Vətən müharibəsi şəhidlərinin xatirəsi bölgələrdə anılıb

44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi, ölkəmizin bütün bölgələrində olduğu kimi, işğaldan azad edilmiş Şuşa şəhərində də ehtiramla yad olunub. Anım tədbirində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, məktəblilər, doğma yurdlarına qayıtmış Şuşa sakinləri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasim iştirakçıları Şuşa şəhərindəki Şəhidlər xiyabanında xatirə lövhəsinin önünə gül dəstələri qoyublar. Şəhidlərin xatirəsi yad olunub, ruhlarına dualar oxunub. Sonra məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.

Ölkəmizin bütün ərazisində olduğu kimi, Şuşa şəhərində də saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sumqayıt şəhərində Vətən müharibəsi şəhidlərinin xatirəsi yad olunub.

"Report"un yerli bürosunun məlumatına görə, 27 sentyabr - Anım Günü ilə bağlı Sumqayıt Şəhidlər xiyabanında keçirilən tədbirdə şəhər rəhbərliyi, deputatlar, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak edib.

27 sentyabr - Anım Günü ilə bağlı Sumqayıt şəhərində saat 12:00-da Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Mərasim iştirakçıları öncə Qalib əsgər abidəsi önünə əklil və gül dəstələri qoyublar, şəhidlərin xatirəsini ehtiramla yad ediblər. Daha sonra Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda həlak olan qəhrəmanların məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.

Muğan zonası rayonlarında 27 Sentyabr - Anım Günü münasibətilə silsilə tədbirlər keçirilir.

"Report"un Muğan bürosunun məlumatına görə, Cəlilabad, Biləsuvar və İmişli rayonlarında yerli rəhbərlik, idarə və müəssisə əməkdaşları, şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər.

Baş tutan ziyarətlər zamanı şəhid məzarlarının önünə gül dəstələri qoyulur, dualar oxunur, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan qəhrəmanların ruhu minnətdarlıqla anılır.

Qeyd olunan rayonlarda saat 12:00-da Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

27 Sentyabr - Anım Günü münasibətilə Naxçıvan Muxtar Respublikasında (MR) silsilə tədbirlər keçirilir.

"Report"un yerli bürosunun məlumatına görə, sentyabrın 27-də muxtar respublikanın nazirlik, komitə, idarə, müəssisə və təşkilatlarında çalışanlar, ictimaiyyət nümayəndələri 44 günlük Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edirlər.

Naxçıvan şəhərində və muxtar respublikanın digər yaşayış məntəqələrində baş tutan ziyarətlər zamanı məzarların önünə gül dəstələri qoyulur, dualar oxunur, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin ruhu minnətdarlıqla anılır.

27 sentyabr - Anım Günündə Füzuli rayonunda geniş tədbir keçirilib.

"Report"un məlumatına görə, Anım Günü Füzuli şəhərində 44 günlük Vətən müharibəsinə həsr olunan abidənin ziyarəti ilə başlayıb.

Tədbirdə Prezidentin Ağdam-Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəliyinin, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa-Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, Füzuli şəhərində məskunlaşan sakinlər, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, rayonda fəaliyyət göstərən idarə və müəssisələrin əməkdaşları iştirak ediblər.

0.066729068756104