Partiya sədri: Həmişə cəmiyyətimizi, ictimaiyyəti narahat edən problemləri, məsələləri qaldırmışıq

Baku News Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Mətbuat Xidmətinə istinadən xəbər verir ki, ALDP sədri Fuad Əliyev "525"-ci qəzetin "Siyasi dialoq" rubrikasının qonağı olaraq, geniş müsahibə verib. Baku News müsahibənin I hissəsini təqdim edirik.

-          Fuad bəy, bir müddətdir ki, Azərbaycanda belə demək mümkünsə, iqtidar-müxalifət dialoquna start verilib. PA-nın şöbə müdiri Ədalət Vəliyev mütamadi olaraq siyasi partiya liderləri ilə müzakirələr aparır. Sizin fikrinizcə, iqtidar-müxalifət dialoqunun aparılması nə üçün vacibdir.

-          İlk olaraq onu qeyd edim ki, Prezident Administrasiyasında ilk dəfə olaraq xüsusi struktur - Prezident Administrasiyasının Siyasi partiyalar  qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması hakimiyyətin siyasi partiyalarla müntəzəm  aparmaq, sağlam əməkdaşlıq qurmaq istəyindən irəli gəlir. Bu şöbənin rəhbəri Ədalət Vəliyevin partiya sədrləri ilə ayrı-ayrılıqda görüşü dövlətin siyasi partiyalara verdiyi önəmin daha bir göstəricisi sayıla bilər. Bu eyni zamanda ölkədə siyasi mühitin saflaşdırılması, münasibətlərin normallaşdırılması deməkdir. ALDP bu görüşü yüksək qiymətləndirib. Bu görüşləri hakimiyyət-müxalifət arasında dialoqun ilk addımı hesab etmək olar. Bu gün həmin dialoqun baş tutması olduqca əhəmiyyətli və vacibdir. Düzdür, bunu istəməyən qüvvələr də mövcuddur. Amma əgər biz Azərbaycanda siyasi münasibətlərin sağlamlaşmasını, iqtidarla müxalifət arasında münasibətlərin saflaşmasını istəyiriksə, hakimiyyətlə dialoqa getməliyik. Bütün sivil və demokratik ölkələrdə hakimiyyət-müxalifət dialoqu baş tutub.  Bu dialoq təkcə tərəflərin yox, büyövlükdə cəmiyyətimizin xeyrinədir.  ALDP hakimiyətin təşəbbüsü ilə başladılan siyasi dialoqun, bu istiqamətdə atılan ilkin addımların müsbət qiymətləndirir, onun davamlı olmasına ümid edirik.

-          Siyasi sistemin yeni konfiqurasiyasının formalaşmasında iqtidar- müxalifət dialoqu hansı rolu oynaya bilər?

-          Hakimiyyət-müxalifət dialoquna aparan ilkin addımların atılması onu deməyə əsas verir ki, Dövlət başçısının təşəbbüsü və iradəsi ilə Azərbaycanda artıq siyasi islahatların yeni mərhələsi başlayıb, siyasi sistemin yeni konfiqurasiyası formalaşmaqdadır. Bu konfiqurasiyanı qorumalıyıq. Hakimiyyət-müxalifət münasibətlərinin yeni müstəviyə keçməsi üçün yaradılan fürsət və şəraiti qoruyub saxlamalıyıq.  Müxalifətin istəyi siyasi münasibətlər sisteminin yenilənməsi və daha sivil, demokratik münasibətlər qurulmasıdır. Bu istək hakimiyyət rəhbərliyi tərəfindən dialoq vasitəsilə həyata keçirilirsə, bunun nəyi pisdir. Niyə buna mane olmalıyıq?

-          Sizin rəhbərlik etdiyiniz partiya prosesdə nə dərəcədə aktiv cəlb olunub və dialoq çərçivəsində hansı məsələləri qaldırıb, nə kimi təkliflər irəli sürmüsünüz?

-          ALDP həmişə istər müxalifət daxili, istərsə də müxalifətlə hakimiyyət düşərgəsi arasında dialoqun tərəfdarı olub. Biz ölkədə siyasi sistemdə də islahatların aparılmasını istəmişik. Eyni zamanda milli və dövlətçilik maraqlar naminə həmrəylik tərəfdarı kimi çıxışlar etmişik. Dəfələrlə digər siyasi partiyalara bu mövzuda müraciətlər etmişik. Müxalifətə ölkədə keçirilən bütün seçkilərdə seçkilərin demokratik və şəffaf keçirilməsində hökumətə dəstək olmaq təklifini vermişik. Təəssüflər olsun ki, müxtəlif obyektiv səbəblərdən çağırışlarımız nəticəsiz qalıb. O ki, qaldı dialoqda səsləndirdiyimiz təkliflərə, həmişə cəmiyyətimizi, ictimaiyyəti narahat edən problemləri, məsələləri qaldırmışıq. Konkret olaraq Seçki Məsəlləsində bir sıra dəyişikliklərin edilməsinin vacibliyi, proporsional seçki sisteminin tətbiq edilməsini, parlamentli respublika formasına keçid, seçkilərə qatılan, lakin parlamentə düşməyən siyasi partiyaların dövlət tətəfindən maliyyələşməsi, partiyaların qeydiyyat prosedurunun yumşaldılması, Bakı merinin seçki yolu ilə seçilməsi, Dağlıq Qarabağ münaqişəsinin həllində siyasi partiyaların fəaliyyətinin intensivləşdirilməsi, bu istiqamətdə hakimiyyətlə birgə addımlamağı ... və digər önəmli sosial, iqtisadi təkliflər səsləndirmişik. Ümid edirəm ki, hakimiyyət siyasi partiyaların təkliflərini nəzərə alacaq.

-           Hakimiyyətin dialoq başlayandan bəri atdığı addımları necə qiymətləndirirsiniz? İlkin nəticələr Sizi qane edir?

-          İlk addımları müsbət qiymətləndirirəm. Hələ nəticədən danışmaq tezdir. Hakimiyyət hələ müxalifətlə münasibət qurur, tənzimləyir. Düzdür, fikir mübadilələri aparmışıq, təkliflərimizi səsləndirmişik. Hə, partiyaların qeydiyyat məsələsini qeyd etmək olar, amma ümumillikdə, hələ ortada heş nə yoxdur.  ALDP  təmərküzləşmənin, qarşılıqlı anlaşma yolu ilə bütün məsələlərin həllinin tapılmasının tərəfdarıdır. Müxtəlif məsələ və problemlərə müxtəlif yanaşmalar ola bilər, bu təbiidir, amma sivil müxalifətçiliyi də davam etdirməyi bacarmalıyıq. Bizim istəyimiz budur. Hakimiyyət-müxalifət dialoquna atılan ilk addımlar onu göstərir ki, ölkə rəhbərliyi də bu məsələdə maraqlı tərəfdir. Bütün bunları nəzərə alarq deyə bilərəm ki, PA rəsmisi Ədalət Vəliyevin siyasi partiya rəhbərləri ilə görüşündən müsbət nəticələr gözləyirəm.

 Ardı var

0.21324896812439