Polislərin məxfi videolarını ələ keçirən istifadəçilər sürprizlə üzləşdilər - FOTO

“Twitter” sosial şəbəkəsinin bir sıra istifadəçiləri istismardan çıxarılmış polis kameralarını aldıqdan sonra gözlənilməz sürprizlə üzləşiblər. Belə ki, kameraların əksəriyyətində rəsmi şəkildə məxfi sayılan və yayılmasına icazə verilməyən görüntülər olub.

“Vice”ın verdiyi məlumata görə, bütün bunlar “Dotslash” ləqəbli istifadəçinin eksperimentindən sonra başlayıb. O, belə kameraların birini internet vasitəsilə alıb. Evdə yoxlayarkən isə Arizona polislərinin birinin formasına bərkidilmiş kameranın yaddaş kartında çoxlu video görüb.

Üstəlik faylların açılması üçün heç bir parol yazmaq lazım olmayıb.

Bundan sonra sosial şəbəkənin digər istifadəçiləri də polislərin köhnə kameralarını sifariş verməyə başlayıblar. Rəsmi şəkildə məxfi sayılan materialların necə əlçatan olması insanları təəccübləndirib.

Kadrlarda polislərin gündəlik iş rejiminin müxtəlif anları əks olunub: yollarda saxlamalar, satıcıların çağırışına getmələr, şikayətlər əsasında evlərə yollanmalar və sair.

Sosial şəbəkə istifadəçiləri qanunu pozmamaq üçün videolardan ancaq skrinşotlar dərc ediblər və kameraları yenidən hüquq mühafizə orqanlarına verməyi düşünürlər.

0.91442489624023