COP29-un prezidenti: "Biz Paris Sazişinin bütün sütunlarını inkişaf etdirmək üçün çalışmalıyıq"

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Katibliyinin sorğusuna əsasən, ilin sonuna kimi 100-dən çox ölkənin öz İkiillik Şəffaflıq Hesabatlarını (BTR) təqdim edəcəyi gözlənilir.

"Report"un ABŞ bürosu xəbər verir ki, bunu COP29-un müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev BMT Baş Assambleyasının 79-cu sessiyasında "Yüksək Səviyyəli Həftəsi" çərçivəsində COP29 Sədirliyinin əv sahibliyi ilə keçirilən Qlobal İqlim Şəffaflığı üzrə Yüksək Səviyyəli Forumda çıxışı zamanı deyib.

Nazir çıxışında iqlim dəyi­şikliyi ilə mübarizədə qlobal həmrəyliyin vacibliyinə və səylərin artırılmasına diqqət çəkib. O, Bakıda keçirilən iqlim dəyişikliyinin mənfi təsirlərinə xüsusi həssas­lıqla yanaşan inkişaf etməkdə olan ölkələrə yardım məqsədilə yaradılmış İtki və Zərərə Cavab Fondu İdarə Heyətinin 3-cü ic­lasında mühüm irəliləyiş əldə olduğunu bildirib:

"Həmin iclasda vəsaitlərin verilməsinin əsasını uğurla qoyduq. Bakıdakı bu sıçrayış iqlim dəyişikliyi ilə bağlı fəaliyyətə imkan verən mühüm addımdır. Biz Paris Sazişinin bütün sütunlarını inkişaf etdirmək üçün çalışmalıyıq. Bu il çox mühüm ildir, çünki COP29-a qədər İkiillik Şəffaflıq Hesabatlarını (BTR) təqdim edəcəklər. BTR-lər və daha geniş təkmilləşdirilmiş şəffaflıq çərçivəsi tərəqqinin izlənilməsi və etimadın yaradılması üçün çox vacibdir, çünki biz Paris Sazişi və BƏƏ Konsensusu daxil olmaqla, mövcud öhdəliklərimizi həyata keçirməyə çalışırıq. Bu həm də bizə boşluqları qiymətləndirməyə və maliyyə ehtiyaclarını müəyyən etməyə imkan verir. Bu, öz növbəsində iqlim maliyyəsinin kilidini açmağa və istiqamətləndirməyə kömək edəcək".

COP29-un müəyyən olunmuş prezidenti COP gündəminin uğurlu fəaliyyəti üçün üç əsas məsələnin tamamlanması üçün çağırış edib: "ilk öncə biz bütün tərəfləri dekabr ayınadək öz BTR-lərini COP29-a qədər təqdim etməyə çağırırıq ki, bu, hamımıza inam və ilham versin. İkincisi, biz COP ailəsini Bakı Qlobal İqlim Şəffaflığı Forumunun təklif etdiyi dəstək və resurslardan tam yararlanmağa dəvət edir və bu mövzuda iştirak etmək niyyətinizi açıq şəkildə bəyan etməyə təşviq edirik. Üçüncüsü və nəhayət, biz sizləri şəffaflıq haqqında bəyannaməni razılaşdırmaq və imzalamaq üçün COP29-un özündə Nazirlər səviyyəsində görüşə dəvət edirik".

0.074784994125366