Rail Məlikov karantindən danışdı: “Evdə keks də bişirmişəm, tort da” - VİDEO

“Karantin vaxtı lazım olanda çölə çıxıram. Vaxtımın çoxunu evdə ailəmlə keçirirəm. “PlayStation” oynayıram, kitab oxuyuram. Klub ilə onlayn məşq edirik. Bundan başqa, özüm də proqram üzrə fərdi şəkildə idman edirəm”.

Bunu Bakunews.media-a millimizin sabiq futbolçusu, “Sumqayıt” klubunun sağ cinah müdafiəçisi Rail Məlikov deyib.

34 yaşlı futbolçu karantin dönəmində evdə gördüyü işlərdən danışıb:

“Uşaqlarımla elə oyun qalmayıb ki, oynamayaq. Filmlərə baxırıq, övladlarımla cizgi filmlərini izləyirik. Yeri gələndə keks də bişirmişəm, tort da. Hər şeyə əl atıram ki, boş vaxtımı səmərəli keçirim. 

Bu, futbolçular üçün göydəndüşmə haldır. Vaxt olub ki, təlim-məşq toplanışları və oyunlara görə evdə tapılmamışıq. İndi isə ailəmizə vaxt ayıra bilirik. Bu koronavirus ən çox xanımların, övladların lehinə işlədi. Çünki onların arzuları idi ki, biz evdə çox olaq. Mən də çalışıram ki, bundan səmərəli yararlanım.

Övladlarıma futboldan tutmuş, digər idman növlərinə kimi məşq keçirəm. Karantin bitəndən və məşqlər başlayandan sonra belə vaxtımız olmayacaq. Allaha ibadətimizi də bu günlərdə çoxaltmalıyıq”.

Rail Məlikov artıq çəki almadığını da bildirib:

“Təki koronavirus bitsin, ondan sonra ailədən ötrü darıxsaq da olar. Çünki hər şeyin öz ləzzəti var. İndi evdəyik deyə, təlim-məşq toplanışlarına darıxmaq hissini də yaşaya bilmirik. 

İki kiloqram arıqlamışam. İndi 700 qram artıq çəkim var. Bunu məşqlə azaltmaq olar. Lazım olanda pəhriz saxlayıram. Yeməyimə fikir verirəm”.

Səbuhi Musayev

0.62610077857971