Partiya sədri: Məhərrəmlik ayı koronavirusla bağlı yaranmış olduqca təhlükəli və riskli şəraitə təsadüf edir

Məhərrəmlik ayı və Aşurada kütləvi formada dini ayınləri həyata keçirmək virusa yoluxma sayını artıra və əhalini yeni təhlükələrlə üz-üzə qoya bilər.

Bunu Avrasiya.net-ə Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

Bildirək ki, sabahdan Azərbaycanda Məhərrəm ayı başlayır. Məhərrəmin 10-cu günü, yəni Aşura avqustun 30-da qeyd olunacaq.

F.Əliyev qeyd edib ki, hər il Məhərrəm ayının 10-cu - Aşura günündə müsəlmanlar ziyarətgahlara axışır, Kərbəla hadisələrinin ildönümünü qeyd edirlər.

Bu il isə koronavirus pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə məscidlər, ziyarətgahlar, pirlər ziyarətçilərin üzünə bağlıdır: «Biz hamımız hökumətin qaydalarına riayət etməliyik. Düzdür, Məhərrəmlik gənclərdə vətənpərvərlik, şəhidlik, zalıma nifrət, əzilənin yanında olmaq hisslərini aşılayır. Amma neyləmək olar ki, dünyada bəşəriyyətin başı üzərində koronavirus pandemiyası kabusu var. Ondan da qorunmaq lazımdır”.

Pafrtiya sədrinin fiklrincə, Məhərrəmlik ayı və Aşura bu il koronavirusla bağlı yaranmış olduqca təhlükəli və riskli şəraitə təsadüf edir. Azərbaycan dövlətinin üzərinə əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi kimi mühüm vəzifə düşür. Azərbaycan möminləri, inanclı şəxslər dövlətin bu sahədə qəbul etdiyi qərarlara böyük hörmətlə yanaşır, gördüyü işləri yüksək qiymətləndirir və yüksək məsuliyyət və intizamlı davranışla qlobal bəla ilə mübarizəyə güc qatırlar: “Aşura ilə əlaqədar kütləvi dini tədbirlərin, ayinlərin keçirilməsi ölkədə yeni növ koronavirusla mübarizədə əldə edilmiş uğurlara zərbə vura, vəziyyətin yenidən pisləşməsinə, karantin rejimininin daha da uzanmasına və ya yenidən sərtləşdirilməsinə səbəb ola bilər”.

F.Əliyev bildirib ki, pandemiya dövründə Məhərrəmlik ayı və Aşurada dini mərasimləri məscidlərdə yox, evlərdə də keçirmək olar: “Fikrimcə, hər bir müsəlman dini ayini öz evində keçirə bilər və yaxud da hislərini sosial şəbəkələr vasitəsilə ictimailəşdirə bilər. Nəzərə almalıyıq ki, dini ibadət yerlərinin kütləvi tədbirlər üçün açılması ölkədə epidemioloji vəziyyətə olduqca mənfi təsir göstərə bilər. Son günlər virusla mübarizədə müsbət nəticələr əldə etmişik, onu bir neçə gündə itirə bilərik, virusa yoluxma və ölüm sayı arta bilər. Ona görə də, Məhərrəmlik ayında da diqqətli olmalıyıq, özümüzü qorumalıyıq. Baxın, məlum vəziyyətlə bağlı Həcc ziyarəti dayandırılıbsa, Məhərrəmlik və Aşurada dini ayinləri məscidlərdə, digər ibadət yerlərində kütləvi formada keçirməyə də bilərik, günah sayılmaz. Dinimizə, milli, mənəvi dəyərlərimizə inamı, sevgi, etiqadı, ayinləri evimizdə yerinə yetirə, bu ayın dəyərini, fəzilətini sosial şəbəkələr vasitəsilə də ictimailəşdirə bilərik. Bu minlərlə müsəlmanın pandemiya təhlükəsindən qorunması ilə yanaşı dini maariflənmənin, düzgün təbliğatın bir forması olar”.

 

0.17753887176514