Uşaqlara qarşı cinayətlər: Cəzalar sərtləşdirilməlidir? - "Kaspi"nin şərhi
Uşaq qətlləri mövzusu Azərbaycan cəmiyyətində narahatlıqla qarşılanır. Yaxın keçmişdə ölkəmizdə tükürpərdici uşaq cinayətləri qeydə alınıb. Bəs uşaqlara qarşı cinayətlərin qarşısının alınması üçün hansı əlavə addımlar atıla bilər?
Türkiyənin Diyarbəkir vilayətində avqustun 21-də yoxa çıxan və 19 gün sonra kənd yaxınlığındakı dərə yatağında çuvalın içində cəsədi tapılan 8 yaşlı Narin Güranla bağlı cinayət işi geniş rezonans doğurub. Uşaq qətlləri mövzusu Azərbaycan cəmiyyətində də narahatlıqla qarşılanır. Belə ki, yaxın keçmişdə ölkəmizdə də tükürpərdici uşaq cinayətləri qeydə alınıb.
Bəs uşaqlara qarşı cinayətlərin qarşısının alınması üçün hansı əlavə addımlar atıla bilər?
Türkiyədə uşaq qatillərinə edam cəzasının verilməsi mövzusu getdikcə daha çox səsləndirilməyə başlayır. Bu, çarədirmi?
"Kaspi" qəzetinin mövzuya dair yazısını təqdim edirik.
"Edamın özü də ədalətli olmaya bilər"
"Təmiz dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın fikrincə, bəzən edam qərarı da ədalətli olmur:
"Ümumiyyətlə, hansısa hadisələrdə, əsasən də uşaq və qadınlara qarşı baş verən qətl hadisələrində emosional çıxış və təklifləri məqbul hesab etmirəm. Bu o demək deyil ki, baş verən hadisələrə biganəyəm. Sadəcə, edamın özünün ədalətli olub-olmaması ilə üz-üzə qalmağın təhlükəsindən narahatam".
Ekspert qeyd edib ki, edam, ya da ağır cəzalar heç də o silsilədən olan cinayətlərin törədilməsinin qarşısını almır:
"Tutaq ki, hansısa ölkələrdə oğurluq edənin qolunu kəsiblər. Lakin bu cəza oğurluğun qarşısını almağa kömək etmir. Mən zorakılıq törətmiş şəxslərə ömürlük cəzanın verilməsinin tərəfdarıyam. Keçmişə qayıtmaq yox, yeniliyi yaratmaq, təhlükəsizlik sistemini gücləndirmək, insanlara mədəni davranışı aşılamaq lazımdır. Uşaqları gözüaçıq böyütməmək, onları ətrafda baş verənlərdən təcrid etməklə biz onları real həyatda ola biləcək təhlükələrdən xəbərsiz edirik. Ailə münasibətlərində uşaqların bütün fikirlərini, problemlərini valideynlə bölüşməsi üçün normal mühit yaratmalıyıq".
"Əks halda bu kimi cinayətlər davam edəcək"
Millət vəkili Fazil Mustafa isə düşünür ki, uşaq qatillərinə ölüm hökmü verilməsi doğru yanaşmadır:
"Uşaq qatillərinə ölüm hökmü kəsilməlidir. Bəzi cinayətlərdə bu addımın atılmasını düşünə bilərik. Xüsusilə, hamilə qadınların öldürülməsi, uşaq cinayətləri kimi qətllərdə ölüm hökmü nəzərdə tutula bilər. Lakin bu, əvvəlcə ictimai müzakirədən keçməlidir. Çünki dövlətin cəza siyasətində qəbul etdiyimiz müəyyən öhdəliklər var. Bu öhdəliklərdən də yayınmaq olmaz. Bütün hallarda bu cür cinayətlərə görə cəzalar ciddiləşməlidir. Ümumiyyətlə, cəmiyyətin bu məsələlərdə həssaslığı çox önəmlidir. Türkiyədə də biz bu həssaslığı görürük. Lakin bu, çox vaxt keçici həssaslıq olur. Şərq toplumlarında insanların hər məsələyə emosional baxışı var. Bu məsələləri qalıcı problem kimi saxlamaq üçün ilk növbədə təhsil sistemi mükəmməl olmalıdır. Uşaqlara qarşı cinayət törədənlərin əksəriyyəti məhz cəmiyyətin tərbiyə etmədiyi, dəyərləri mənimsəməmiş insanlardır. Biz elə etməliyik ki, bu dəyərləri mənimsəyən, insan azadlığına, uşaq və qadın haqlarına hörmətlə yanaşan cəmiyyət formalaşdıraq. Hər şeyin əsası budur. Əks halda bu kimi cinayətlər davam edəcək".
"Deməli, biz ölüm hökmünü bərpa edə bilərik"
"Polisə Dəstək" İctimai Birliyinin sədri, təqaüddə olan polis polkovniki Şəmsəddin Əliyev də düşünür ki, uşaq cinayətləri cəmiyyət üçün ciddi problemdir. Onun fikrincə, bəzi hallarda edam cəzası tətbiq edilməlidir:
"Xüsusi amansızlıqla qətl törədənlərə, təcavüz edənlərə qarşı ölüm hökmünün çıxarılmasının tərəfdarıyam. Bu, cəmiyyətdə sağlamlığın qorunması üçün həb ola bilər. Bəzən deyirlər ki, bizdə ölüm hökmü ləğv olunub, amma elə deyil. Azərbaycan Konstitusiyasının 27-ci maddəsində vətəndaşın yaşama hüququna hansı hallarda xitam verilməsi göstərilib. Vətəndaşların həyat və sağlamlıqlarına qarşı törədilən cinayətlərə, dövlətin konstitusion quruluşuna qarşı törədilən cinayətlərə, xüsusilə, ağır cinayətlərə görə ölüm hökmü tətbiq edilə bilər. Ölkənin konstitusiyasına dəfələrlə edilən dəyişikliklərə, əlavələrə baxmayaraq, 27-ci maddəyə hər hansı bir dəyişiklik edilməyib. Deməli, biz ölüm hökmünü bərpa edə bilərik. Ölüm hökmünün bərpası zamanın və cəmiyyətin tələbidir".
"Məktəbdə, bağçada maarifləndirmə işləri gücləndirilməlidir"
Psixoloq Fərqanə Mehmanqızı da edam cəzalarında bəzən günahsız şəxslərin qurban olduğunu düşünür:
"İnsanlarda aqressiya, şizofreniya halları da artıb. Aqressiyanın da dərəcəsi var. Bu hadisələrin qarşısını almaq üçün məktəbdə, bağçada maarifləndirmə işləri gücləndirilməlidir. Edam cəzasına gəlincə, kim zəmanət verə bilər ki, cinayət səhv yöndə araşdırılmayacaq və günahsız insan edam edilməyəcək?"
Psixoloqun fikrincə, əgər bu gün cəmiyyətdə, mediada qətl haqqında rahat danışılırsa, bu hallar artacaq:
"Sosial mediada cinayətlərdən, intihardan, şiddətdən danışıldıqca kütlədə bu cinayətlərə haqq qazandıranlar da olacaq. Biz nə qədər "yoxdur" desək də, var. Cinayətə haqq qazandıranlar olmasa, cinayətlər olmaz. Aramızda psixoloji problemləri olanlar, şizofreniya xəstələri, natamamlıq kompleksi altında əzilənlər çoxdur. Çox danışılan mövzular cəmiyyətdə adiləşir. Biz bu cinayətləri adiləşdirdikcə daha çox təkrarlanırlar".
"254 uşaq məişət zorakılığına məruz qalıb"
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin Məişət zorakılığının qarşısının alınması sektorunun məsləhətçisi İradə Məmmədova bildirir ki, komitəyə daxil olan hər bir müraciət nəzarətə götürülür, zərər çəkmiş şəxslərə dəstək məqsədilə dövlət orqanları arasında əlaqələndirmə həyata keçirilir. Onun sözlərinə görə, 2024-cü ilin ilk yeddi ayı ərzində komitəyə məişət zorakılığı ilə bağlı 339 müraciət daxil olub. Məişət zorakılığına məruz qalanlardan 25-i kişi, 303-ü qadın, 254-ü uşaq olub.