Yeni əsrin falçıları - "Psixoloqlar", yoxsa şarlatanlar?

Kubra Məhərrəmova yazır...

Heç kimə sirr deyil ki, xalqımızın əksər hissəsinin falçılara rəğbəti var. Hələ rəhmətlik Axundov belə əsərində bu fənddən istifadə edərək əsərin dramaturji həllinə nail olmuşdu. Varlı evin xanımları oğullarının Parisə getməməsi üçün dərvişə yalvarıb, üstündə pul da verirlər ki, Parisi "partlatsın". Çünki gənc oğlan firəng gözəllərinin əsirinə çevrilərək, ata ocağını həmişəlik tərk edəcəkdi. Nəticədə Paris "partlayır" və heç kim Parisə getmir.

Bu "adət" - falçıya getmək ənənəsi bu gün də var. Bəzən elit adamların belə zaman-zaman falçılara getməsi və falçılar tərəfindən aldadılması barədə mediaya sızıntılar olur.

Bu da azmış kimi falçılarla bu adamların məhkəmə çəkişmələrinə də şahid oluruq. Nə isə, pul onların, istər falçıya verər, istər "psixoloq"a...

Diqqət etsəniz falçılarla bəzi "psixoloqlar"ın oxşar cəhətləri çoxdur. Əvvəl insanlar dərdlərini deməyə, dərdləşməyə, "yaxşı olacaq" təsəllisini almağa falçı yanına gedirdilərsə, bu gün bu rolu bəzi "psixoloqlar" yerinə yetirir. Özü də tam leqal.

Son zamanlar dünya trendində psixoloqa getmək birinci yerdədir. Ən maraqlısı budur ki, bütün mümkün vasitələrlə insanlığı buna vadar edirlər. Təhtəlşüura göstərilən əsas təsirlərdən biri də sosial şəbəkələr və mediadır. Ütünü belə yandıranda kimsə deyir ki, "travmaları müalicə etmək və onlardan qurtulmaq üçün psixoloqa gedin".

Gəlin burada bir sədd müəyyən edək. Söhbət tibbi təhsili olan, peşəkar psixiatr və ali təhsilli psixoloqlardan getmir.

İlk növbədə bu ikisinin fərqini müəyyən edək.

Psixiatr psixi xəstəlikləri müəyyən edən və müalicə edən həkimdir (tam tibb təhsili olan). Mütəxəssis psixi pozğunluqlar fonunda yaranan davranış pozğunluqları, o cümlədən insanın özü və başqaları üçün təhlükəli olduğu ağır hallarla işləyir.

O hansı hallarda yardım edir?

Fobiyalar, paranoyalar, sayıqlama, qarabasma halları (hallüsinasiyalar), xroniki yuxusuzluq, intihar meylləri, özünə zərər vermə, psixoz, artan narahatlıq, travmadan sonra psixi pozğunluqlar, anoreksiya, bulimiya, kompulsiv həddindən artıq yemək, selektiv-məhdudlaşdırıcı yemək pozğunluğu, bipolyar pozğunluqlar, depressiya, şəxsiyyət pozğunluğu, diqqət çatışmazlığı pozğunluğu, hiperaktivlik pozğunluğu və s.

Yəni bu sadalanan məqamların hər hansı varsa, o zaman falçıya, cindara, mollaya və psixoloqa yox, yüksəksəviyyəli tibb savadı olan-həkim psixiatra getmək lazımdır, ya da xəstəni məhz ora göndərmək tələb olunur.

Yoxsa ki, qapı-qapı düşüb pir-ocaqları gəzib, övladıma, atama-anama vergi verilib deyə özünə və yaxınlarına təsəlli verməyin axırı heç də yaxşı bitmir.

Bu kimi ağır psixoloji vəziyyəti məhz psixiatr müəyyən edir və vaxtında aparılan müalicə müsbət təsir göstərir.

Eynilə ürək, böyrək, ağciyər və s. orqanlarda patologiyanı müalicə edən həkim kimi.

Yeri gəlmişkən, ÇOX VACİB QEYD! Psixoloq medikamentoz müalicə müəyyən edə bilməz! Yəni heç kimə dərman yaza bilməz, çünki onun tibb təhsili yoxdur!

İndi keçirik psixoloqa. Psixoloq kimdir və nə iş görür?

Psixoloqun isə tibb təhsili olmaya bilər. Onlar adətən bakalavr və ikiillik magistr təhsili alandan sonra fəaliyyətə başlaya bilərlər. Psixoloq daha çox məsləhətverici rolunu oynayır. Məsələn, həyat yoldaşları, uşaqlar, yaşlı qohumlar və s. münasibətlərdə psixoterapevt seans formatında psixoloji iş aparır. Psixoloqlar müalicələrini danışaraq (söhbətlə) həyata keçirirlər. Bir daha qeyd edim ki, psixoloq HƏKİM deyil.

Azərbaycan Respublikasının "Psixoloji yardım haqqında" qanununda bütün hallar əks olunub. Həvəsiniz olsa girib oxuya bilərsiniz. https://president.az/az/articles/view/36222

İndi gəlirik ən vacib məqama, Azərbaycanda son dövrlər populyarlaşan psixologiya sahəsinə meyil bəzi insanlara asan pul qazanmaq üçün fürsət yaradır.

"Çox vaxt hansısa maddi maraqların dalınca qaçan insanlar 2-3 kurs keçməklə özlərini psixoloq kimi qələmə verirlər. Təbii ki, bu, çox yanlış düşüncədir. Psixologiya çox incə bir elmdir. Psixoloqlar insanın ruhu, qəlbi və psixologiyası ilə məşğul olurlar", - bu sözlər Azərbaycanın baş psixiatrı, Tibb Universitetinin Psixiatriya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Gəray Gəraybəyliyə məxsusdur.

Yəni ki, ayıq-sayın olun, peşəkar və diplomu olan mütəxəssislərin yanına gedin.

Son zamanlar sosial şəbəkələrdə xeyli sayda psevdopsixoloqlar peyda olub ki, siz onlardan diplomlarını istəyən kimi atacaqlar "qara siyahıya".

Bu zaman sual yaranır, bu kəslərə fəaliyyət göstərmək üçün kim və ya hansı qurum icazə verir?

Səhiyyə Nazirliyindən əldə etdiyim məlumata görə nazirlik yalnız tibbi fəaliyyət göstərənlərə - psixiatr həkimlərə görə cavabdehlik daşıyır.

O zaman iki-üç kurs keçib və fəaliyyətlə məşğul olan "psixoloqlara" görə kim məsuliyyət daşıyır? Hansı qurum onlara fəaliyyət üçün icazə verir?

Hələ ki, bu barədə tam məlumata malik deyilik.

Amma anlamalıyıq ki, son dövrün trendi olan "travmalar" və s. problemlər "psixoloqlar" (qəsdən dırnaq arasında yazılıb) üçün çörəkli vasitəyə çevrilib.

Seansdan-seansa pul ödəyən müştəri heç cürə "travmalardan" azad ola bilmir və hər seans üçün pul ödəyir. Orta statistik rəqəm isə 100-150 AZN-dir. Hətta daha baha - 200 AZN-ə seans edənlər də var. Təsəvvür edirsiniz, ortada nə pullar dövr edir?

Sual yaranır, bu qiymətləri kim təyin edir? Hansı tariflə və vergi ödənilirmi?

Ən maraqlısı odur ki, savadsız, diplomsuz "psixoloqlar"dan heç kim müalicənin effektiv olmaması barədə hesabat almır. Abstrakt bir xidmətdir axı. Adam il boyu hansısa "tarvmanı" müalicə etmək üçün "psixoloqun" qəbuluna gedə bilər.

Məsələn, stomatoloq müalicəni düz etməyibsə, diş müalicədən sonra ağrıyırsa, xəstə gedib həkimin yaxasından tutur ki, müalicəni yenidən elə və ya pulumu qaytar. Diyetoloqun yazdığı müalicə effekt vermirsə, onun arıqlamayan pasiyenti - işi göz qarşısındadır.

Psixoloqla bu necə müəyyən olunur? Heç cürə. "Psixoloq" çox rahatlıqla üzə dura bilər ki, xəstə yanıma gələndə lap pis idi, indi xeyli yaxşıdır.

Bütün hallarda psixoloqa müraciət edəndə ilk növbədə ondan diplomunu tələb edin. Əgər sizi "qara siyahı"ya atdısa, iqnor etdisə, siz də onu "qara siyahı"ya atın. Görünən odur ki, belə şarlatanlar hələ çox adamları aldadacaq, reklama pul qoyaraq sosial şəbəkələrdə özlərini "fenomen" edəcəklər. İllərlə "bəxti bağlı" qızlara dua yazan dərviş Məstəli şah kimi...

Qısası, ağlınızdan və pulunuzdan muğayat olun!

0.21889710426331