Azərbaycanda elektrikli və hibrid minik avtomobillərinin kreditləşməsi kəskin artıb

Azərbaycan Mərkəzi Bankının (AMB) tətbiq etdiyi requlyativ güzəştlər nəticəsində 2022-ci ildən bəri son 18 ayda bankların elektrikli və hibrid minik avtomobillərini kreditləşdirməsi say olaraq 8 dəfə, məbləğ olaraq 6.5 dəfə artıb.

Bakunews.media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Bildirilib ki, nəticədə 2022-ci ilin sonuna bankların kredit portfelində elektrikli və hibrid avtomobillərin cəmi minik avtomobil portfelində payı 17.8% olduğu halda, bu il iyunun sonuna 59.9 % təşkil edib.

AMB "Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin əldə edilməsi üçün maliyyə əlçatanlığının artırılması üzrə təkliflərin hazırlanması" tədbiri çərçivəsində əsas icraçı qurum kimi aparılan müzakirələrdə aktiv iştirak edərək bu istiqamətdə maliyyə əlçatanlığının artırılmasına töhfə verir. Bu tədbir Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsi"ndə öz əksini tapır.

AMB artıq 2022-ci ildə ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin əldə edilməsi üçün maliyyə əlçatanlığının artırılması üzrə təkliflər irəli sürüb, bu istiqamətdə mühüm addımlar atıb. Belə ki, qurum ekoloji təmiz, təhlükəsiz nəqliyyat vasitələrinin əldə olunması üçün kredit şərtlərində yumşalmalar edib, qaydalara dəyişikliklər edib. Bütün bunlar isə bu növ nəqliyyat vasitələrinin kreditləşməsinə və sığortalanmasına pozitiv təsir göstərib. Həyata keçirilmiş bu təşəbbüslər adıçəkilən nəqliyyat vasitələrinin kreditlə alınmasında əlçatanlıq səviyyəsini artırıb.

"Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə altqrupu"na rəhbərliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi həyata keçirir.

0.059828042984009