Universitetlərdə tədris olunan bəzi fənlər proqramdan çıxarıla bilər? - Ekspert izah edir

Elm və təhsil naziri Emin Əmrullayev oktyabrın 8-də Təhsilin İnkişafı Forumu çərçivəsində təşkil edilmiş "Biliyi dəyərə çevirən sinerji" adlı paneldə çıxışı zamanı bildirdi ki, ali təhsil müəssisələrində proqramların yenilənməsi daima gündəmə gəlir.

"Ali təhsil müəssisələrində o qədər fənn var ki, onlar keçirilməməlidir. Əgər dəyişikliyə hazırıqsa, bunu edək".

Nazirin açıqlamasından bir daha aydın olur ki, bu gün ali məktəblərdə bəzi fənlərin keçirilməsi məqsədəuyğun deyil.

Maraqlıdır, onlar hansı fənlərdir?

Təhsil eksperti Nadir İsrafilov Bizim.Media-ya açıqlamasında Emin Əmrullayevin fikirlərinə belə münasibət bildirib:

"Nazirin dediyində həqiqət var. Çünki orta məktəb belədir ki, oradakı fənlər ümumtəhsil fənləridir. Ancaq ali məktəblər ixtisaslı kadr hazırlayırlar. Buna görə də, ona peşəsində lazım olacaq fənlərin keçilməsi daha doğrudur. Orada elə fənlər var ki, tələbənin onunla bağlı ümumi təsəvvürü var, həmin məlumatları başqa yerlərdən də öyrənə bilər.

Bu gün təəssüfləndirici hallardan biri də dövlət qulluğu üçün imtahan verənlərin az bal yığmasıdır. Bunun səbəbi isə o imtahana sırf ixtisasla bağlı sualların salınmasıdır, imtahan verənlər də ixtisasları ilə bağlı sualları cavablamaqda çətinlik çəkirlər".

Bəs hansı fənlər proqramdan çıxarıla bilər?

"Hansı fənlərin çıxarılması bütün universitetlərdə ayrı-ayrı təyin olunmalıdır. Nazirin bu fikri ümumi müzakirə edilməlidir ki, müxtəlif ali məktəblərdə hansı fənlər çıxarılmalıdır, hansılar qalmalıdır", - deyə müsahibimiz əlavə edib.

Nadir İsrafilov dərs yükünün çox olmasına diqqət çəkib:

"Bu gün istər orta məktəblərdə, istərsə də ali məktəblərdə tədris planı yüklüdür. Fənlərin, dərslərin çox olması ilə bağlı narazılıqlar xeylidir. Buna görə də, bu məsələnin qaldırılması yəqin ki bu sahədə müəyyən yeniliklərin, təkmilləşdirilmələrin aparılmasına xidmət edəcək".

2.3048460483551