Dövlət Departamentinin məntiqsizliyi - Ermənistanla ərköyün uşaq kimi davranılır

İkili standartlar və siyasi riyakarlıq ABŞ Dövlət Departamentinin əsas xüsusiyyətlərindən birinə çevrilir. Beynəlxalq müstəvidə proseslərə ikili yanaşma, ədalət prinsiplərindən uzaqlaşma son illər özünü daha qabarıq göstərir. ABŞ üzərinə götürdüyü öhdəliklərə nəinki əməl etmir, hətta BMT Nizamnaməsinin və digər beynəlxalq hüquq normalarının, eləcə də beynəlxalq təhlükəsizlik mexanizmlərinin gözdən salınması üçün əlindən gələni əsirgəmir.

Bu sırada ABŞ Dövlət Departamenti xüsusilə seçilib. Nəzarət etdiyi qurumlarla dövlətlərin daxili işlərinə qarışır, qarışıqlıq yaradır, sabitliyə qarşı çıxır, ölkələr arasında fərq qoyur, proseslərə ikili yanaşma sərgiləyir.

Dövlət Departamenti azərbaycanlı jurnalistin regionda Ermənistanın hərbiləşdirilməsi siyasətinin, ATƏT-in keçmiş Minsk qrupu ölkələrinin Ermənistanı dəstəkləməyə davam etməsinin və ABŞ və Avropa İttifaqının artan hərbi dəstəyinin Azərbaycanla Ermənistan arasında davam edən sülh sazişi danışıqlarına təsiri, o cümlədən Ermənistanla Rusiya arasında artan ticarət və hərbi əlaqələrin daha geniş regionda stabilliyə təhdid təşkil etməsi ilə bağlı sorğusuna cavabını da bu qəbildən saymaq olar. Bu cavab qərəzin və rəzilliyin pik həddinə bariz nümunədir.

ABŞ otuz ilə yaxın ATƏT-in keçmiş Minsk qrupunun həmsədri kimi Azərbaycanla Ermənistan arasında guya münaqişənin nizamlanması ilə məşğul olsa da, əslində, erməni lobbisinin maraqlarından çıxış edib. Münaqişənin dondurulmasına çalışıb və proseslərin belə qalmasında maraqlı olduğunu ortaya qoyub. Bu proses Qarabağ işğaldan azad olduqdan sonra da davam edib. Ermənistanı silahlandırması da bu qəbildəndir. İndi də azərbaycanlı jurnalistin sorğusuna cavab olaraq bildirilib ki: "ABŞ Ermənistanın özünün seçdiyi münasibətləri davam etdirməklə bağlı suveren hüququna hörmət edir".

ABŞ-nin Ermənistana yardımları artırmasına gəldikdə, qeyd edilib ki, bu, onun demokratik və iqtisadi inkişafını artırmağa, regional iqtisadiyyata inteqrasiyanı gücləndirməyə, ticarəti şaxələndirməyə və mənfi təsirlər qarşısında dayanıqlılığını gücləndirməyə xidmət edir. Qeyd olunub ki, Birləşmiş Ştatlar Azərbaycanın və Ermənistanın regionda təhlükəsizliyi və tərəqqini təmin edəcəyinə inanır, davamlı və layiqli sülh sazişinə nail olmaq səylərini dəstəkləyir: "Tərəflər razılaşmanın yekunlaşdırılması istiqamətində əhəmiyyətli irəliləyiş əldə ediblər və ABŞ bu prosesi istənilən şəkildə dəstəkləməyə sadiqdir".

Xatırladaq ki, Azərbaycan mediasında bundan əvvəl dərc olunan məlumatlarda ABŞ-nin Ermənistana silah verməsi foto və konkret marşrutlarla sübuta yetirilib. Amerikalı hərbçilər artıq Ermənistanda da yerləşiblər. Nə adla? Yəqin ki, sülhü təmin etmək üçün deyil.

ABŞ tərəfinin açıqlaması ziddiyyətlidir. Departamentin cavabından belə çıxır ki, ermənilərə xüsusi üstünlük verilir. Onlar kiminlə istəyirlər, dostluq edə bilərlər. Həm onlarla, həm də ruslarla əməkdaşlıq edə, silah tədarükü belə həyata keçirə bilərlər. Bəs başqası belə edəndə niyə ona qarşı çıxır, təzyiqlərlə hədələyirlər? Ortada Gürcüstan nümunəsi var. Uzun müddətdir, Gürcüstan Rusiyaya qarşı sanksiyalara qoşulmağa məcbur edilir. Amma Ermənistanın Rusiyaya qarşı Qərbin özünün sanksiyalarını pozmasına da, hərbi əməkdaşlığa da göz yumulur.

ABŞ-nin bu yanaşması bu ölkənin proseslərə qərəzli və ikili yanaşmasının təzahürü kimi qiymətləndirilməlidir.

Bir daha təsdiq olunur ki, ABŞ regionda gərginliyin qalmasında maraqlıdır. Rəsmi Vaşinqton Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına çalışmaqdansa revanşizmə, qərəzə və riyakarlığa üstünlük verir. Məsələn, avqustun əvvəllərində ABŞ Hərbi Hava Qüvvələrinin iki təyyarəsinin İrəvanın "Zvartnots" hava limanına enişi heç bir halda Cənubi Qafqazla bağlı xoş niyyətdən xəbər vermir. Bu barədə ilk məlumatı yayan Caliber.az analitik-informasiya portalının yazdığına görə, təyyarələrdə Ermənistana hərbi yük və ABŞ ordusunun şəxsi heyəti göndərilib. Sosial şəbəkələrdə bunun görüntüləri də yayılıb.

Qeyd edək ki, hərbi yük, əsasən, snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, xüsusi təyinatlılar üçün zirehli gödəkcələr, hücum mini-dronları, kiçikölçülü minalar və ABŞ ordusunda istifadə olunan digər döyüş sursatından ibarətdir. Ermənistana göndərilmiş şəxsi heyət isə əksəriyyəti ABŞ ordusunda xidmət edən erməniəsilli ABŞ vətəndaşlarından ibarətdir. Onlar Ermənistan ordusunun hərbi geyimi ilə təchiz olunub və Zəngəzurdakı hərbi bazada yerləşdiriliblər.

İkili yanaşmanın əsas səbəbi, şübhəsiz ki, erməni lobbisindan qaynaqlanır. Məhz lobbi hər vəchlə Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasına qarşı çıxır, revanşist qüvvələri yeni hərbi qarşıdurmaya cəlb etməyə çalışır. Halbuki, bu gün regionda yeni reallıq yaranıb. Bu reallıq Bakı ilə İrəvan arasında yekun sülh sazişinin imzalanmasını nəzərdə tutur.

Proseslərin inkişafı göstərir ki, ikitərəfli təmaslar, xüsusilə Azərbaycanın səyləri nəticəsində bu istiqamətdə müəyyən irəliləyiş əldə olunub. Amma bu, Vaşinqtonu narahat edir. ABŞ-nin bu narahatlığı isə aydın görünür. Ağ Ev bu təşvişini, istəsə də, gizlədə bilmir.

ABŞ-nin hədəfi bəllidir: Ermənistanı silahlandırmaqla onu Rusiyaya qarşı yönəltmək. Silahla təchizatın gücləndirilməsi Ermənistanda Ukrayna ssenarisinin həyata keçirilməsinə yönəlib. Bir sözlə, Ermənistan hərbi poliqona çevrilməkdədir.

"Report" İnformasiya Agentliyi

0.058248996734619