İlham Əliyev Danimarkanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Danimarka Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ole Toftun etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı indiyədək əməkdaşlığımızla bağlı bir o qədər də işlər görülmədiyini deyərək, potensial sahələrdə, o cümlədən ticarət sahəsində əlaqələrin inkişafı üçün yaxşı imkanların olduğunu vurğuladı.
Siyasi sahədə əlaqələrə toxunan Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqının bir sıra dövlətləri ilə tərəfdaşlığının fəal fazada olduğunu qeyd etdi. Dövlətimizin başçısı regionumuz üçün əhəmiyyətli olan bu tarixi məqamda regional siyasətə dair müzakirələrin önəminə toxundu.
Ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən ticarət istiqamətində inkişaf etdrilməsi üçün səylərini əsirgəməyəcəyini deyən səfir vurğuladı ki, Danimarka siyasətçiləri arasında Azərbaycanın Avropa ilə Mərkəzi Asiyanı birləşdirən mühüm ölkə olması barədə anlayış artmaqdadır. O, ölkəmizin ticarət, enerji, infrastrukrur sahələrində haba çevrilmək istiqamətində inkişaf etdiyini vurğulayaraq, Danimarka şirkətlərinin bu işlərdə rol oynaya biləcəyini qeyd etdi.
Dövlətimizin başçısı neft-qaz və yaşıl enerji sahələrinə investisiyaların cəlb olunması ilə bağlı Azərbaycanda böyük işlərin həyata keçirildiyini deyərək, eyni zamanda, ölkəmizin yaşıl enerji və nəqliyyat sahələrində beynəlxalq haba çevrilməsi istiqamətində də fəal fazada işlərin aparıldığını bildirdi.
Prezident İlham Əliyev vurğuladı ki, açıq dənizlərə çıxışımızın olmamasına baxmayaraq, ölkəmiz Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinin kəsişməsində yerləşir və biz ən böyük beynəlxalq yükdaşıma donanmalarından biri daxil olmaqla, ən müasir nəqliyyat infrastrukturu, dəmir yolu və avtomobil yolu, dəniz limanları və hava yolları şirkətlərini yaratmağa müvəffəq olmuşuq. Azərbaycan Prezidenti vurğuladı ki, bütün bunlar beynəlxalq əməkdaşlıq üçün möhkəm platforma yaradır və bu dəhliz Azərbaycan vasitiləsi ilə Şərqlə Qərb arasında daşımalar üçün ən yaxşı marşrutdur.
Dövlətimizin başçısı Azərbaycanda yükdaşımaların həcminin daim artdığını qeyd edərək, hazırda nəqliyyat infrastrukturu, o cümlədən gömrük sahəsində rəqəmsallaşmanın fəal sürətdə aparıldığını bildirdi və vurğuladı ki, bu da daşımaların həcminin artırılması və rahat sürətdə həyata keçirilməsi işinə xidmət edəcək.
Danimarka səfiri Azərbaycanın uğurlu inkişaf strategiyasının olduğunu və bu xüsusda ölkəmizin regionun nəqliyyat-logistika mərkəzinə çevrilmək niyyətini təqdir etdiklərini diqqətə çatdırdı.
Danimarkanın öz regionunda nəqliyyat sahəsində böyük təcrübəyə malik olmasına və bu sahədə Danimarka şirkətlərinin fəallığına toxunularaq, ölkələrimiz arasında nəqliyyat-logistika sahələrində əməkdaşlıq məsələləri müzakirə edildi və bu istiqamətdə böyük perspektivlərin olduğu vurğulandı.
Səfir COP29-la əlaqədar təbriklərini çatdırdı və bunun dünyamiqyaslı bir tədbir olduğunu vurğuladı. COP29 çərçivəsində Danimarka ilə Azərbaycanın iqlim üzrə nümayəndə heyətlərinin yaxşı əlaqələrə malik olduğu və konstruktiv şəkildə əməkdaşlıq etdikləri bildirildi, bu sahədə ölkələrimiz arasında birgə təşəbbüslərə dair fikir mübadiləsi aparıldı.
Söhbət zamanı müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri, biznes dairələrinin birbaşa təmaslar qurması, "yaşıl enerji" və "yaşıl texnologiyalar" sahələrində əməkdaşlıq məsələləri müzakirə olundu.
Dövlətimizin başçısı "yaşıl enerji" məsələsinə toxunaraq, Xəzər dənizini və Qara dənizi birləşdirən "yaşıl enerji dəhlizi"nin yaradılması prosesində ölkəmizin fəallığını qeyd etdi və bu xüsusda, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Qara dənizin dibi ilə çəkiləcək kabel xəttini, həmçinin Mərkəzi Asiya ölkələri - Qazaxıstan və Özbəkistanın Xəzər dənizi vasitəsilə Azərbaycana birləşdirən bərpaolunan enerji layihələrini vurğuladı.
Görüşdə Avropa İttifaqının enerji tələbatının artacağı vurğulandı və "yaşıl enerji"yə əsaslanan alternativ enerji mənbəyi kimi formalaşmaqda olan bu dəhlizin əhəmiyyəti qeyd edildi.
Söhbət zamanı Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Danimarka Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ole Toftun etimadnaməsini qəbul edib.
Bununla bağlı President.az məlumat yayıb.