Skuterlə qayda pozanlar CƏRİMƏLƏNİRLƏR? - BDYPİ-dən AÇIQLAMA
Son zamanlar Azərbaycanda skuterlərə maraq artıb. Demək olar ki, şəhərin hər yerində bu nəqliyyat vasitəsini sürənlərə rast gəlirik. Skuterlərə maraq artdıqca tələbat çoxalır, nəticədə paytaxtda yeni növ nəqliyyat vasitəsinin qəzalarına şahid oluruq.
Bəs görəsən, bu günə qədər neçə skuter sürəni avtomobil vurub? Ümumiyyətlə, skuter sürənlərlə bağlı cərimələr tətbiq olunurmu?
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev mövzu ilə bağlı Bakunews.media-ın sorğusunu cavablayıb.
O qeyd edib ki, İnzibati Xətalar Məcəlləsində (İXM) velosiped sürənlər, moped idarə edən şəxslər, o cümlədən "Yol hərəkəti haqqında" Qanununa yeni əlavə edilmiş kiçik elektrikli nəqliyyat vasitələrini (skuter) idarə edən şəxslərə də qanun şamil edilir:
"İXM-nin 338.4-1 maddəsinə əsasən, kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına - yəni işıqforun və nizamlayıcıların işarələrinə riayət edilməməsinə, sərnişin və ya nəqliyyat vasitəsinin idarəetməsinə mane olan yüklərin daşınmasına, yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına, nasaz ikitərəfli nəqliyyat vasitəsini idarəetməyə, sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla idarə edilməsinə, piyadaların hərəkətinə maneə yaradılmasına, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə qırx manat məbləğində cərimə edilir".
M.Ağayev qeyd edib ki, "Yol hərəkəti haqqında" Qanunun sadalanan maddələri üzrə cari ilin 8 ayı ərzində 1 864 qayda pozuntusu qeydə alınıb və sənədləşdirilib:
"Şəhər mobilliyinin və piyadayönümlü şəhər konsepsiyasının prioritet olması ikitəkərli nəqliyyat vasitələrinə tələbatı artırır. Bununla bağlı paytaxtda yol hərəkətinin təşkilində bəzi dəyişikliklər edilir, infrastruktur yaradılır. Ancaq bu inkişaf sözügedən nəqliyyat vasitələrini idarə edən şəxslərdə hüquq və vəzifə də formalaşdırır. Baş Dövlət Yol Polisi İdarəsi olaraq ikitəkərli nəqliyyat vasitələrini idarə edən şəxslərdən xahiş edirik ki, "Yol hərəkəti haqqında" Qanunun tələblərinə riayət etsinlər, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağmlıqlarını təhlükəyə atmasınlar".
Məhərrəm Əliyev