Gəncədə sahibsiz itlər sakinlərin dincliyini əlindən alıb - ŞİKAYƏT

Gəncədə A.M.Şeyxzamanov küçəsində yerləşən 10-cu binanın həyətində sahibsiz itlər sakinlərin dincliyini əlindən alıb.

Bununla bağlı Bakunews.media-ın elektron ünvanına şikayət daxil olub.

Vətəndaş iddia edir ki, ötən gün axşam saat 10-dan sonra həyətdə iki nəfəri it tutub.

"Biri təxminən 25 yaşlı oğlan idi, o birinin yaşını, qaranlıq olduğu üçün müəyyən edə bilmədik. Amma biz eyvandan əlimizə düşəni atandan sonra oğlan itdən canını qurtara bildi. Həyətdə sürü ilə gəzirlər, nə qoca həyətə düşə bilir, nə uşaq. Özümüz də həyətə qorxa-qorxa girib-çıxırıq. Buna bir çarə edən yoxdur",- deyə şikayətçi yazıb.

Şikayətlə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə sorğu ünvanladıq.

Qurumun mətbuat xidmətindən Bakunews.media-ın sorğusuna cavab olaraq bildirilib ki, Gəncə Şəhər İcra Hakimiyyəti və Kəpəz Bələdiyyəsinin dəstəyi ilə sahibsiz küçə heyvanları üçün sığınacaq inşa edilərək, istifadəyə verilib.

"Bu günədək "Yuva" adlı sığınacağa xeyli sayda sahibsiz heyvan yerləşdirilib, peyvəndlənib və qısırlaşdırılaraq təkrar şəhər ərazisinə buraxılıb.

"Yuva" sahibsiz heyvanlar üçün sığınacaq ictimai əsaslarla fəaliyyət göstərir. Buraya eyni vaxtda yalnız 50 sahibsiz küçə heyvanını yerləşdirmək mümkündür. Hazırda sığınacaqda boş yer olmadığına görə buraya əlavə heyvan yerləşdirmək mümkün deyil.

Sahibsiz küçə heyvanları ilə bağlı məsələ Gəncə Şəhər İcra Hakimiyyətinin diqqətində saxlanılır və məsələnin həlli istiqamətində müzakirələr davam etdirilir", - deyə məlumatda qeyd olunur.

Əzizə İsmayılova

0.22491216659546