Azərbaycan qalib dövlət olaraq öz şərtlərini və tələblərini diktə edir - "Kaspi"nin TƏHLİLİ

Tarixi günlər yaşayırıq. Artıq hansısa görüşlərdə, tədbirlərdə ermənilərin torpaqlarımızı işğal etməsi, sərhədlərimizin bütövlüyünün, suverenliyimizin pozulması kimi keçmişdə qalmış məsələləri müzakirə etmirik. İndi qalib xalq olaraq düşüncəmiz, davranışımız kimi hədəflərimiz, fikirlərimiz də dəyişib. Bir zamanlar bizə yuxu kimi gələn hədəflər indi sanki əl uzatsaq götürə biləcəyimiz qədər yaxın görünür. Yuxarı Qarabağ, Şərqi Zəngəzur artıq yurd yerlərindən didərgin salınmış övladlarına qovuşur, bu torpaqlarda yeni həyat canlanır. Artıq hədəf Qərbi Azərbaycandır. İndiki Ermənistan dövlətinin yaradıldığı tarixi torpaqlarımız.

"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.

O torpaqlar unudulmayıb

Təbii ki, Azərbaycan yeni hədəfinə doğru hansısa müharibə və güc tətbiqi ilə irəliləməyəcək. Bunun belə olmayacağını Azərbaycanın ali rəhbərliyi dəfələrlə bəyan edib.

Yeri gəlmişkən, həftənin əvvəlində Qərbi Azərbaycana qayıdış məsələsi Prezident İlham Əliyev tərəfindən növbəti dəfə qaldırıldı.

Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı, əslən göyçəli olan Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edən Prezident xalqımızın XX əsrdə üç deportasiya dalğasına məruz qaldığını bildirdi: "1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları - 1990-cı illərin əvvəllərində üçüncü deportasiya baş vermişdir. İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmış, yəni, hamısı olmasa da, böyük bir qisim qayıtmışdır. Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var. Əlbəttə ki, Vətən sevgisi, o torpaqlar unudulmayıb və unudulmayacaq, o torpaqları görməyən Qərbi azərbaycanlıların sonrakı nəsilləri Vətən həsrəti ilə yaşayırlar".

"Hər şey bizim əlimizdədir"

Təbii ki, ölkənin ali rəhbərliyinin müəyyənləşdirdiyi hədəflərə çatmaqda ən başlıca amil Azərbaycan xalqının əyilməz ruhu, liderinə olan inamı və öz tarixi vətənlərinə bağlılığıdır. Dövlət başçısının da bildirdiyi kimi, biz bu ruhu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük: "O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü gözləyirlər, Böyük Qayıdış proqramının icrasını səbirsizliklə gözləyirlər. Əslində, bu proqram artıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Mən əminəm ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik. Çünki bu gün Şuşada, Laçında, Xankəndidə, Xocalıda, Füzulidə uşaqlar, məktəblilər məktəbə gedirlər. Birinci dərs günü bunu göstərdi. Yəni, sözün əsl mənasında, bütün bu bölgələrdə və bütün Azərbaycanda bayram ab-havası idi. Qərbi Azərbaycandan olan soydaşlarımız da əminəm ki, eyni hissləri yaşayacaqlar. Hər şey bizim əlimizdədir".

Azərbaycan öz şərtlərini diktə edir

Bəli, Azərbaycan qalib dövlət olaraq öz şərtlərini və tələblərini diktə edir. Bu tələblər əslində heç bir zorakılığa, güc tətbiqinə əsaslanmır. Biz hüquqları pozulmuş, soyqırımına, deportasiyaya məruz qalmış yüz minlərlə soydaşlarımızın qayıdış hüququnun tanınmasını, onların təhlükəsizlik şəraitində dədə-baba yurdlarında yaşamının təmin olunmasını istəyirik. Qarşı tərəfin bütün təkidlərinə, etirazlarına, hətta siyasi oyunlarına baxmayaraq Qərbi Azərbaycana qayıdış hüququnu heç kim, hətta Bakıya qarşı ikili standartların beşiyi olmuş beynəlxalq təşkilatlar belə inkar edə bilmirlər. Çünki tələbimiz ədalətlidir, haqlıdır. İrəvanı və onun havadarlarını da ən çox qorxuya salan məqam məhz budur. Azərbaycanın hər zaman olduğu kimi, bu məsələdə də güclü tərəf olması. Hansı ki, vaxtilə Yuxarı Qarabağ və Şərqi Zəngəzurun işğalına son qoyarkən beynəlxalq aləm bu reallıqla barışmaq və Bakının yaratdığı geosiyasi durumu qəbul etmək məcburiyyətində qaldı. Əslində belə də olmalı idi.

Hədəflər düzgün seçilməsə

Yuxarıda qeyd etdiyimiz kimi, artıq yeni hədəfimiz bəllidir - Qərbi Azərbaycana qayıdış. Dövlət başçısının da vurğuladığı kimi, biz hər dəfə qarşıya hədəflər qoymalıyıq: "Bu hədəflər həm stratejidir, həm taktikidir, həm qısamüddətlidir, həm uzunmüddətlidir. Amma hədəflər düzgün seçilməsə, heç bir nəticəyə nail olmaq mümkün olmayacaq. Hədəflər həm həqiqəti, ədaləti və həm də real vəziyyəti, real gücümüzü əks etdirməlidir. Nə qədər güclü olsaq, o qədər də bizim səsimiz eşidiləcək".

Bəli, yeni hədəflərə doğru inamla və qətiyyətlə irəliləmək, məqsədlərimizə nail olmaq üçün güclü olmalıyıq, bir olmalıyıq, eyni amal uğrunda birləşməyi bacarmalıyıq. Necə ki, 44 günlük Vətən müharibəsində bacardıq. Tarixin xalqımız və dövlətimiz qarşısında yaratdığı bu imkandan maksimum yararlanmaq, onu dəyərləndirmək isə təbii ki, öz əlimizdədir. Prezidentin də qeyd etdiyi kimi, Qərbi Azərbaycana qayıdış hədəfimizin uzaq, yaxud yaxın olması bizim hər birimizdən asılıdır.

0.11484909057617