Ölkənin ideoloji təhlükəsizliyinin təmin olunması üçün görülən tədbirlər genişləndirilməlidir

"Ölkənin suverenliyini təmin etsək də, Azərbaycana qarşı xarici təhdidlər davam etməkdədir".

Bu fikri "Report"a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov deyib.

O bildirib ki, ideoloji müharibə döyüş meydanında aparılan savaş qədər təhlükəlidir:

"Döyüş meydanlarında aparılan müharibələr hər hansı bir ərazinin işğalı üzərində qurulursa, ideoloji müharibə bütövlükdə bir dövlətin və cəmiyyətin məhvinə hesablanıb. Ölkəmiz müstəqillik illərində keşməkeşli, ağır bir yol qət etməli olub. Düşmənlərimiz ərazilərimizin iyirmi faizini işğal etdikləri kimi, müəyyən xarici dairələr də dövlət müstəqilliyimizi əlimizdən almaq üçün ölkə daxilində ayrı-ayrı ünsürləri cücərtməyə çalışıblar. Belə ki, separatizm və dini radikalizm toxumları səpilib, xaricdən maliyyələşən QHT və media qurumları vasitəsilə insanların yaddaşlarını yumağa çalışıblar. Amma 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı dövlətimizi zəiflətməyə və parçalamağa çalışan xarici düşmənlərin sifarişlərinin icraçılarının da meydanını daraltdı. Məhz ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi azərbaycançılıq ideologiyası xalqımızı birləşdirdi və daha mübariz etdi".

A.Badamov deyib ki, ideoloji sahədə ənənəvi təzyiq vasitələrinin effektivliyini itirdiyini görən xarici dairələr artıq yeni siyasi texnologiyalardan istifadə edirlər:

"Belə ki, gənclərin psixologiyasını pozmaq üçün LGBT, "No War" və digər bu kimi zərərli meyilləri aşılamaqla gəncləri ələ almaq və onlarda kosmopolit dünyagörüşü formalaşdırmaq cəhdləri davam etməkdədir.

Sentyabrın 23-də yeni seçilmiş yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edən Prezident İlham Əliyev demişdi:

"Digər vacib vəzifələr ideoloji təhlükəsizliklə bağlıdır və burada da biz daim diqqətli olmalıyıq. Çünki bizə qarşı ideoloji təxribatlar davam edir. Düzdür, onların bu günə qədər heç bir nəticəsi olmayıb, çünki bunların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır. İstənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür. Ancaq bu, bizi sakitləşdirməməlidir. Ona görə biz buna daim hazır olmalıyıq və bizə qarşı aparılan çirkin oyunları ifşa etməliyik, necə ki, edirik, həm rəsmi, həm ictimai, həm də media məkanında".

Dövlət başçısının qeyd etdiyi kimi, ideoloji təhlükəsizliyin təmin olunması üçün görülən tədbirlər genişləndirilməlidir. Biz milli ruhda tərbiyə olunmuş gənc nəslin böyüməsinə diqqəti artırmalıyıq. Burada ailə, məktəb və cəmiyyət əsas rol oynayır. Bütün bu istiqamətlərdə düzgün qurulmuş siyasət sağlam gəncliyin yetişməsini və ölkənin xarici ideoloji təhlükələrdən qorunmasını təmin edir".

Parlament səviyyəsində də bu istiqamətdə işlərin davamlı şəkildə aparılmasının vacibliyini vurğulayan deputatın sözlərinə görə, Milli Məclisin payız sessiyasının ikinci iclasında müzakirəyə çıxarılan Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyanın yaradılması da bu istiqamətdə atılan addımlardan biridir:

"Həmin komissiyanın fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı qəbul olunmuş qanun layihəsi xüsusi əhəmiyyət kəsb edir. Artıq ölkənin ali qanunvericilik hakimiyyəti səviyyəsində bu məsələ diqqətdə saxlanılacaq. Ümumiyyətlə, qeyd etmək istəyirəm ki, müasir informasiya kommunikasiyaları əsrində xarici müdaxilələrin ölkə daxilinə təsir imkanları çoxalıb. Amma xarici təhdidlərə və hibrid müdaxilələrə qarşı vaxtında müvafiq tədbirlər görüləndə ölkənin daxili ictimaiyyəti təhlükələrdən qorunmuş olur".

1.0469999313354