Partiya sədri: XİN rəhbərin Dağlıq Qarabağla bağlı kəskin fikirləri oldu

Avqustun 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya rəsmi səfəri başlayıb. C. Bayramov ilk olaraq Kremldə naməlum əsgərin məzarı önünə əklil qoyub. Daha sonra nazir Rusiya Xarici İşlər Nazirliyinin Qəbullar Evinə yollanıb.

XİN rəhbərimiz rusiyalı həmkarı Sergey Lavrovla təkbətək görüşüb. Görüşdə XİN rəhbərləri ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərini, Dağlıq Qarabağ problemi də daxil olmaqla regional və beynəlxalq gündəliyin əsas aspektlərini müzakirə edəndən sonra mətbuat konfranı keçiriblər.

Baku News xəbər verir ki, “Yeni Müsavat” qəzeti Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramovun keçirilən mətbuat konfransında fikirlərinə dair, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevdən açıqlama aldı.

ALDP rəhbəri Fuad Əliyev hesab edir ki, mətbuat konfransında nazirin çıxışı və sonra da suallara cavabları çox uğurlu oldu: 

“Özünü itirmədən, həyəcan keçirmədən, öz fikirlərini tam aydın deyə bildi. Hətta elə sözlərindən istifadə edirdi ki, heç ruslar özləri danışıqlarında, mətbuat konfranslarında o sözlərdən istifadə etmirlər. Bu onu göstərir ki, Ceyhun Bayramov rus dilini çox dərin bilir. İkinci məqamı qeyd etmək istəyirəm: Uzun illər təhsil naziri olduğuna baxmayaraq, onun özünün davranışı, çıxışı əsl diplomat səviyəsində olub. Və ən əsası, Ceyhun Bayramovun Dağlıq Qarabağla bağlı kəskin fikirləri oldu. Mənim yadıma gəlmir ki, keçmiş xarici işlər  naziri Dağlıq Qarabağ münaqişəsilə bağlı belə fikirlər səsləndirsin, xüsusilə də Moskvada olarkən. Bir iradım var, o da jurnalistlərə. Sualların əksəriyyəti Ceyhun Bayramova verildi. Mənim fikrimcə, suallar  daha çox Lavrova verilməli idi. Misal üçün Dağlıq Qarabağla yanaşı, Azərbaycan-Türkiyə hərbi blokunun yaranması təkliflərinə dair onun fikirləri bizim üçün maraqlı olardı”.

0.139319896698