İspaniya Azərbaycanlıları Birliyinin sədri: “Paşinyan özünü elə bir çətin vəziyyətə salıb ki...” - MÜSAHİBƏ

İyulun 12-dən başlayaraq erməni işğalçı qüvvələri Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində təxribat törədib və törətməyə də davam edir. Azərbaycan Ordusu düşmənə layiqli cavabı verərək geri otuzdurub. Lakin təəssüf ki, bu günə qədər ordumuzun 12 hərbçisi şəhid olub.  

Polşada yaşayan həmvətənlilərimiz sosial şəbəkələrdən öz dəstəyini əsirgəmir. 

Bakunews.media İspaniya Azərbaycanlıları Birliyinin (AAEE) sədri, Qərbi Azərbaycan İctimai Birliyinin İspaniya nümayəndəliyinin rəhbəri, Qərbi Azərbaycan İrəvan Mühacir Respublikasının İspaniya təmsilçisi Vahid İmanov ilə müsahibəni təqdim edir:

- Son dörd gündür Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərə münasibət bildirərdiniz.

- Əvvəlcə torpaqlarımız uğrunda canını sipər etmiş bütün şəhidlərin ruhu önündə baş əyir, onlara Allahdan rəhmət, ailələrinə isə dərin hüzünlə başsağlığı verirəm. Xaricdə yaşamağıma baxmayaraq, ölkəmizdə baş verən hadisələri daim izləyirəm. Azərbaycana qarşı tarix boyu təxribatlar törədilib. Lakin bunu biz yox, tarix deyir ki, düşmənlərimiz hər zaman layiqli cavablarını alırlar. Aprel döyüşlərində də sübut etdik ki, Azərbaycanın məğlubedilməz güclü ordusu var.

- Necə düşünürsüz, ermənilər bu kimi təxribatlarla nəyə nail olmaq istəyir? Bu, hazırda Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar yaşanan dərin böhranla əlaqəli ola bilərmi?

- Ermənilərin bu təxribatları törətməkdə məqsədi Dağlıq Qarabağ məsələsinə üçüncü dövlətin qoşulmasının təmin olunmasıdır. İşğalçı emənilər düşünür ki, bununla nəyəsə nail ola biləcəklər. Mən düşünmürəm ki, indiki hadisələr Ermənistandakı hakimiyyət böhranı ilə əlaqədar olsun. Bu, onların hər zamankı məkirli siyasətləridir, çalışırlar ki, qondarma Dağlıq Qarabağı erməni icmasının danışıqlar masasına qəbul etdirsinlər. Amma bütün cəhdləri bu günə qədər boşa çıxıb və belə də davam edəcək. 

- Aprel döyüşləri zamanı verdikləri çoxsaylı itkilər, istər texnika, istər canlı qüvvə onlara dərs olmadı. Bu dəfə də Azərbaycan ordusunun adekvat cavab atəşi nəticəsində düşmən tərəf çoxsaylı itkilər verir.

- Onlar heç vaxt səhvlərini qəbul etməyəcəklər. Çünki özlərinin yalanlarla dolu “tarix”ləri ilə yaşayırlar. Həqiqəti isə bütün dünya ölkələri bilir. Hər zaman atdıqları addımlarda özlərinə deyil, havadarlarına arxalanırlar. Lakin atdıqları bütün addımlar özlərinə ziyan vurur. Heç nəyə nail ola bilmirlər. Azərbaycan Respublikasının Silahlı Qüvvələri buna imkan verməyib, verməyəcək. 

- Azərbaycan Ordusunun qəhrəman general-mayoru Polad Həşimov iyulun 14-də döyüş zamanı əsgərlərini tək qoymayıb və cəbhənin ön xəttində şəhid olub. Şəhidlərimiz Azərbaycan gəncliyi üçün vətənpərvərlik nümunəsidir.

- Onu deyim ki, general-mayor Polad Həşimovun və digər igid oğullarımızın şəhid olma xəbərini böyük ürək ağrısı ilə qarşıladıq. Amma həm də böyük qürur hissi keçirdim. Ordumuzun general-mayoru bölgədəki vəziyyətlə şəxsən özü maraqlanıb, oraya getməklə əsgərlərimizə böyük dəstək olub. Azərbaycan müstəqillik qazandığı gündən Ermənistanla müharibə şəraitində yaşayır. Atəşkəs imzalansa da, bu illər ərzində ermənilər dəfələrlə atəşkəs rejimini pozub, pozmağa da davam edir.

- Polşada yaşayan həmvətənlərimiz, bir sıra qurumlarımız tərəfindən rəsmi bəyanatlar verilib. Necə düşünürsüz, döyüşdə olduğu kimi, informasiya müharibəsində də irəlidə olmaq üçün hansı addımlar atılmalıdır?

- Ermənistanın Azərbaycan sərhədində gərginlik yaratmasını qəti şəkildə pisləyirəm. Bizim birlik adından bununla bağlı bəyanatla çıxış etmişik. Azərbaycan gəncliyi bu fədakarlığın şahidi oldu və düşünürəm ki, bu hadisə yaddaşlarda silinməz iz qoydu. Müharibə şəraitində yaşayan bir dövlətdə hər zaman bir addım irəlidə olmaq üçün sözsüz ki, hər sahədə aktiv olmaq lazımdı. “Qələm qılımcdan itidir” deyiblər. Müharibədə tək ələ silah alıb vuruşmaq deyil, düşməni layiqincə susdurmaq, haqsızlığını yerindəcə üzə çıxarıb ifşa etmək, olanları dünya mətbuatında işıqlandırmağa çalışmaq qələm əhlinin və xaricdə yaşayan vətənini seven insanların üzərinə düşür. 

- Paşinyan öz səriştəsiz idarəçiliyi ilə yaratdığı problemləri bu yolla gündəmdən çıxara biləcəkmi?

- Paşinyan özünü elə bir çətin vəziyyətə salıb ki, sanki burulqana düşüb qalıb. Onlar ölkə ərazisindəki bəzi problemləri unutdurmaqdan ötrü bu yola əl atırlar. Bununla da ictimaiyyətin fikrini başqa tərəfə çəkməyə çalışırlar.

- Bu gün minlərlə insan orduda könüllü xidmət üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib. Ermənistan azərbaycanlılarda olan ruh yüksəkliyindən qorxurmu?

- Bu çox qürurverici, çox sevindirici xəbərdir. O minlərlə insan ordusuna mən də qoşuluram. Qarabağda döyüşən bir Azərbaycan əsgəri, döyüşçüsü kimi yenidən əlimə silah alıb, vətənin dar günündə ona dəstək verməyə hazıram. Bəli, həqiqətən insanlarımızın bu müraciəti Ermənistanda böyük səs-küy yaradıb. Şəxsən mən özüm də xaricdə yaşamağımdan asılı olmayaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinə müraciət etmişəm. Qələbə daim Azərbaycan xalqına məxsus olacaq. Yaşasın mərd döyüşkən Azərbaycan ordusu!

Könül Cəfərli

0.43985295295715