Azərbaycan QHT-ləri ABŞ və Avropa İttifaqının məsul qurumlarının rəhbərlərinə açıq məktub göndərib

Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) ABŞ və Avropa İttifaqında Rusiyaya qarşı sanksiyaların tətbiqi və icrasına nəzarət üzrə əsas məsul qurumların rəhbərlərinə açıq məktub göndərib.

"Report"un məlumatına görə, məktubda deyilir:

"Hörmətli ABŞ-nin Xarici Aktivlərə Nəzarət Ofisinin tabe olduğu Xəzinədarlıq Katibliyinin rəhbəri Canet L.Yellen!

ABŞ Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Bürosunun rəhbəri Alan F.Esteves!

ABŞ-nin ədliyyə departamentinin rəhbəri Merrik B.Qarlend!

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen!

Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel!

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel!

Biz, aşağıda imzası olan Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) Rusiyaya Ukrayna müharibəsi ilə əlaqədar tətbiq edilən beynəlxalq sanksiyalardan yayınmağa şərait yaradan Ermənistan Respublikasının fəaliyyətindən ciddi narahatlığımızı ifadə etmək üçün sizə müraciət edirik. Qərb ölkələri tərəfindən tətbiq olunan bu sanksiyalar Rusiyanı məsuliyyətə cəlb etmək və humanitar böhranın qarşısını almaq məqsədi daşıyır. Ermənistan hakimiyyəti ikiüzlü siyasət yürüdərək beynəlxalq hüququn tələblərini pozur və Rusiyaya sanksiyalardan yayınmağa dəstək verməklə, Ukraynadakı humanitar böhranı dərinləşdirir.

2020-ci ildə Rusiya ilə Ukrayna arasında başlayan müharibədən sonra Cənubi Qafqazda ən kiçik xarici ticarət dövriyyəsinə malik olan Ermənistanın həm idxalında, həm də ixracında iqtisadi potensialına uyğun olmayan kəskin artım müşahidə edilməyə başlanıb. Avropa İttifaqı və ABŞ tərəfindən Rusiya Federasiyasına tətbiq edilən sanksiya paketinin əhatə dairəsi genişləndikcə, Ermənistanın Rusiya ilə xarici ticarət dövriyyəsinin dəfələrlə yüksəlməsi mötəbər beynəlxalq hesabatlarda xüsusi vurğulanmaqdadır.

2021-2023-cü illər ərzində Ermənistanın xarici ticarətində mal və coğrafi strukturunun kəskin dəyişməsi Qərb ölkələri tərəfindən Rusiya Federasiyasına tətbiq edilən sanksiyalardan yayınması ilə əlaqədardır. 2021-ci ildə Ermənistanın Rusiya Federasiyası ilə xarici ticarət dövriyyəsi 2020-ci illə müqayisədə 24,2% artaraq 2,6 milyard ABŞ dolları, 2022-ci ildə 2021-ci illə müqayisədə 93,4% artaraq 5 milyard ABŞ dolları, 2023-cü ildə isə 2022-ci illə müqayisədə 45,7% artaraq 7,3 milyard ABŞ dolları səviyyəsinə çatıb. Rusiya Federasiyasının baş nazirinin birinci müavini Aleksey Overçuk Rusiya ilə Ermənistan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında hər iki ölkə arasında 2024-cü ildə xarici ticarət dövriyyəsinin 14-16 milyard ABŞ dollarına çatacağını bildirib. Bütövlükdə verilən proqnozun reallaşacağı təqdirdə, 2024-cü ildə Ermənistan ilə Rusiya Federasiyası arasında xarici ticarət dövriyyəsi 2020-ci illə müqayisədə 8 dəfəyə qədər artacaq.

Ermənistan Dövlət Statistika Komitəsinin nəşrinə əsasən, Rusiya Federasiyasına 2022-ci ildə mal ixracı 2021-ci illə müqayisədə 3 dəfə artaraq 2,4 milyard ABŞ dolları, 2023-cü ildə 2022-ci illə müqayisədə 43,1% artaraq 3,4 milyard ABŞ dolları ilə tarixi rekord səviyyəyə çatıb. 2010-2020-ci illər ərzində Ermənistandan Rusiyaya ixracın artım sürəti orta hesabla 18,6% olması qarşılığında, 2020-2023-cü illər ərzində bu göstərici 64%-ə çatıb.

2021-ci ilə qədər Ermənistanın mal və məhsul ixracında Rusiya Federasiyasının payı 27% həddini keçmədiyi halda, 2022-2023-cü illər ərzində Rusiya Federasiyasının payı 40-44% həddinə yüksəlib. Buna səbəb Ermənistanın sanskiyalardan yayınaraq bir sıra Avropa İttifaqı ölkələri, Ərəb Körfəzi və Asiya qitəsinin aparıcı dövlətlərindən Rusiya bazarlarına ixrac məqsədi ilə mal və məhsulları idxal etməkdir. Belə ki, 2023-cü il ərzində Ermənistandan Rusiya Federasiyasına ixrac edilən malların 14,7%-ni (499 mln. ABŞ dolları) telefon aparatları, mobil və başqa simsiz rabitə üçün telefon aparatları, 11,1%-ni (378 milyon ABŞ dolları) minik avtomobilləri, 7,39%-ni (250 milyon ABŞ dolları) monitor və proyektorlar, 2,54%-i (86 milyon ABŞ dolları) hesablayıcı maşınlar, onların blokları, maqnit və optik hesablayıcı qurğular, 1%-i (31 milyon ABŞ dolları) tozsoran avadanlıqları təşkil edir. Bütövlükdə, Ermənistanın ixracında yer alan elektromexanika və maşın avadanlıqlarının 91%-i Rusiya bazarlarına göndərilir. Bundan əlavə, 2022-ci illə müqayisədə 2023-cü ildə Ermənistandan Rusiya bazarlarına nüvə reaktorları, avadanlıq və mexaniki qurğuların ixracı 10 dəfə, ixrac edilən optik, fotoqrafiya, kinematoqrafiya və tibbi cərrahiyyə alətləri 5 dəfə, təyyarə, kosmik gəmi və onun hissələrinin ixracı 2 dəfə, gəmilər, qayıqlar və üzən konstruksiyaların ixracı 18 dəfə, musiqi alətlərinin ixracı 38 dəfə, bütün növ saatların ixracı 28 dəfə, incəsənət əşyaları və kolleksiya əşyaları 19 dəfə artıb. Qeyd olunan malların heç biri Ermənistan ərazisində istehsal edilməməsi ilə birgə bu məhsulların əksəriyyətinin 2022-ci ilə qədər Rusiya Federasiyasına ixracı mövcud olmayıb.

Avropa İttifaqı tərəfindən Rusiya Federasiyasına qarşı sanksiya tətbiq etməsinə baxmayaraq, bir sıra Avropa İttifaqı ölkələri Rusiya Federasiyası ilə Ermənistan vasitəsilə xarici ticarət əməliyyatlarını davam etdirir. Belə ki, 2021-ci illə müqayisədə 2023-cü ildə Ermənistanla Avropa İttifaqı arasında ticarətin 2,4 dəfə artması təəccüb doğurur. Bir sıra Avrozona ölkələri ilə münasibətdə isə nəzərəçarpacaq dərəcədə artımlar müşahidə edilir. Belə ki, 2023-cü ildə 2021-ci illə müqayisədə Ermənistanın Yunanıstana ixracı 39 dəfə və Kiprə ixracı 24 dəfə artıb. Necə ola bilər ki, bir tərəfdən Avropa İttifaqı və ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edir, amma digər tərəfdən elə həmin sanksiyaların tətbiqinə cavabdeh olan ölkələr Ermənistanın Rusiya ilə qanunsuz ticarətində iştirak edir? Axı dolayısı ilə Ermənistan Rusiyaya xarici ticarətdə "nəfəslik" verməklə, həm də bu ölkənin Ukraynadakı müharibəsini maliyyələşdirir.

Avropa İttifaqının Rusiyaya qarşı ilk sanksiyaları 2014-cü ilin mart ayında qəbul edildikdən sonra vaxtaşırı yenilənir və uzadılır. Avropa İttifaqı Şurası 28 noyabr 2022-ci il tarixində yekdilliklə Avropa İttifaqının fəaliyyətinə dair Müqavilədə (TFEU) istinad edilən "Aİ cinayətləri" siyahısına "Aİ sanksiyalarının pozulması"nı da əlavə edən qərar qəbul edib. Rusiyanı Qərb iqtisadiyyatlarından təcrid edən sanksiyalarından olan Avropa İttifaqının 23 iyun 2023-cü il tarixində qəbul edilmiş 11-ci sanksiyalar paketinin elementlərindən biri və yayınma ilə mübarizənin xüsusi vasitəsi olan idxal-ixrac əməliyyatlarına nəzarət və məhdudiyyətlərdir. Sözügedən sanksiyalar paketinə əlavə edilmiş Rusiyanın Ukraynaya qarşı təcavüzünü dəstəkləyənlərə dair siyahıda Ermənistanda qeydiyyatdan keçmiş hüquqi şəxs barədə məlumatlar da əks olunub (833/2014 nömrəli Aİ Qaydalarına 4-cü əlavə).

24 iyun 2024-cü il tarixində Avropa İttifaqı özünün 833/2014 nömrəli qaydalarına düzəliş hesab edilən və məzmununda ticarət sanksiyalarını da ehtiva edən 14-cü məhdudlaşdırıcı tədbirlər paketinin əks olunduğu 2024/1745 nömrəli Qaydalarını qəbul etdi. Sözügedən məhdudlaşdırıcı tədbirlər paketi, Aİ-nin ana şirkətlərindən üçüncü ölkədəki törəmə şirkətlərin sanksiyaları poza biləcək hər hansı fəaliyyətlə məşğul olmamasını təmin etmək üçün hər cür səy göstərmələri tələbini, Rusiyaya aid mayeləşdirilmiş təbii qazın Aİ ərazisindən üçüncü ölkələrə daşınması xidmətlərinə qadağaları, Rusiyanın Ukraynaya qarşı müharibə aparmasına töhfə verən gəmilər üçün üzv dövlətlərin limanlarına və şlüzlərinə, eləcə də dəniz nəqliyyatı ilə bağlı genişspektrli xidmətlərə çıxışı icazə verməyən sektor qadağasının tətbiqini əhatə edir.

Avropa İttifaqının 2024/1745 saylı Qaydalarında da təsvir olunduğu kimi, 2024/1744 ("CFSP") nömrəli qərar, xüsusilə Rusiyanın sənaye imkanlarının artırılmasına töhfə verə biləcək malların ixracına əlavə məhdudiyyətlər qoyur. 2024/1745 nömrəli Qayda, həmçinin Avropa İttifaqına üzv ölkələrin vətəndaşlarına və şirkətlərinə sanksiyaların tətbiqi və müsadirə nəticəsində Rusiya şirkətlərinin vurduğu ziyana görə kompensasiya tələb etməyə icazə verir.

Bundan əlavə, "CAASTA", 2 avqust 2017-ci il tarixdə qüvvəyə minmiş ABŞ federal qanunu, ABŞ-nin Düşmənlərinə Sanksiyalar Yoluyla Mübarizə Aktı, Rusiya Federasiyasına, terrorizmə və qeyri-qanuni maliyyələşdirməyə qarşı mübarizə üçün sanksiyaları müəyyən edir (Başlıq II, Bölmələr 201-259). Sözügedən aktın 232-ci bölməsində Rusiya Federasiyasında boru kəmərlərinin inkişafı ilə bağlı sanksiyalar, 233-cü bölməsində Rusiya Federasiyası tərəfindən dövlət əmlakının özəlləşdirilməsinə investisiya qoyuluşu və ya investisiya qoyuluşunun təşviqi ilə bağlı sanksiyalar, 226-cı bölməsində isə Rusiya və digər xarici maliyyə institutlarına qarşı sanksiyalar müəyyən edilib.

Sülh, sabitlik və beynəlxalq hüququn aliliyi tərəfdarları kimi biz sanksiya tətbiq edən ABŞ və Avropa İttifaqını aşağıdakı addımları atmağa çağırırıq:

- Ermənistanın ticarət əməliyyatlarına nəzarət artırılsın! Ermənistanın idxal və ixrac etdiyi malların daha sərt rejimdə yoxlanılmasını, bu sahədə şəffaflığın təmin edilməsini, xüsusilə, müharibədə istifadə olunan mallarla qanunsuz ticarətin qarşısının alınmasını tələb edirik.

- Sanksiyaların icrası təmin edilsin! Biz Qərb hökumətlərini mövcud sanksiyaların daha sərt icra edilməsinə və sanksiyalardan yayınmağa kömək edən hər hansı bir dövlətə, o cümlədən Ermənistana məqsədyönlü sanksiyalar və ya ticarət məhdudiyyətləri tətbiq etməyə çağırırıq.

-Ermənistana diplomatik təzyiq gücləndirilsin! Biz Qərb ölkələrinin Ermənistanı Rusiyaya dəstəyi dayandırmağa çağıran birbaşa diplomatik səylərini artırmalarını, Ermənistana beynəlxalq hüquq qarşısında olan öhdəliklərini və sülh içində birgəyaşayış prinsiplərinə əməl etməli olduğunu xatırlatmağı tövsiyə edirik.

Ermənistanın Rusiyaya dəstəyinin davam etdirilməsi Ukraynada sülh və sabitliyin bərpasına yönəlmiş qlobal səyləri zəiflədir və beynəlxalq hüququn pozulmasını təşviq edir. Biz inanırıq ki, beynəlxalq ictimaiyyətin vahid və qətiyyətli mövqeyi Ermənistanın bu istiqamətdəki fəaliyyətini dayandırmaq və Rusiyaya qarşı tətbiq olunan sanksiyaların effektivliyini gücləndirmək üçün vacibdir. Ümid edirik ki, narahatlığımızı nəzərə alacaq və Ermənistanın Ukraynadakı münaqişəni daha da dərinləşdirməsinin qarşısını almaq üçün müvafiq tədbirlər görəcəksiniz. Biz sizə üz tutaraq təcili çağırış edirik: Rusiyanın sanksiyalardan yayınmasına Ermənistanın şərait yaratmasına imkan verməyi dayandırın!"

Qeyd edək ki, məktubu Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov, istefada olan general-mayor, Azərbaycan Respublikası Müharibə, Silahlı Qüvvələr və Əmək Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü Vladimir Timoşenko, İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Kəramət İsmayılov, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının İdarə Heyətinin sədri Nigar Ələsgərova, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli, "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov, İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Əyyub Kərimli, İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva və Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının sədri Günay Şahbazova imzalayıb.

0.30385899543762