Partiya sədri: Tofiq Yaqublunun azadlığa buraxılması dialoq mühitinə də müsbət təsir edəcək

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Baku News-a verdiyi müsahibəsini təqdim edirik.

-Son dövrlər hakimiyyət Siyasi partiyalar, QHT-lər, media nümayəndələri ilə görüşlər keçirilir. ALDP hər zaman dialoq tərəfdarı olub. Hazırkı dialoq səviyyəsini necə qiymətləndirirsiniz?
- Hakimiyyət daxilində yenilənmə prosesi davam edir. Paralel olaraq Dövlət başçısının köməkçiləri cəmiyyət nümayəndələrilə görüşlər keçirirlər. Artıq bir neçə görüş olub və demək olar ki, bəzi məsələlər müsbət həll olunub. Siyasi partiyaların qeydiyyat məsələsi, pandemiya dövründə on-line qurultayların keçirilməsi kimi məsələləri misal çəkmək olar.
- Bəzi müxalifət qüvvələri bu görüşləri normal qəbul etmir. Görüşdə iştrak edənləri hakimiyyətlə işbirliyində olmaqda suçlayırlar. Onların belə ittiham etməyə hansısa əsas varmı?
- Hesab edirəm ki, kimin nə dediyindən asılı olmayaraq, bu görüşlər cəmiyyət üçün çox vacibdir. Görüşlərdən imtina edənlərin mövgelərilə razılaşmasam da, onlara normal yanaşıram. ALDP olaraq hesab edirik ki, hakimiyyətlə dialoq mütləqdir. Çünki keçirilən görüşlərdə mən cəmiyyəti narahat edən problemləri, məmurların özbaşınalığı, vətəndaşların sosial və digər problemlər ətrafında fikir mübadiləsi aparıram. Əgər bu “işbirliyi” nəticəsində vətəndaşların problemləri həll olunursa, bunun nəyi pisdir. Hər halda bizim bu məsələdə yanlış və yaxud haqlı olduğumuzu cəmiyyət qiymət verəcək. Rəhim Qaziyevin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması bu görüşlərin nəticəsi kimi qiymətləndirmək olar.
- Fuad müəllim, Rəhim Qaziyevi buraxırlar. Tofiq Yaqublunu isə 4 il 6 ay həbs qərarını verirlər...
- Bu yanlış qərardır. Bildiyim qədər Tofiq bəyin səhhətində problemlər var, müalicə alırdı. İndi də bu qərara etiraz olaraq aclıq elan edib. Hesab edirəm ki, dövlət başçısı ona ünvanlanan çoxsaylı xahişləri və onun səhətində problemlərin olduğunu nəzərə alaraq əfv edəcək. Tofiq Yaqublunun azadlığa buraxılması dialoq mühitinə də müsbət təsir edəcək.

0.298663854599