Qəbiristanlıqda zorlanma: İtlərdən qorxan qızı maşınına əyləşdirib əxlaqsız hərəkətlər etdi
Abşeron rayonunda 1990-cı il təvəllüdlü Azər Nuranəni (adlar şərti verilib - red.) zorlayıb, ona qarşı seksual xarakterli hərəkətlər edib.
Teleqraf.com-un məlumatına görə, Azər 18 sentyabr 2021-ci ildə "Rent A Car 211" MMC ilə bağlanmış icarə müqaviləsi əsasında idarə etdiyi "Hyundai Sonata" markalı minik avtomobil ilə həmin il sentyabrın 20-də saat 21 radələrində Bakı-Sumqayıt şosesində hərəkətdə olarkən Xırdalan şəhər qəbiristanlığının yanından keçərək yaşadığı evə getmək istəyib.
Bu zaman o, sahibsiz itlərdən qorxub dayanmış 1997-ci il təvəllüdlü Nuranəni görüb. Maşını qızın yanına sürüb və ona itlərdən qorxduğu üçün maşına minməyi təklif edib.
Nuranənin təklifləri dəfələrlə rədd etdikdən sonra Azər onu nəqliyyat vasitəsinə mindirmək və cinsi ehtirasını zor tətbiq edərək ödəmək qərarına gəlib. Maşının sükanına vuraraq, "sənə demirəm, gəl otur" deyə niyyətini icra etməyə başlayıb.
Sonra aşağı düşərək Nuranənin başından tutub və onu maşının arxa oturacağına itələyərək zor tətbiq edib. Qapını örtərkən Nuranənin sağ ayağı qapının arasında qalıb və qançır xəsarəti alıb.
Azər Nuranənin zorakı hərəkətlərinə etiraz etməsinə baxmayaraq, "kəs səsini, mən sənə kömək edirəm, bunun qarşılığını verməlisən" deyib, maşının qapılarını mərkəzi kiliddən bağlayıb və qəbiristanlığın ərazisinə sürüb. O, yolda "bura qəbiristanlıqdır, yaxşı qız burada durmaz, sənin kimiləri mən çox görmüşəm" söyləyib, Nuranəni yüngül həyat tərzi keçirməkdə ittiham edib.
Nuranənin yalvarışlarına məhəl qoymayaraq, qəbiristanlığın içərisində, yolun olmadığı yerdə maşını saxlayıb. Daha sonra Nuranəyə maşının qabaq oturacağına keçərək cinsi ehtirasını təmin etmək üçün ona "kömək göstərməsi"ni, əks təqdirdə onu buraxmayacağını bildirib.
Azər cinsi ehtirasını ödəmək məqsədilə Nuranəyə seksual xarakterli iyrənc hərəkətlər etməsini təklif edib. Qız avtomobildən düşərək qaçmaq məqsədilə onunla razılaşdığını bildirib. Maşının qapıları mərkəzi kiliddən açıldıqdan sonra aşağı düşərək qəbiristanlığın içərisinə doğru qaçıb və əlindəki telefonla bacısı Nigara zəng vuraraq telefonu cibinə qoyub.
Azər Nuranənin arxasınca qaçaraq saçından tutub, onu maşının sağ arxa qapısından içəri itələyib və özü də onun yanında əyləşib. Nuranəyə "canını qurtara bilməyəcəyini" deyərək, iradəsini qırmaq məqsədilə saçını yolub, üz və baş nahiyələrinə şillə ilə vurub. Kimsəsiz bir yer olduğuna işarə edərək, cinsi ehtirasını təmin etməyəcəyi təqdirdə onu öldürəcəyini, qəbiristanlığa atacağını və meyitinin heç kimin tapmayacağını bildirib.
Təxminən 10-12 dəqiqə müddətində Nuranəyə qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.
Qızın yalvarmasına, qışqırmasına və ağlamasına məhəl qoymayaraq nalayiq ifadələrlə onu təhqir edib, istədiyi formada dayanmağı tələb edib, qeyri-təbii yolla cinsi ehtirasını ödəyib.
Bundan təxminən 10 dəqiqə sonra avtomobilin salonunda Nuranənin sinəsindən itələyərək, onu arxası üstə oturacağa uzadıb. Bir daha müqavimətini qıraraq özü üçün zərərsiz hala gətirib.
Nuranəyə qarşı zor tətbiq etməklə onu zorlayıb.
21 sentyabr 2021-ci ildə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Azər Mehdiabad qəsəbəsində saxlanılıb.
O, rayon polis idarəsinə gətirildikdən sonra avtomobilə baxış keçirilən zaman arxa oturacağın alt hissəsindən ümumi çəkisi 2 950 qram olan heroin aşkar edilib.
Həmçinin, avtomobildən ov bıçağı və üzərində heroin izləri olan elektron tərəzi aşkar olunaraq götürülüb.
İstintaq orqanı tərəfindən Azərin barəsində Cinayət Məcəlləsinin 149.2.4 (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama), 150.1 (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə), 228.4 (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edilib.
Cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Azər bildirib ki, 19 sentyabr 2021-ci ildə qardaşının dostu Vüsal adlı şəxslə birlikdə olub və avtomobillə Sumqayıt şəhərinə gedib. O, ifadəsində belə deyib:
"Masazır dairəsi deyilən yerdən keçərkən Vüsal tanış şəxslə görüşəcəyini, 5 dəqiqəyə qayıdacağını dedi. O, maşından düşdükdən sonra avtomobili 10 metr arxaya sürdüm.
Bu vaxt bir qadının divar kənarı ilə təlaşlı şəkildə gəldiyini gördüm. Ondan nə isə lazım olub-olmadığını soruşdum. O, itlərin yanından keçə bilmədiyini, kömək etməyimi xahiş etdi.
Qadın avtomobilin sağ arxa tərəfinin qapısını açaraq maşına əyləşdi. Ondan hara gedəcəyini soruşdum. "Kənd Xırdalan"a gedəcəyini bildirdi. Mən həmin yeri tanımadığım üçün qadına içəri tərəfə getməli olduğunu söylədim. Həmin yerlərdə it olmadığını görəndə qadından nə məsələ olduğunu soruşdum. O, ailəsinin dindar olduğunu bildirdi.
Qadına onu qapıların girəcəyinə qədər aparacağımı söylədim. Bu vaxt o, "saxla, mən burada düşəcəm" dedi. Avtomobili saxladıqda isə qaçaraq getdi. Yolum eyni olduğu üçün maşını onun arxasınca sürdüm".
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra kəndin içərisindən çıxıb və öz yolu ilə gedib:
"Masazır dairəsindən çıxaraq Xocasənə, "20 Yanvar"a, "Memar Əcəmi"yə, Ayna Sultanovaya və oradan da Mehdiabad qəsəbəsinə getdim.
Mehdiabad qəsəbəsində avtomobilimi saxladım. Bu zaman bir nəfər avtomobilin şüşəsini döydü və mənə maşının təkərinin buraxdığını söylədi. Daha sonra avtomobilin qarşısına üç polis əməkdaşı gəldi. İlk başda onların polis olduqlarını anlamadım. Biri mənim telefonumu əlimdən aldı, digər isə qollarımı qandallayaraq avtomobilə saldı.
Videoçəkilişlə avtomobildən tərəzi, büküm və bıçaq aşkar edildi. Lakin yalnız bıçaq mənə məxsus idi. Polis bölməsinə girərkən həmin qadını, yəni Nuranəni ailəsi ilə birlikdə orada gördüm".
Təqsirləndirilən şəxs suallara cavabında öz maşınının xarab olduğu üçün hadisədən bir gün əvvəl icarəyə avtomobil götürdüyünü, taksi sürücüsü kimi çalışmadığını, Nuranəni əvvəllər tanımadığını və onu hadisə günü saat 21 radələrində gördüyünü bildirib:
"O, mənə küçədə itlərin olduğunu söylədi. Amma orada küçə itləri yox idi.
Qadına onu evinin qapısında düşərəcəyimi dedim. Bu zaman qışqıraraq avtomobili saxlamamı istədi. Mən avtomobili saxladım, Nuranə aşağı düşdü. Hadisə günü onun əynində göy rəngdə paltar var idi, söhbətimiz təxminən 10 dəqiqə çəkdi.
Mən ətrafda itlərin olmadığını gördüm və Nuranəyə "burada it yoxdur, əgər görüşmək məqsədilə yolda dayanmısansa, mən istəmirəm" dedim. O da dedi ki, "mən qız uşağıyam, atam axunddur".
Azər bildirib ki, hadisə günü Nuranə ilə aralarında heç bir fiziki təmas olmayıb. Aşkarlanan bıçaqlardan biri ona məxsus olub və həmin bıçağı həmişə üzərində gəzdirib:
"Narkotik istifadəçisi olmamışam. Mobil nömrəmlə narkotik vasitələrin alqı-satqısı ilə bağlı heç bir danışıq aparmamışam. Həmçinin hadisədən sonra Nuranənin qardaşımla danışıqları olub. O, qardaşımdan pul istəyib.
Ailəm Nuranənin ailəsi ilə görüşüb. Görüşün səbəbi Nuranəgilin nə üçün belə etdiyini müəyyənləşdirməkmiş. Onun ailəsi mənim ailəmdən 100.000 manat pul istəyib".
Azər əlavə edib ki, hadisə zamanı Nuranənin yaşadığı ev qəbiristanlığın yanında yerləşdiyi üçün oraya gedib və Nuranənin ağ avtomobili idarə edən bir şəxslə danışdığını görüb: "20-30 metr getdikdən sonra arxamca avtomobil gəldiyini gördüm. Maşının qeydiyyat nömrəsini xatırlamıram. Polis əməkdaşları məni tutanda qollarımı qandalladılar və məni başqa avtomobilə əyləşdirdilər. Mənim maşınımı isə başqa polis əməkdaşı sürdü. Axşam saat 11-12 radələrində polis bölməsinə gətirildim. Üzərimdə və avtomobilimdə narkotik vasitə yox idi.
Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə iclaslarında danışdıqları arasında ziddiyyətlər müəyyən edilib.
Bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə açıqlanıb.
Azər ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, 19 sentyabr 2021-ci ildə saat 20 radələrində şəxsi işlərini görmək üçün Nizami rayonu ərazisində yerləşən "Rent A Car 211" MMC-dən 50 manat pul müqabilində "Hyundai Sonata" markalı avtomobili icarəyə götürüb:
"Həmin avtomobillə Mehdiabad qəsəbəsində yaşayan dostum Elmargilə getdim, gecəni orada qaldım. Sentyabrın 20-də təxminən saat 14 radələrində yuxudan ayıldım və şəxsi işlərim üçün şəhərə getməyi planlaşdırdım. Elmar da mənimlə getmək istədiyini bildirdi.
Elmar əlində elektron tərəzi ilə avtomobilimə əyləşdi. Hərəkət etmək istəyəndə Elmarın evinə usta gəldi. Elmar avtomobildən düşdü, lakin tərəzi avtomobildə qaldı. Mən gözləmədim və oradan getdim. Dostum Süleymanla görüşüb ondan pul almaq üçün Saray qəsəbəsinə getdim. Görüşə bilmədiyim üçün Bakı-Sumqayıt şosesi ilə metronun "Memar Əcəmi" stansiyasının yaxınlığına, Elmarın işlətdiyi lombarda getmək və ondan pul alaraq avtomobilin icarə haqqını ödəmək istədim.
Lakin Elmar işdə olmadığından Mehdiabad qəsəbəsi ərazisində çayxana işlədən qardaşımın yanına getdim. Ondan avtomobilin icarə haqqını ödəmək üçün 50 manat pul almaq istədim. Obyektin qarşısında olduğum zaman polis əməkdaşları məni avtomobilin içərisində saxladılar və Abşeron Rayon Polis İdarəsinə gətirdilər.
Vəkilin iştirakı ilə videoçəkilişlə üzərimə şəxsi axtarış və avtomobilə baxış keçirildi. Bu zaman avtomobildən Elmarın səhər avtomobildə unutduğu tərəzi, arxa oturacağın alt hissəsindən şəffaf rəngli sellofana bükülmüş narkotik vasitəyə oxşar maddə və iki ədəd cib bıçağı aşkar edildi.
Narkotik vasitə mənə məxsus olmayıb. Tərəzi isə qızıl alışı və satışı ilə məşğul olan dostum Elmarındır.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Nuranənin sözlərinə görə, 20 sentyabr 2021-ci ildə saat 19:00-da işdən çıxdıqdan sonra təxminən 10 dəqiqə gözlədikdən sonra avtobusa minərək 3-cü mikrorayona gəlib, metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında avtobusdan düşüb:
"Bir az irəlilədikdən sonra Xırdalan şəhərinə gedən avtobusa mindim. Avtobusdan düşdüyüm yerdə çox vaxt küçə itləri olur. İtlərdən qorxduğum üçün bir neçə dəfə həmin ərazidən keçən qadınların köməyi ilə oradan getmişəm".
Hadisə günü qarşıma it çıxdı və mənə tərəf hürdü. Ərazidən keçmək üçün kiminsə gəlməsini gözlədim. Bu vaxt qara rəngli bir avtomobil qəbiristanlığın qapısına tərəf getdi. Sonra yanımda saxladı. Sürücü Azər pəncərəni aşağı endirdi və mənə "burada niyə dayanmısan, itlərdən qorxursan?" deyə soruşdu. Mən də itlərdən qorxduğumu dedim.
Daha sonra maşını daha yaxın məsafəyə sürərək "mən sənə kömək edə bilərəm, gəl səni aparım, narahat olma" dedi. Mən ehtiyac olmadığını və həmin ərazidən keçən şəxslərdən biri ilə oradan gedəcəyimi bildirdim. Buna baxmayaraq, Azər "insanlıq ölməyib ki, gəl aparım" deyib təkid etdi.
Azərə israrla avtomobilə minmək istəmədiyimi bildirdim. Bu vaxt əlini avtomobilin sükanına vuraraq "sənə demirəm, gəl otur?" dedi. Onun səs tonu və hərəkətlərindən narahatlıq keçirdim. Arxaya dönərək getmək istədim. O, avtomobildən düşərək saçımdan tutdu və arxa qapını açaraq məni içəri itələdi, qapını örtəndə ayağım qapının arasında qaldı.
Zərərçəkmiş qeyd edib ki, Azər özü də sükan arxasına əyləşib, qapıları mərkəzi kiliddən bağlayıb və maşını sürməyə başlayıb:
"Qışqıraraq məni hara apardığını, həmin yolun evimizin yolu olmadığını dedim. Azər də mənə kömək etdiyini, köməyin bir qarşılığı olmalı olduğunu söylədi.
Maşından məni düşürməyini, nə istəsə ona verəcəyimi dedim. Azər maşını qəbiristanlığın açıq olan qapısından içəri sürdü. Yolboyu məni düşürməsi üçün yalvarardım. Dedi, "sən yaxşı qız olsaydın, gecə vaxtı burda dayanmazdın". Mən namaz qıldığımı, atamın da məsciddə işlədiyini, pis qız olmadığımı söylədim. Azər mənə "zarıma" deyərək nalayiq ifadələrlə təhqir etdi.
Sonra mənə "səni onsuz da buraxmayacam, vəziyyətim pisdi, mənə kömək etməlisən" deyərək maşını artıq irəlidə yol olmayan bir yerdə saxladı. Mənə "keç qabağa, mənə kömək etməlisən, səni buraxmayacam, istədiyimi elə, buraxım" dedi. Mən də "yaxşı, qapını aç, keçim qabağa" dedim. Qapı açıldıqda avtomobildən düşərək qaçdım. Tez bacıma zəng vuraraq telefonu cibimə qoydum.
Azər arxamca qaçaraq mənə çatdı. Saçımdan tutaraq nalayiq ifadələrlə təhqir edə-edə yenidən avtomobilə oturtdu. Özü də yanımda əyləşdi. Məni döydü və nalayiq ifadələrlə təhqir etdi".
"Sən özünü nə hesab edirsən, məndən canını qurtara biləcəyini düşünürsən?" sözlərilə təhdid etdi. Sonra saçımı sığalladı, əli ilə bədənimin üst və alt tərəflərinə toxunaraq qəfildən məni boğmağa başladı. Həmin boğulma vəziyyətim 2-3 dəqiqə çəkdi".
Zərərçəkmiş qeyd edib ki, daha sonra onu avtomobilin pəncərəsi tərəfə çevirib və istədiyi kimi dayanması üçün vurmağa başlayıb: "Əynimdəki şalvarı aşağıya çəkdi, özü də soyunaraq boynumu aşağıya doğru basaraq mənimlə cinsi əlaqədə oldu. Daha sonra mənə qarşı iyrənc seksual xarakterli hərəkətlər etməyə başladı.
Daha sonra dedi ki, səndən xoşum gəldi, istəyirəm ki, səninlə münasibətim olsun, bilirəm ki, qız uşağı deyilsən, mən sənin kimi mələk sifətində çox qız görmüşəm, özlərini mələk kimi aparırlar.
Sonra məni itələyərək arxası üstə avtomobilin üzərinə uzatdı, yumruqla çiynimdən zərbə vurdu. Zərbənin təsirindən ona müqavimət göstərə bilmədim. Üzərimə uzanaraq mənimlə təbii yolla cinsi əlaqədə oldu. Bu əlaqədə sonra məndən qan gəldi. Azər "sən məni zibilə saldın" dedi.
Sonra dedi ki, bu barədə heç kimə bir söz demə, yoxsa sənin üçün başqa cür olacaq. Daha sonra avtomobili qəbiristanlığın darvazasının yanında saxladı, düşüb getməyimi istədi.
Mən düşmək istəyərkən qapıların bağlı olduğunu gördüm. Azər isə qapının açıq olduğunu iddia etdi. Mən yenidən qapının bağlı olduğunu bildirdim. Azər boynumun arxasından şillə ilə vuraraq "Sənə deyirəm, qapı açıqdır" dedi. Qapının bağlı olduğunu görəndə onu açdı və mən maşından düşərək getdim.
Bir dəfə arxaya çönərək baxdım və Azərin maşını sürətlə üstümə sürdüyünü gördüm. Evimizə tərəf qaçdım. Bu vaxt içərisində iki nəfər şəxs olan ağ rəngli avtomobil mənə yaxınlaşdı.
Avtomobildə olan şəxs "O maşın sizin arxanızca gəlirdi, nə isə lazımdırmı?" deyə soruşdu. Həmin avtomobil getdikdən sonra anamgil yanıma çatdı.
Zərərçəkmiş bildirib ki, geriyə baxdığı zaman avtomobilin qeydiyyat nömrəsini yadında saxlayıb: "Ailəmdən, qonşulardan və ictimai qınaqdan, atamın Azərə və onun ailə üzvlərinə nəsə etməsindən qorxduğum üçün baş verənləri ailə üzvlərimə natamam danışdım. Hadisənin yalnız bədənimin müxtəlif nahiyələrini sığalladığını və məni öpdüyünü bildirdim. Azərin mənimlə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmasını demədim. Hadisə vaxtı əynimdə olan alt paltarı və şalvar qana bulaşdığından, evə gəldikdən sonra ailə üzvlərim görməsin deyə onları dəyişdim, alt paltarımı atdım və şalvarımı dəfələrlə yudum. Daha sonra ailə üzvlərimlə birlikdə polis bölməsinə getdik".
Məhkəmənin hökmü ilə Azər 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, günahsız olduğunu bildirərək barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxsin bəraət istəməsi barədə verdiyi şikayət təmin edilməyib. Lakin birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib və onun cəzası 10 ilə endirilib.
Bu qərardan narazı qalan təqsirləndirilən şəxs Ali Məhkəməyə kasasiya şikayəti verib. Onun şikayəti Ali Məhkəmə tərəfindən araşdırılıb və qərara alınıb ki, təqsirləndirilən şəxsin kasasiya şikayəti təmin edilməyib.