Turşunu evdə hazırlayaq, yoxsa hazır alaq?
Soyuq aylarda yay və payız mövsümü boyunca qış tədarükü üçün hazırlanan turşular süfrələrimizi bəzəyir. Havaların sərinləşməsi turşu mövsümünün başlamasından xəbər verir. Adətən, ilin bu vaxtlarında kələm, pomidor, xiyar, çuğundur, sarımsaq, göy pomidor və sair həm bol, həm də ucuz olur. Amma bu il vəziyyət fərqlidir. Bazarlarda nə əvvəlki bolluq, nə də ucuzluq müşahidə edilir. Demək olar ki, ötən illə müqayisədə qiymətlər iki dəfə artıb. Bəs, görəsən, mövcud vəziyyət turşu bazarına necə təsir göstərib? Qiymətlər hansı səviyyədədir? Evdə turşu hazırlamaq, yoxsa bazardan, marketdən almaq daha sərfəlidir?
"Kaspi" qəzetinin yazısında bu və digər suallara cavab tapmaq mümkündür.
Azərbaycan mətbəxində adətən pomidor, kələm, xiyar, badımcan, bibərdən hazırlanan turşulara üstünlük verilir. Turşu üçün lazım olan ərzaqların qiymətinə gəlincə, hazırda bazarlarda kələmin bir kiloqramı 70 qəpiyə, çuğundur 90 qəpik-bir manata, kök 1-1.20 manata, sarımsaq 5-6 manata, göy pomidor 1.60-1.80 manata, badımcan 70 qəpik-bir manata, pomidor 1.80-2.80 manata, xiyar 65 qəpik-bir manata, acı bibərin kiloqramı 2 manata, şirin bibərin kiloqramı isə 2.50-3.50 manata təklif olunur. 450 millilitr üzüm sirkəsinin qiyməti isə 80 qəpikdən başlayır.
Yeddi ilə yaxındır ki, turşu biznesi ilə məşğul olan ev xanımı Sədaqət Seydimova da qiymətlərdən narazıdır. Onun sözlərinə görə, məhsulların bahalığı turşuların hazırlanmasına çəkilən xərci xeyli artırıb: "Bu il bazarda əvvəlki illərdəki bolluq yoxdur. Məhsul aldığım topdansatış yerləri də rayonlarda malın az olduğunu deyirlər. Ötən il 30 kiloqramlıq pomidor yeşiyini 11-12 manata alırdımsa, bu il 35 manatdan almışam. Hava şəraitinin qeyri-sabit keçməsi məhsuldarlığa mənfi təsir göstərib. Məhsul az olduğundan qiymət də bahadır. Nəticədə turşu hazırlanmasına çəkilən xərc artıb".
Amma həmsöhbətimiz qeyd edib ki, qiymətlərin baha olmasına baxmayaraq, turşunu evdə hazırlamaq daha sərfəlidir: "Marketlərdə, bazarlarda qiymətlər gündən-günə bahalaşır. Elə məhsullar var ki, onların turşusunu evdə hazırlamaq sərfəlidir. Məsələn, üç kiloqramlıq kələm turşusunu hazırlamaq üçün xanımlara təxminən 4-5 manat lazımdır. Amma mağazalarda bu məhsul 10-12 manata təklif olunur. Həm də mağazadan alınan məhsul evdə hazırlanan qədər ləzzətli olmur".
Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, evdə konservləşdirilmiş məhsul hazırlamaq istəyənlər bir sıra məqamlara diqqət etməlidirlər: "Evdə hazırlanan konservləşdirilmiş məhsullar üçün seçilən meyvə-tərəvəz mütləq şəkildə mövsümi və yerli olmalıdır. Heç bir halda xarab və ya əzilmiş olanlardan istifadə etmək olmaz. Konservləşdirmə üçün istifadə olunan qab xüsusilə şüşə banka olmalı, təmiz şəkildə yuyularaq steril edilməlidir. Qapaqlar daxildən qalaylanmış şəkildə və təzə olmalıdır. Həmçinin, həmin tərəvəzlərdən turşu qoyularkən mütləq şəkildə onun hazırlanma prosesində iştirak edən insanın sağlamlıq durumu, əlləri gigiyenik qaydada təmiz olmalı və açıq yara olmamalıdır".
Ekspert vurğulayıb ki, evdə hazırlanan turşular sərin, qaranlıq, quru yerdə uyğun şəkildə saxlanmadıqda qapaqda şişmələr olur və həmin məhsulu qətiyyən istifadə etmək tövsiyə olunmur: "Bəzən bu kimi məhsulların qapağını açarkən üzərində kiflənmiş möhtəviyyat olur və onu təmizləyib yenidən istifadə edirlər. Bu, birmənalı şəkildə yolverilməzdir. Əgər bankanın hər hansı bir hissəsindən məhsul kiflənibsə, bu, məhsulun tamamilə istifadəyə yararsız olduğunu göstərir. Həmin məhsulun tərkibində olan klostridium botulinum adlanan maddə var ki, bu, çox toksik təsirə malikdir, hətta ölümə qədər gətirib çıxara bilər".
Qida texnoloqu Ağa Salamov isə turşu hazırlığına ehtiyac görmür. Onun fikrincə, artıq ilin bütün fəsillərində satışda təzə tərəvəzlər olduğundan turşudan istifadəyə ehtiyac qalmır: "O vaxt turşuları mövsümi meyvələr olmadığı üçün bağlayırdılar. İndi ilboyu marketlərdə pomidor, xiyar və digər tərəvəzlər satılır. Ona görə də onların turşusunu bağlamağa ehtiyac yoxdur. Ola bilər ki, kimlərsə duzlu qidaları sevir. Həmin insanlar turşu tədarükü görə bilərlər. Amma nəzərə almaq lazımdır ki, ötən illə müqayisədə qiymətlər bahalaşıb. Bu, inflyasiya ilə bağlıdır. Xüsusilə istixanalara çəkilən xərclər artıb. Petsitlərin qiymətinin baha olması, dərmanlama prosesinə çəkilən xərclər istixanalarda yetişdirilən tərəvəzlərin qiymətini artırır. Nəticədə bazarda qiymət artımı müşahidə olunur. Bu, turşuların hazırlanmasına çəkilən xərcləri artırır".
A. Salamov bu fikirdə olsa da, ev şəraitində turşu tədarükünün tərəfdarıdır: "Təbii ki, marketdən, bazardan almaq daha az xərc tələb edir. Əslində, qida təhlükəsizliyini nəzərə almaqla, mən evdə turşu qoyulmasının tərəfdarıyam. Düzgün texnologiya və saxlanma, qapaqların kip şəkildə bağlanılması şərti ilə ev şəraitində hazırlanan turşu daha ləzzətli və dadlı olur. Sənaye üsulu ilə qoyulan turşular da yaxşıdır. Bu turşular daha təhlükəsiz hesab olunur, çünki hazırlanma prosesinə texnoloqlar tərəfindən nəzarət edilir. Qida təhlükəsizliyi baxımından da etibarlı sayılır. Qiymətlərə gəlincə, evdə turşu hazırlamağın sənaye üsulu ilə hazırlanan məhsullara nisbətən maliyyəsi daha yüksək olur. Evdə biz tonlarla turşu hazırlamırıq, amma turşu istehsalı ilə məşğul olan zavodlar xammalı tonlarla aldığından daha ucuz qiymətə əldə edirlər. Bu baxımdan maliyyə xərcləri aşağıdır, satış qiymətləri də münasib olur. Evdə hazırlanmanın əziyyətini də nəzərə alsaq, tövsiyə edərdim ki, marketdən alsınlar. Lakin kimsə əziyyət çəkmək istəyirsə, xərclərə baxmayaraq evdə hazırlaya bilər".