları misal çəkmək olar.
Sosial şəbəkələrdə avtomobilə quraşdırılması qadağan olan avadanlıqlar açıq şəkildə satılır.
Sayrışan işıqların qiyməti 25-250 manat, siqnalların qiyməti isə 700-2500 manat arasında dəyişir.
Qeyd edək ki, sosial şəbəkələrdə satışı həyata keçirilən bu avadanlıqları yalnız onlayn sifariş etmək olur. Bəzi avadanlıqların gətirilməsi üçün beh də tələb edilir.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) mövzu ilə bağlı bildirilib ki, bu avadanlıqların istifadəsi qanunla qadağandır. İdarə tərəfindən bu ləvazimatlardan istifadənin qarşısını almaq üçün mütəmadi olaraq tədbirlər görülür. İstifadə edən şəxslərə müəyyən məbləğdə cərimə tətbiq olunur.
Avtomobilə quraşdırılması qadağan olan bu avadanlıqların ölkəyə necə gətirildiyi ilə bağlı Dövlət Gömrük Komitəsindən bildirib ki, qanunvericilik aktlarında qırmızı və ya göy sayrışan işıq və ya xüsusi səs siqnalının, eləcə də gizli nömrə qablarının dövriyyəsi qadağan olunan və ya məhdudlaşdırılan mallar siyahısına aid deyil. Bu səbəbdən də onların gömrük sərhədindən keçirilməsində hər hansı məhdudiyyət yoxdur.
Ətraflı süjetdə:
Sosial şəbəkələrdə satılan, qanunla qadağan olunan avtomobil səs siqnalları ölkəyə necə gətirilir?