Partiya sədri: İndi isə belə olmayacaq, mübarizə axıra qədər gedəcək
Uzun müddətdir Azərbaycanda prezident İlham Əliyevin rəhbərliyi ilə islahatlar aparılır. İslahatlar dalğası bütün sahələr əhatə edir. Ölkə ictimaiyyətinin dəstəklədiyi islahatlar prosesini sabotaj etməyə, dayandırmağa çalışanların da olduğu müşahidə edilir. Sabotajçılar isə bu islahat dalğasının vəzifədən kənarlaşdırdığı bir sıra məmurlar, onların hələ də iş başında olan adamlarıdır. Bir sözlə, sanki islahatçı yeni komanda ilə anti-islahatçılar arasında yeni savaş gedir.
Bəs müxalifət bu savaşdan sevinirmi, kədərlənirmi və bu davanın sonunu necə proqnozlaşdırır?
Baku News xəbər verir ki, “Yeni Müsavat” qəzeti bu sualnan Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevə müraciət etdi.
ALDP sədri Fuad Əliyev bildirdi ki, köhnələrlə yenilərin iqtidardaxili açıq və gizli savaşı hələ davam edəcək: “Keçmişdə müəyyən qrupların bir-biri ilə problemləri olub. Misal üçün, iqtisadi-siyasi məsələlərdə toqquşmalar olub. Çox məsələlərdə onlar ümumi razılığa gələ bilirdilər. Amma indi isə hesab edirəm ki, belə olmayacaq, mübarizə axıra qədər gedəcək. Müxalifətdə iqtidariçi savaşdan sevinən olacaqsa, onlar qalib çıxan tərəfin nəzarətində olanlar olacaq”.