Romantik görüşə gedənlərə pul veriləcək
Kubra Məhərrəmova yazır...
Oktyabrdan hökumət evlənənlərə pul verəcək. Harada? Pusanda. Bəs Pusan haradadır? Cənubi Koreya kimi tanınan Koreya Respublikasında. Diqqətə çatdırım ki, bu ölkə Şərqi Asiyada yerləşir. Ümumi sahəsi 100 410 kvadratmetr, əhalisinin ümumi sayı isə 51 966 948 nəfər hesab olunur.
Rəqəmləri bu hadisənin dünyanın harasında baş verdiyini daha yaxşı təsəvvür edə bilək deyə diqqətinizə çatdırdım.
İlk növbədə deyim ki, Koreya Respublikasında ailə ənənəsi və dəyərləri çoxəsrlik tarixə malikdir. Belə ki, ailə modelində hökm, qayda-qanun, klassik münasibətlər üstünlük təşkil edir. Maraqlısı odur ki, zamanında Koreyada çoxuşaqlılıq təşviq olunurdu. Məsələn, elə ötən əsrin 60-cı illərində bir koreyalı qadının 5-6 uşağı var idi.
Şərqsayağı ailə modelinə uyğun olaraq, ailənin böyüyü ata hesab olunurdu. Qeyd edim ki, bu gün də, cəmiyyətdə kişinin sözü daha keçərlidir. Hətta iş yerlərində müdir kişidirsə, işçilərin ona qarşı münasibəti ataya olan kimidir. O da, öz növbəsində öz işçilərinə ata qayğısı ilə yanaşmalı və onların hər dərdini dinləməli, problemini həll etməlidir.
Amma son illər baş verənlər gənclərin evlənməyə, ailə qurmağa olan marağını çox aşağı salıb. Yəni, gənc koreyalı evlənmək barədə düşünmür. Onun istəyi daha yaxşı karyera qurmaq, daha yaxşı vəzifədə çalışmaq, daha keyfiyyətli həyat sürməkdir. Gənc koreyalı anlayır ki, ailə qurandan sonra onun həyatı əvvəlki kimi olmayacaq, ailə-uşaq qayğıları onun həyatını alt-üst edəcək. Müasir koreyalı bir dəfə yaşayacaq ömrünü özü üçün yaşamaq istəyir.
Amma ki, koreyalı gənclərin bu planları Koreya Respublikasının, hökumətinin planları ilə üst-üstə düşmür. Çünki ölkə faciəvi demoqrafik problemlə üz-üzə qalıb. Ailə quran, evlənən yoxdursa, deməli yenidoğulan da yoxdur. Yeni nəsil yoxdursa, deməli ölkə qocalır. İqtisadiyyat çökür. Bu gün bir koreyalı qadının payına yarım uşaq düşür. Bu, olduqca aşağı göstəricidir. Özü də ana olanların orta yaş həddi 33-dür. Qeyd edim ki, Avropadan fərqli olaraq Koreya cəmiyyətində dünyaya nikahdankənar uşaq gətirmək qəbulolunmaz məqamdır. Bu, çox böyük qəbahətdir. Lap bizdəki kimi, nəsil-nəcabət adamdan üz döndərər belə hərəkətə görə. Cəmiyyətdə konservativ baxışlar həm də qədim evlilik ənənəsindən irəli gəlir. Gənc koreyalı valideynlərin seçdiyi adamla ailə qurmalı, daha çox iki ailənin birliyi üçün çalışmalıdır. Burada sevgi ən sonuncu yerdə durur.
Qayıdaq müasir gənclərə. Diqqətinizə çatdırım ki, Koreya Respublikasında ortalama maaş saatbaşına 6,6 ABŞ dollarıdır. Bu da minimal əməkhaqqının 1 505 ABŞ dolları civarında dəyişməsinə gətirib çıxarır (təqribən 2 558 AZN).
Təbii ki, mühəndis, İT mütəxəssis, həkim, hüquqşünas daha çox məvacib alır. İnternetdə yazılanlara inansaq, bu ixtisas sahibləri ayda 3500-5000 ABŞ dolları civarında maaş alır (təqribən 5 950- 8 500 AZN).
Yaxşı məbləğdirmi? Mənim fikrimcə, hə!
Amma xərclər də xeyli yüksəkdir. Elə buna görə də gənclər ailə məsuliyyətini üzərlərinə götürmək istəmirlər.
Qısaca, bir koreyalının aylıq xərci belədir.
Şəhərkənarı (Azərbaycanla müqayisədə Masazır, Xırdalan) ərazidə evin kirayəsi 500-700 ABŞ dolları (850 - 1 190 AZN), metroya yaxın ərazidə kirayə 1 200 ABŞ dolları (2 040 AZN), şəhərin mərkəzində 2 500 ABŞ dolları (4 250 AZN) təşkil edir.
Yox, əgər evlənmək istəyən koreyalı ev almaq istəyirsə, o zaman Seulda orta statistik evin qiyməti yarım, 1 milyon dollar (1.7 milyon AZN) aralığında dəyişir. Kommunal xərclər üçün 150 ABŞ dolları (255 AZN), əlavə olaraq internet üçün işə 30 ABŞ dolları (51 AZN) ödəməli olacaq.
Bununla cavan koreyalının xərcləri bitmir. Yemək, geyim, nəqliyyat, tibbi xidmət və s. xərclərdən savayı, Koreyada vergilər də kifayət qədər ciddi nəzarətdədir. Bir koreyalının qazancı nə qədər yüksəkdirsə (maaş, mülkiyyət və s.), vergilər də həmin məbləğə müvafiq hesablanır.
Təbii ki, bu qədər həngamədən sonra ağlı başında olan adam niyə evlənsin ki?!
Bu qədər sıxma-boğmadan sonra heç kim ağlını itirməyib ki, hələ bir toy da eləsin. Sabah bunun uşaq bezi, uşaq yeməyi, bağça-məktəb dərdi, arvadın toya getmək üçün təzə paltarı, qır-qızıl dərdi var.
Kapitalizmin qurduğu əsas oyunda indi insanlar qaydaları pozur. Kapitalizm deyir ki, sən işlə mən qazanım, nəsil artır ki, mənə işləyənin sayı artsın. Adam da, deyir ki, bu dəqiqə. Bu qədər sıxma-boğmadan sonra üstümə daha çox yük götürən deyiləm, dünyaya uşaq gətirməyəcəyəm.
Koreya Respublikası vəziyyətin qəlizliyindən çıxış edərək ailə qurmaq məqsədi ilə görüşə gedən gənclərə maddi dəstək göstərməyi qərara alıb.
Özü də deyilənə görə proqram oktyabrda start götürəcək. Bu dövlət proqramı çərçivəsində görüşən hər gəncə (həm qadına, həm də kişiyə) 360 ABŞ dolları (612 AZN) civarında həvəsləndirici pul mükafatı təqdim olunacaq.
Belə baxanda heç də pis deyil. Gedirsən görüşə, restoranda yeyib-içirsən, potensial həyat yoldaşınla tanış olursan, hələ üstəlik hökumət sənə pul da verir. Davamı daha maraqlıdır.
Əgər cütlüklər ailə qurmaq qərarına gəlsələr, o zaman hökumət buna görə gənclərə toy hədiyyəsi qismində 20 milyon Koreya vonu (25 600 AZN) verəcək.
Yeni evlənənlərə isə hökumət ev almaq üçün 30 milyon von (38 000 AZN) və ya kirayə üçün 5 il müddətində ayda 800 000 von (1 020 AZN) yardım edəcək.
İndi gəlirik ən maraqlı hissəyə, bəs bu yarışda kimlər iştirak edə bilərlər?
İştirakçılar 24-43 yaş arası, Pusanda yaşayan insanlar olmalıdırlar. Bunun üçün ilk növbədə adamlar müraciət ərizələri təqdim etməli, müvafiq müsahibədən və seçmə turlardan keçməlidirlər.
Və burada bir sıra suallar yaranır. Kim seçir, necə seçir?
Nəzərinizə çatdırım ki, Koreya Respublikası nə qədər inkişaf etmiş olsa da, Şərq ölkəsi olduğu üçün orada da yerlibazlıq, qohumbazlıq, rüşvət və s. kimi hallar da mövcuddur. Doğrudur son illər hökumət bu hallarla çox ciddi və sərt mübarizə aparır. "Transparency International"ın məlumatına görə, Cənubi Koreya korrupsiya ilə mübarizədə hər il daha çox uğur əldə edir.
Mövzudan kənara çıxaraq qeyd edim ki, Koreyada qul-köləlik 1 930-cu ildə ləğv olunub. Təsəvvür edin ki, 100 il əvvəl Koreyada qullar və quldarlar var idi. Bu gün isə Koreya Respublikası elmi-texniki tərəqqi, iqtisadi dayanıqlılıq, səhiyyə və digər sahələrdə heç də Avropa və ABŞ-dən geri qalmır.
Qayıdaq hökumətin pulu ilə görüşə çıxacaq gənclərə. Elə onu düşünürəm ki, görəsən bu pul alacaq gəncləri kim seçir, necə seçir, müsabiqəni necə aparır? Seçki prosesi həqiqətən şəffaf olacaqmı? Çünki görüşə gedəcək namizədlər "kor görüşə" gedirlər. Yəni bir-birlərini ilk dəfə görəcəklər.
İndi deyəcəksiniz ki, bundan sənə, bizə nə?
Bizə o ki, gələcəkdə hökumət bu proqramı yalnız koreyalılar üçün deyil, həm də əcnəbilər üçün reallaşdırmaq istəyir.
Bəli, bəli. Demoqrafik böhranı aradan qaldırmaq üçün hökumət mümkün olan bütün variantları diqqətdən keçirir.
Halbuki bu, Koreya Respublikasının ilk ailə-uşaq və evlilik təşviq edən layihəsi deyil. Milli və regional hökumət bundan öncə də milyardlarla məbləğ vəsait xərcləyərək demoqrafik böhranı həll etməyə çalışıb.
Ekspertlər isə düşünürlər ki, doğum sayının bu qədər aşağı düşməsinə səbəb uşağın tərbiyə və təhsili üçün xərclərinin həddindən artıq yüksək olması, hər gün artan ev qiymətləri və yüksəkgəlirli iş əldə etmək üçün dəhşətli dərəcədə kəskin olan rəqabətdir.
Ən böyük səbəblərdən biri də koreyalı gənclərin həyatda əsas məqsədinin ailə qurması deyil, daha yüksək və uğurlu karyera qurmaq həvəsində olması göstərilir.
Bəli, Qərbin kapitalist sistemi ən qədim Şərq ənənələrinə malik olan cəmiyyətləri də alt-üst edə bildi.
Çox yox, cəmi 50 il əvvəl təşviq olunan ailə-uşaq modelinin yerini indi "child-free" (uşaqsız, uşaqdan azad) modeli tutur.
Amma hökumətin pulu ilə görüşə getmək çox maraqlı haldır. Görəsən bizdə olsaydı, hökumətin pulu ilə bir nəfər neçə nəfərlə görüşərdi?