Avtobuslar arasındakı interval narazılıq yaradır: "Yollarda qalırıq, nə qədər gözləyək?"
Bakıda 214 nömrəli marşrut xətti ilə hərəkət edən avtobuslar arasındakı interval narazılığa səbəb olub.
Bununla bağlı Bakunews.media-a şikayət ünvanlayan sərnişinlər bildiriblər ki, 214 nömrəli xətdə avtobuslar arasında interval pik saatlarda belə, çox olur.
"Axşam işdən çıxanda və ya səhər işə gedəndə, demək olar ki, yollarda qalırıq. Ötən gün, havanın yağışlı olduğu bir vaxtda saat 19:00-dan 19:30-a kimi avtobus gözləməli olmuşuq", - deyə şikayətdə bildirilir.
Məsələ ilə bağlı Bakunews.media-ın sorğusunu cavablandıran Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, 214 nömrəli marşrut üzrə 18 ortatutumlu avtobus 5-7 dəqiqə intervalla fəaliyyət göstərir.
"Marşrut xətti üzrə günün pik saatlarında yollarda yaranan nəqliyyat sıxlığı bəzi hallarda hərəkət cədvəlinin pozulmasına səbəb olur. Daşıyıcıya marşrut xəttinin nizamlı fəaliyyəti, sərnişin tələbatı nəzərə alınaraq nəqliyyat vasitələrinin sayının artırılması və yenilənməsi barədə tapşırıq verilib".
Əzizə İsmayılova