Güzəştli mənzil sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ: İki şəhərdə satış başlayır

Sumqayıt şəhəri, Bulvar küçəsi, 197 ünvanında yerləşən Sumqayıt Yaşayış Kompleksi üzrə 392 mənzilin, Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsi, 303 ünvanında yerləşən Lənkəran Yaşayış Kompleksi üzrə 152 mənzilin, ümumilikdə 544 mənzilin satışı 6 dekabr 2024-cü il tarixində saat 11:00-da başlayacaq və 14 dekabr 2024-cü il tarixi saat 11:00-dək davam edəcək.

Bakunews.media xəbər verir ki, bu barədə Mənzil İnşaatı Dövlət Agentliyi məlumat yayıb.

"Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 10 dekabr 2024-cü il tarixində saat 11:00-da başlayacaq və 14 dekabr 2024-cü il tarixi saat 11:00-dək davam edəcəkdir.

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi "Elektron hökumət" portalı üzərində (www.e-gov.az) "Güzəştli mənzil" sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Yalnız "Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir.

"Güzəştli mənzil" sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və videoformatlı təlimatlarla www.mida.gov.az internet saytının ana səhifəsində "Güzəştli mənzil sistemi" keçidi vasitəsilə tanış olmaq mümkündür.

0.059194087982178