Müəllimlərin maaşına hansı hallarda əlavələr edilir?

Son günlər müəllimlik fəaliyyətinə görə ilk maaşını alacaq müəllimlər arasında əməkhaqqıya təyin olunan əlavələrin məbləği müzakirələrə səbəb olub.

Sosial şəbəkələrdə gedən müzakirələrdə H1, H2 əlavələrinin məbləği məsələsi də yer alıb.

Mövzu ilə bağlı Bakunews.media-ın suallarını cavablayan təhsil eksperti Ramin Nurəliyev bildirib ki, müəllimlərin əməkhaqqı əmək müddətinə görə kateqoriyalara bölünür:

"Müəllimlərin əməkhaqqı Nazirlər Kabinetinin 2023-cü il 7 mart tarixli 67 nömrəli Qərarı ilə təsdiq edilib. Qərar 2023-cü il fevralın 1-dən tətbiq edilir. Bu qərara əsasən, müəllimlər əmək müddətinə görə kateqoriyalara bölünür. Birinci kateqoriya - 3 ilə qədər müəllimlik fəaliyyəti ilə məşğul olanlar, ikinci kateqoriya - 3 ildən 8 ilə qədər müəllimlik fəaliyyəti ilə məşğul olanlar, üçüncü kateqoriya - 8 ildən 13 ilə qədər müəllimlik fəaliyyəti ilə məşğul olanlar, dördüncü kateqoriya - 13 ildən 18 ilə qədər müəllimlik fəaliyyəti ilə məşğul olanlar, beşinci kateqoriya - 18 ildən yuxarı olanlar".

Yuxarıda göstərilən kateqoriyalara uyğun müəllimlərin əməkhaqqı hesablanır.

Ekspertin sözlərinə görə, ümumi təyin olunan əməkhaqqıdan əlavə müəllimlərin maaşlarına müxtəlif əlavələr edilir:

"Əgər müəllim həm də sinif rəhbəridirsə, bu zaman onun maaşına 40 manat məbləğ də əlavə olunur. Habelə, ümumi məbləğə sertifikasiya imtahanın da xüsusi təsiri var. Sertifikasiya imtahanında müəllim 50-60 bal nəticə əldə edirsə, həmin müəllimin ümumi hesablanmış əməkhaqqına 35%, 30-50 bal arası nəticə əldə edərsə, 10% əlavələr hesablanır".

R.Nurəliyev çaşqınlıq yaradan H1 və H2 məsələsinə də aydınlıq gətirib:

"H1 və H2 - buradakı H - həvəsləndirmə sözünün ilk hərfi kimi götürülür. Həvəsləndirmə əsasən rayon məktəblərinin gənc müəllimlərinin (35 yaşa qədər) həvəsləndirilməsi istiqamətində tərtib olunan metoddur. H1-də şəhərin mərkəzindən 3 kilometrə qədər məsafədə olan məktəbdə müəllim dərs keçirsə, onun ümumi maaşına 60 manat əlavə olunur. H2-də isə 3 kilometrdən daha uzaq məsafədə fəaliyyət göstərirsə, maaşına 160 manat əlavə olunur. Bununla bərabər Elm və Təhsil Nazirliyinin (ETN) ayrıca yanaşması var. Müəllim ucqar kənd məktəblərində yaşayış yeri olmayıb könüllü əsasla dərs deməyə gedib, əmək fəaliyyəti ilə məşğuldursa, onlara yaşayışının təmin olunması üçün də əlavə dəstəklər göstərilir. Habelə akademik göstəriciyə əsasən də, müxtəlif əməkhaqqı müəyyənləşdirilir, "Əməkdar müəllim" adına layiq görülən şəxsin maaşına da əlavələr edilir".

Ekspert bildirib ki, ETN-in rəsmi səhifəsində yer alan onlayn kalkulyator vasitəsilə müəllimlər öz maaşlarını hesablaya bilərlər.

Onun qənaətinə görə, müəllimlər üçün təyin olunan həvəsləndirmənin məbləği qaneedici deyil, məbləğ azdır.

"Hansısa bir müəllim əmək fəaliyyətinə görə rayonlara, regionlara üz tutursa, bu zaman o məcburdur ki, kirayə ev tutsun. Bu səbəbdən ETN və Nazirlər Kabineti əməkhaqqı məsələlərində kirayə xərclərini də nəzərə almalıdır. Onun elektrik, qaz təminatı diqqətdə saxlanmalıdır. Bunlara əsasən, əlavə ödənc məbləği 300-400 manat arası olarsa, daha məqsədəuyğundur".

Aygün Mirakif

0.30933499336243