Zaxarova: "Qərb ölkələrinin Cənubi Qafqazla bağlı dağıdıcılıqdan başqa heç bir gündəmi yoxdur"
"Qərb ölkələrinin Cənubi Qafqaz regionu ilə bağlı dağıdıcılıqdan başqa heç bir gündəmi yoxdur".
Bakunews.media-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Fransa XİN başçısı Stefan Sejurnenin Ermənistana səfəri və Moskvanın İrəvana təzyiq göstərməyə çalışdığı barədə bəyanatlarını şərh edərkən bildirib.
"Burada nəyi şərh edim? Diplomatiya baxımından tamamilə istedadsız bir xadim ki, növbəti dəfə öz bacarıqsızlığını, tarixi, ənənələri bilmədiyini nümayiş etdirdi", - deyə M.Zaxarova News.ru-nun sualına cavab olaraq qeyd edib.
O əlavə edib ki, Qərb ölkələrinin siyasəti Cənubi Qafqazda sülhün təmin edilməsinə yönəlməyib.
"Onlara lazım olan yeganə şey bu regionun ölkələrini toqquşdurmaqdır. Onlar inkişafa, problemlərin həllinə kömək etmirlər, münaqişə tərəflərini ayırmaq üçün mazğalın qarşısına keçməyə hazır deyillər, başa düşürsünüz? Onlar yalnız toqquşdurmağa, qızışdırmağa, alçaltmağa, təhqir etməyə və dağıtmağa hazırdırlar. Səfər də bunun növbəti təzahürüdür", - deyə Zaxarova vurğulayıb.