Beynəlxalq konfransın iştirakçıları Həmkarlar ittifaqlarının fəaliyyəti barədə məlumatlandırılıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov "İqlim dəyişmələri və ədalətli keçid: həmkarlar ittifaqlarının rolu və fəaliyyətləri" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda iştirak etmiş beynəlxalq təşkilatların rəsmiləri ilə görüşüb.
AHİK-dən AZƏRTAC bildiriblər ki, Beynəlxalq Əmək Təşkilatının (BƏT) İşçilərin fəaliyyətləri üzrə bürosunun direktoru xanım Maria Helena Andrena, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK) Baş katibinin müavini Erik Manzi və Pan Avropa Regional Şurasının (PARŞ) prezidenti İqor Zubko ilə görüşən S.Məmmədov ölkəmizdə səfərdə olan qonaqlara Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyəti barədə məlumat verib. AHİK sədri ölkəmizdə insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunması, vətəndaşlarımızın əmək hüquqları ilə bağlı qanunvericiliyin bizim sərbəst və məhsuldar fəaliyyətimizə geniş imkanlar açdığını diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanın həmkarlar ittifaqları hazırda üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini etibarlı şəkildə müdafiə edir.
AHİK-in beynəlxalq əlaqələrindən də bəhs edən S.Məmmədov bu sahəyə xüsusi önəm verdiklərini, konfederasiyanın fəaliyyətində bundan sonra da qabaqcıl beynəlxalq standartlara və mütərəqqi təcrübələrə əsaslanacaqlarını deyib.
O vurğulayıb ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə Beynəlxalq Əməkdaşlıq Təşkilatının (BƏT) qarşılıqlı etimada əsaslanan geniş münasibətləri var, qurumun konvensiyaları ölkəmizdə geniş tətbiq olunur, eyni zamanda, Azərbaycan həmkarlar ittifaqlarının nümayəndələri təşkilatın hər il keçirilən sessiyalarında iştirak edirlər.
S.Məmmədov, həmçinin Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) bəyannamələrinin, qəbul etdiyi qərarların, habelə tapşırıq və tövsiyələrinin AHİK üçün önəmini və iki qurum arasında əməkdaşlığın qənaətbəxş səviyyədə olduğunu qeyd edib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Pan Avropa Regional Şurasında (PARŞ) təmsil olunmasının AHİK-in səmərəli fəaliyyəti üçün geniş imkanlar açdığını vurğulayan konfederasiya sədri bu qurumla daha da dərinləşməsi istiqamətində fəal iş aparacaqlarını bildirib.
Görüşlərdə qonaqlar Bakıda olmaqdan, şəhərin gözəlliyini və ölkəmizin inkişafını görməkdən çox şad olduqlarını bildiriblər. Qeyd olunub ki, paytaxtınızda keçirilən "İqlim dəyişmələri və ədalətli keçid: həmkarlar ittifaqlarının rolu və fəaliyyətləri" mövzusunda beynəlxalq konfransda aparılan müzakirələr, təcrübə mübadiləsi və əldə olunacaq nəticələr onların sonrakı fəaliyyətinə müsbət təsir göstərəcək.
Həmçinin AHİK-in fəaliyyətini yüksək dəyərləndirən qonaqlar bildiriblər ki, təşkilat yeni inkişaf reallıqlarına və müasir çağırışlara əsaslanaraq üzvlərinin hüquqlarını layiqincə qoruyur.
Görüşlərdə qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən gələcək əməkdaşlıq planları barədə də fikir mübadilələri aparılıb.