Şahmat millimiz FIDE-dən Rəcəbovun İddiaçılar Turnirinə qaytarılmasını tələb etdi - FOTO

Kişi şahmatçılardan ibarət Azərbaycan milli komandası Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadiy Dvorkoviçə, peşəkar şahmatçılara və şahmat həvəskarlarına açıq məktub ünvanlayıb.

Bakunews.media xəbər verir ki, üçqat Avropa çempionu olan komandanın üzvləri məktubda koronavirus pandemiyasına görə yarımçıq dayandırılan İddiaçılar Turnirinin belə şəraitdə keçirilməsinin səhv qərar olduğunu bildirib və FIDE rəhbərliyindən Teymur Rəcəbovu yarış iştirakçılarının sırasına qaytarmağı xahiş və tələb edib.

Məktubda deyilir:

“Biz hesab edirik ki, belə şəraitdə İddiaçılar Turnirinin keçirilməsi və dayandırılması normal idman prinsiplərinə qarşı addımdır və şahmatçıların sağlamlığına qarşı biganə münasibətin göstəricisidir. FIDE qəbul etdiyi qərarlara görə şahmatçılar və şahmat dünyası qarşısında məsuliyyət daşımalıdır. Biz hadisələrin belə davam etməsindən zərər çəkən komanda yoldaşımız Teymur Rəcəbovun İddiaçılar Turnirində iştirakçılar sırasına qaytarılmasını xahiş və tələb edirik”.

Qeyd edək ki, məktub Şəhriyar Məmmədyarov, Arkadi Naydiç, Rauf Məmmədov, Nicat Abbasov və Qədir Hüseynovun adından göndərilib.

Səbuhi Musayev

0.27956008911133