Vətən müharibəsinin üçüncü günü - Düşmənin "S-300" zenit raket qurğusu sıradan çıxarılır

2020-ci il sentyabrın 29-u - Azərbaycanın azadlıq savaşının üçüncü günü. Ordumuzun gücü və qüdrəti hesabına tarixi ədalət bərpa olunur. Düşmən tapdağında olan torpaqlarımızın azad edilməsi uğrunda əks-hücum əməliyyatı davam edir. Azərbaycan Ordusunun zərbələri qarşısında aciz qalan Ermənistan rəhbərliyi və ordusu müxtəlif dezinformasiyalar yayaraq daxili auditoriyanı və beynəlxalq ictimaiyyəti çaşdırmağa davam edir.

Bakunews.media xatırladır ki, müharibənin üçüncü günü Ermənistan silahlı qüvvələri Basarkeçər rayonundan Daşkəsən rayonunu atəşə tutub. Düşmənin dinc əhalinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində Ağdamın Qaradağlı kəndində tibb məntəqəsinə düşən top mərmisinin qəlpələrindən kənd sakini həlak olub, məntəqənin binası dağılıb, ərazidəki sakinlər təxliyə ediliblər. Ümumilikdə isə müharibənin ilk üç günündə dinc əhali arasında erməni terrorunun qurbanlarının sayı 12-yə çatıb, 35 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 66 yaşayış məntəqəsi, səkkiz mülki obyekt yararsız vəziyyətə düşüb, çoxsaylı xırda və iribuynuzlu heyvanlar tələf olub.

Düşmənin təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun bölmələri düşmənin canlı qüvvələrini, hərbi obyektlərini, döyüş texnikalarını məhv edib. Xocalı rayonunun Şuşa kəndi ərazisində düşmənin bir ədəd "S-300" zenit raket qurğusu sıradan çıxarılıb.

Lakin əldə etdiyimiz uğurlar yalnız döyüş meydanında deyil, diplomatiya və informasiya cəbhəsində də davam edib. Belə ki, sentyabrın 29-da "Rossiya-1" telekanalında yayımlanan "60 dəqiqə" proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan veriliş efirə gedib. Verilişdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan aparıcıların suallarını cavablandırıblar. Prezident İlham Əliyev aparıcıların suallarına faktlarla, Ermənistanın baş naziri Nikol Paşinyan isə yalan və saxta ittihamlarla cavab verib, daha dəqiq desək, özünü açıq-aşkar aciz vəziyyətə salıb. Bu, müharibənin üçüncü günündə qələbəmizin daha bir təntənəsi kimi yadda qalıb.

Mərahim Nəsib

0.12177491188049