Rusiya-Ukrayna müharibəsinə tezliklə yekun vurula bilər - Münaqişə ABŞ-də artıq qəbul edilmir

Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Amerika Birləşmiş Ştatlarının Kiyevi dəstəkləməsinin əleyhinə silsilə məqalələr yazan ABŞ-nin 40-cı prezidenti Ronald Reyqanın keçmiş müşaviri Daq Bandou növbəti dəfə analoji mövzu ilə gündəmə gəlib. Keçmiş müşavir bu dəfə konkret danışaraq münaqişədə ABŞ, Böyük Britaniya və ümumilikdə Qərbi ittiham edib. Onun sözlərinə görə, bu müharibədə çox sayda mülki şəxs həlak olur, bunun bədəlini Ukrayna və Rusiya xalqı ödəyir, lakin Ukraynaya dəstək verən ABŞ, Böyük Britaniya və ümumiyyətlə Avropanın burnu belə qanamır. Üstəlik, bu problemləri aradan qaldırmaq üçün nə qədər xərc və vaxt lazım olduğunu nəzərə aldıqda problemi təsəvvür etməmək mümkün deyil:

"Bizim hamımıza sülh lazımdır. Vladimir Putin Ukraynaya hücum etməkdə səhvə yol versə də, etiraf etməliyik ki, Ukraynanın müttəfiqləri - ABŞ, Avropa və NATO bu prosesdə günahkardırlar. Çünki onların Rusiyaya təminat verməsinə baxmayaraq, Moskva üçün son dərəcə vacib olan NATO-nun genişlənməməsi məsələsinə əməl edilmədi. Nəticədə müharibə başladı və Rusiyanı məhv etmək üçün Ukraynanı qurban verdik. Düşünürəm ki, bu uzunmüddətli perspektivdə sabitliyi pozan siyasətdir. Müharibəni dayandırmaq lazımdır. Bunun üçün ABŞ və Avropa Rusiya ilə təhlükəsizlik istiqamətində danışıqlar aparmalı, Ukrayna isə neytral mövqe tutmalıdır. Biz Ukraynaya daha çox pul və silah verib mübarizəni uzatmaq əvəzinə, münaqişəyə son qoymağa çalışmaq yollarını axtarmalıyıq".

Daq Bandounun açıqlaması artıq Birləşmiş Ştatlarda da Rusiya-Ukrayna müharibəsinin əsas səbəbkarının kim olduğuna dair konkret fikirlərin olduğunu və kimin məsuliyyət daşıdığını deməyə əsas verir. Düzdür, Bandounun respublikaçı olduğunu, noyabrın 5-də ABŞ-də keçiriləcək prezident seçkisində respublikaçıların namizədi Donald Trampın da xarici siyasət prioritetinin müharibəni bitirmək üçün Ukraynaya dəstəyi dayandırmaq olduğunu nəzərə alsaq, Bandounun tezisləri Trampa dəstək və daxili auditoriyada müharibəni dayandırmaq fikrilərinin qəbul edilməsinə zəmin formalaşdırmaq kimi də dəyərləndirilə bilər. Lakin reallıq dəyişmir: 2008-ci ildə Gürcüstanda, 2014-cü ildə Ukraynada, 2010-cu ildə Yaxın Şərqdə ("Ərəb baharı"), 2022-ci ildə isə yenidən hələ də davam edən Rusiya-Ukrayna müharibəsində Qərbin konkret rolunun olduğu artıq heç kimə sirr deyil.

Bu baxımdan, fikrimizi əsaslandırmaq üçün Rusiya-NATO gərginliyinin tarixinə nəzər salaq. Çünki ABŞ-nin rəhbərliyi altında NATO-nun Şərqə doğru genişlənməsi Rusiya ilə Qərb arasında əsas ziddiyyətli amillərdən biri olub. Rusiya bu prosesi özünə qarşı təhlükə hesab etdiyini Qərbin diqqətinə çatdırsa da, NATO Rusiyanın postsovet ölkələri üzərindəki təsirini tanımayıb və onları əməkdaşlığa cəlb edib. NATO ilə Rusiya arasında dəfələrlə əməkdaşlığa dair müzakirələr aparılsa da, 2000-ci ildə təsis sənədi imzalansa da, 2008-ci ildə Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyü təklif edilib rədd cavabı verilsə də, 2011-ci ildə Soçidə keçirilən görüşdə Rusiya ilə NATO arasında müdafiə və digər sahələrdə əməkdaşlığın davam etdirilməsi razılaşdırılsa da, 2014-cü ildə baş verən Ukrayna böhranı münasibətləri çıxış yolu olmayan mərhələyə daşıdı. Belə ki, Rusiyanın NATO-nun təhdidlərini dəf etmək bəhanəsi ilə Krımı ilhaq etməsi, üstəlik, Ukraynanın şərqində separatçı Donetsk və Luqansk "respublika"larının yaranması, NATO-nun da Rusiyanın bu addımını kəskin şəkildə qınayaraq Rusiya ilə müqavilələrə xitam verməsi "soyuq müharibə"nin bu günə qədər davam edən silahlı qarşıdurma ilə əvəzlənməsinə gətirib çıxardı.

Hazırda Ukrayna ərazilərinin 20 faizə qədərini itirib. Hər iki tərəfdən insan itkisi 100 minlərlədir. Texnika itkisi də günbəgün artır. Ukraynanı yenidən bərpa etmək üçün milyardlarla dollar vəsait lazımdır. Prezident Volodimir Zelenski isə ölkəsinin suverenliyi tam bərpa edilənə və Rusiya məğlub olana qədər müharibəni davam etdirməkdə israrlı olduğunu deyir. Qərbin Ukraynaya dəstəyi isə sadəcə, müharibənin uzanmasına gətirib çıxarıb. Çünki Ukrayna yeni ərazilər itirəndə, texnika və canlı itki sayı artanda Zelenski gileylənib sülhlə bağlı mesajlar verən kimi ABŞ yardımların miqdarını artırır. Məsələn, Zelenski Qərbin dəstəyindən gileylənəndə ABŞ Ukraynaya 61 milyard dollarlıq yardım aktını təsdiqlədi. Zelenski Putini sülh sammitinə dəvət edib, üstəlik, müharibənin sona çatması üçün taleyüklü qərarı Ukrayna vətəndaşlarının verməli olduğunu deyəndə "F-16" döyüş təyyarələrinin bir hissəsi Ukraynaya tədarük edildi. Bir sözlə, Qərbin və NATO-nun hamisi ABŞ yenə də qarşıdurmanın bitməsinə icazə vermədi. Hətta münaqişənin genişlənməsi üçün Ukrayna ordusu qəfildən bir ilkə imza atdı, Kurska hücum etməklə İkinci Dünya müharibəsindən sonra ilk dəfə olaraq Rusiyanın bir sıra ərazilərini nəzarətə götürdü. Nəticədə sülh danışıqlarının üstündən, demək olar ki, xətt çəkildi. Bu baxımdan, Ukrayna ilə Rusiya arasında sülh danışıqlarının hər dəfə gündəmdə olduğu bir dövrdə yeni gərginlik və edilən yardımlar Kiyevlə Moskva arasında Qərbin istədiyi sövdələşmənin əldə edilməsinə cəhd kimi dəyərləndirilməlidir. Çünki Qərbin məqsədi, onsuz da, Rusiyanı Ukrayna vasitəsilə məğlubiyyətə düçar edib, özünə qarşı zəif bir ölkəyə çevirməkdir. Prosesləri də məhz buna uyğun həyata keçirirlər.

Bu baxımdan, bütün dünyanın diqqəti noyabrda ABŞ-də keçiriləcək seçkinin nəticələrinə uyğun olaraq, Rusiya ilə Ukrayna arasında sülh müqaviləsinin imzalanıb-imzalanmayacağına yönəlib. Qərb tərəfindən açılan bu cəbhə gələcək perspektivdə elə Qərb tərəfindən sülh sazişi üçün yeni zəmin formalaşdırmaqdır. Yəqin ki, Daq Bandou və həmfikirlərinin bənzər bəyanatlarının da getdikcə artdığını müşahidə edəcəyik.

Mərahim Nəsib

0.16601800918579