Partiya sədri: Birinci növbədə səfirlər dəyişilməlidir

"Mənim tərəfimdən, ona yazıb göndərirdim şikayətləri, nəzarətə götürüb həll edirdi".

Baku News xəbər verir ki, bunu "Yeni Müsavat" qəzetinə  Ceyhun Bayramovun təyinatla bağlı Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev açıqlamasında bildirib.

Prezident İlham Əliyevin iyulun 16-da verdiyi sərəncamla xarici işlər naziri Elmar Məmmədyarovu təhsil naziri Ceyhun Bayramovun əvəzləməsi geniş müzakirələr doğurub. Bundan əlavə, Azərbaycan XİN-də böyük kadr dəyişikliklərinin olacağı da deyilir.

ALDP sədri Fuad Əliyevin mövqeyi belə oldu:

“Ceyhun Bayramovun təyinatı, sözsüz ki, gözlənilməz idi. Təhsil naziri dövründə vətəndaşların mənə ünvanladığı şikayətləri, mənim tərəfimdən, ona yazıb göndərirdim. Və Ceyhun Bayramov bu şikayətləri nəzarətə götürüb həll edirdi. Onun peşəkar təşkilatçısı olduğunu nəzərə alsaq, hesab edirəm ki, XİN bundan sonra tamam başqa səviyyədə qurulacaq. XİN-in keçmiş nazirinin adı ABŞ-da 4 milyonluq əmlakın sahibi olması və nazirlikdə korrupsiya işlərində hallanırdı. İndi yeni naziri çox çətin işlər gözləyir. Nazirliyi bu səriştəsiz kadrlardan təmizləmək onun üçün prioritet məsələsi olmalıdır. Hesab edirəm ki, onu kənardan gətirib XİN naziri təyin etmək onun üstünlüyüdür. Vaxt aparmadan kadr dəyişikliyi edilməlidir. Yaxın zamanda hücum diplomatiyasının şahidi olacağıq. Hesab edirəm ki, birinci növbədə səfirlər dəyişilməlidir. Bu, əsas amildir. Adətən vəzifəyə təyin olunandan sonra ilk 100 günlüyündə görülən işlərə qiymət verilir. Ümid edirəm ki, Ceyhun Bayramovun XİN rəhbəri kimi ilk 100 günü uğurlu olacaq”.

0.14820098876953