Laçına qayıdan keçmiş məcburi köçkün: "Ömrümün tən yarısını Laçında keçirmişəm"
"Ölkə başçısının rəhbərliyi altında nəinki torpaqlarımız azad olundu, hətta onilliklərdir davam edən ədalətsizliyə son qoyuldu".
Bunu Bakunews.media-a açıqlamasında bu gün Laçın şəhərinə köç edən keçmiş məcburi köçkün Nəriman Zeynallı deyib.
O qeyd edib ki, bu gün illərlə həsrəti ilə yaşadığı Laçın şəhərinə, doğma yurduna qayıdır:
"Ömrümün tən yarısını Laçında, qalan hissəsini isə məcburi köçkün kimi keçirmişəm.
Övladlarımla doğma yurduma qayıdıram. Mətbuat sahəsində çalışmışam, Laçına köçəndən sonra da çalışacağam ki, elə mətbuat sahəsində də işimi davam etdirim. Laçınımız haqqında daim gözəl xəbərlər hazırlayım. Laçın əvvəl də gözəl idi, indi də abadlaşdırılır, gözəlləşdirilir. Əvvəlkindən daha yaxşı olacağına heç birimizin şübhəsi yoxdur.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"
Qeyd edək ki, bu gün növbəti köç karvanı Laçın şəhərinə yola salınır. Bu mərhələdə daha 18 ailə (59 nəfər) öz doğma yurduna köçürülür.
Xatırladaq ki, indiyədək Laçın şəhərində 570 ailənin (2 090 nəfərin) daimi məskunlaşması təmin edilib.