Partiya sədri: Onun mənim atamla şəxsi qərəzliyi olub

“Ona tutduğu bütün vəzifələrindən istefa verib, bu yaşda evdə oturub nəvə, nəticə ilə vaxt keçirməsini tövsiyə edirəm”

Baku News xəbər verir ki, bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev "Yeni Müsavat" qəzetinə açıqlamasında bildirib. 

Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyev sakitləşmək bilmir. Rəhbəri olduğu akademiyanın saytında bir-birinin ardınca sərt məqalələrlə çıxış edən R.Mehdiyev getdikcə radikal müxalifət lideri obrazına çevrilməkdədir. Bu baxımdan onun son məqaləsi xüsusilə diqqət çəkir.

Bu məqaləsinin ardından cəmiyyətdə “müxalifət onu düşərgəsinə buraxarmı, qucaq açarmı” kimi suallar yaranıb. Bu da təsadüfi deyil. Çünki indiyə qədər iqtidardan incik düşən, “vurulan”, yaxud komandasına asi çıxan məmurlara müxalifətin necə qucaq açdığının çox şahidi olmuşuq.

ALDP rəhbəri Fuad Əliyev R.Mehdiyevi bütün vəzifələrindən istefa verməyə çağırdı: “Açığı desəm onun nə indiki, nə də keçmişdəki yazıları ilə maraqlanmamışam. Bu adam nə yaza bilər ki, cəmiyyətimizə faydalı olsun? Ona görə də vaxtımı mənasız yazılara itirmək istəmirəm.  Ola bilər ki, vaxtilə himayə etdiyi müxalifət partiyalarının biri onu partiyanın lideri elan etsin. Amma müxalifətin vahid namizədi olması, ümumiyyətlə, inandırıcı deyil.  İndi zəmanə tamam başqa bir zəmanədir. Cəmiyyətimiz 30 il bundan qabaqkı cəmiyyət deyil. Onun mənim atamla şəxsi qərəzliyi olub, parlament seçkilərində haqqımı tanımamaq üçün tapşırıq verməsinə baxmayaraq, ona tutduğu bütün vəzifələrindən istefa verib, bu yaşda evdə oturub nəvə, nəticə ilə vaxt keçirməsini tövsiyə edirəm. Əlavə nəsə deməyə ehtiyac duymuram. Əsas odur ki, qanunun pozulmasına görə saxlananlar var, cərimələr ödənildi. Qanunun aliliyi qorundu. Nə yaşa, nə tutduğu vəzifəyə, nə də ki, keçdiyi yola görə güzəşt olunmadı. Bizim başqa problemlərimiz var”.

0.075614929199219