Bir yaşlı Nikolun təcili əməliyyata ehtiyacı var - REDAKSİYAYA MƏKTUB

Paytaxtın Suraxanı kənd sakini Natalya Krasyukova bir yaşlı qızı Nikolun təcili əməliyyatına çatışmayan məbləğin toplanmasına kömək istəyi ilə Media.Az-ın redaksiyasına müraciət edib.

Körpəyə ağır xəstəlik - “oklüziv hidrosefal” diaqnozu qoyulub. Bu, onurğa beyin mayesinin baş beyində topanaraq onun ətrafındakı məkanı sıxması halıdır.

Həkimlər bildirirlər ki, patoloji proses vaxtında dayandırılmasa beynin sıxılması görmə, eşitmə, nitq və tənəffüsün pozulmasına, həmçinin beyin qabığının atrofiyasına, zehni və fiziki inkişafın zəifləməsinə səbəb ola bilər.

Körpəyə beş min manat dəyərində təcili bir əməliyyat kömək edə bilər, bunun üçün məbləğin yarısından çoxu qayğıkeş insanlar tərəfindən toplanıb. Karantin rejimi nəzərə alınaraq, sosial şəbəkələrdəki xeyriyyə qrupları da bu gün kömək edə bilmirlər - insanların bütün imkanları tükənib.

Ancaq eyni zamanda uşağın səhhətindəki problem hər gün artır.

“Nikol anadan olanda, xəstəxanadan çıxdıqda bizə “hidrosefal” olduğunu söyləmədilər. Körpə sağlam idi. Anadan olanda səhhətində problem olmayıb, ancaq çox cılız idi. Doğulan gündən sakit uşaq olub, səbəbsiz yerə ağlamayıb. Sahə həkimi onu hər ay müayinə edirdi və Nikolun normal inkişaf etdiyini söyləyirdi.

Ancaq beş aylıq olanda həkim patologiyadan şübhələndi və bizi ultrasəs müayinəsinə göndərdi. Burada ilk dəfə “hidrosefal” diaqnozunu eşitdik. Bu, bizim üçün faciə oldu. İnternetdə həmin mövzunu öyrənməyə başladım, sonsuz videolar izlədim, məqalələr oxudum, forumlara qatıldım.

Xarici görünüşcə qızım “hidrosefal” əlamətləri olan insanların internetdə paylaşılan şəkillərindən fərqli görünürdü. Bu, məni bir az sakitləşdirdi. Həm də mayenin həll ola biləcəyini oxudum, bu da arxayınlaşdırdı. Körpə altı aylıq olanda bizi kompüter tomoqrafiyasına (KT) göndərdilər. Məlum oldu ki, konservativ müalicəyə gecikmişik. Bizə dedilər ki, yeganə seçim əməliyyatdır”, - deyə N. Krasyukova bildirib.

Nikol əməliyyat üçün çox kiçik və zəif olduğunu nəzərə alaraq böyüyənə qədər bir neçə ay gözləməyə qərar verilib. Ancaq sonradan qadın qızının başının kiçildiyini görməyə başlayıb və artıq mayenin sovurulmağa başladığını düşünüb.

Nikol on aylıq olanda N.Krasyukova ikinci bir KT müayinəsinin nəticələrini ümidlə gözləməyə başlayıb. Ancaq nəticələr məyusedici çıxıb. Məlum olub ki, beyin eyni həcmdə olan maye tərəfindən sıxıldığı üçün körpənin başı balacalaşır.

Həkim beyin daxilində yığılan artıq mayenin boşaldılması üçün neyrocərrahiyyə proseduru olan “şuntlama əməliyyatı”nı məsləhət gördü. Onun dəyəri 2000 manatdır. Uşaq əməliyyatdan əvvəl MRT-yə (Maqnit Rezonans Tomoqrafiya) göndərildi, lakin məlum oldu ki, “şuntlama əməliyyatı” Nikol üçün uyğun deyil. Onun daha bahalı bir əməliyyata - 5000 manata başa gələn “endoskopiya”ya ehtiyacı var.

“Bütün bunlar çox uğursuz şəkildə karantin dövrünə - işsiz qaldığım vaxta təsadüf edib. Sosial şəbəkələrdəki bir xeyriyyə qrupunun üzvləri bir dəfə bizə Nikol üçün uşaq qidası və uşaq bezi gətirdi. Qadınlardan biri MRT-nin pulunu ödədi. Yaşamaq üçün pulumuz var, acından ölmərik, amma “endoskopiya” üçün pul yığmaq alınmır.

Həyəcan siqnalı çalmağa, hər kəsə müraciət etməyə, yazmağa başladım... Əmim mənə imkanı daxilində - 1500 manat pul köçürdü, qayğıkeş insanlar bacardıqları qədər bizə pul göndərdilər, məbləğin yarısından bir az çoxunu yığdıq. Lakin bu vəsait əməliyyata bəs etmir. Bizim üçün hər gün vacibdir. Hər kəsə müraciət edirəm! Xahiş edirəm, laqeyd yanaşmayın, körpəmə kömək edin”, - deyə Natalya Krasyukova müraciət edir.

Balaca Nikola kömək etmək istəyənlər aşağıdakı bank kartına pul köçürə bilərlər:

0.33613085746765