Parlamentdə təmsil olunmayan partiyalar büdcədən pul ala bilər?

Azərbaycan Sosial Tədqiqatlar Mərkəzinin sədri, Milli Məclisin Komitə sədri Zahid Oruc “İlham Əliyevin yeni xalq hakimiyyəti” adlı yazısında parlamentdə təmsil olunmayan partiyaların da dövlət büdcəsindən maliyyələşməsi məsələsinə toxunub.

Zahid Oruc bildirib: “İndi bütün komandasında gələcək naminə vahidliyi təmin etmək, siyasi sistemin və institusional təsisatların, milli ziyalıların və ictimai rəy liderlərinin dövlət orbitinə qaytarılmasına nail olmaq, müxalif partiyalarla siyasi saziş, ictimai müqavilə ilə konsensus tapmaq və parlamentdən kənar qüvvələrin büdcədən maliyyələşdirilməsinə getməklə onların sosial aqressivliyini, xaricdən asılılığını azaltmaq, həmçinin dövlət şuralarında idarəçilikdə iştiraka cəlb etməklə münasibətləri hüquqi müstəviyə qaytarmaq, dialoq mühitini daimi çalışan və qərarlarla irəliyə gedən bir müstəviyə çevirmək, siyasi mədəniyyəti bərpa edərək destabillik doğuran mənəvi terroru durdurmaq, yeni kommunikasiya inqilabının gətirdiyi çağırışlara hazır olmaq Əliyevin qurduğu ”yeni xalq hakimiyyəti"nin ali məramıdır".

Zahid Orucun bu fikirləri parlament təmsilçiliyi olmayan partiyaların büdcədən maliyyələşməsi üçün hansısa addımların atılacağının anonsu sayıla bilərmi? Parlament təmsilçiliyi olmayan partiyalar bunu istəyirmi?

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev "Yeni Müsavat"-a bildirdi ki, Zahid Oruc hakimiyyətin görəcək işlər barədə məlumatlı şəxsdir. Bu baxımdan onun yazısında əksini tapan məsələnin nə zamansa reallaşacağına ümid yaranır: “Parlamentdən kənarda olan partiyaların maliyyələşməsi məsələsinin müsbət həllinin vacibliyi barədə biz də zaman-zaman bildirmişik. Çox ölkələrdə belə prosedur var, parlament seçkilərində iştirak edən, amma parlamentə düşməyən partiyalara dövlət tərəfindən maliyyə ayrılır. Biz də bunun üçün bir mexanizm tətbiq olunub həyata keçirilsə yaxşıdır. Bununla bağlı mən PA rəsmisi Ədalət Vəliyevlə keçirdiyim görüşdə fikir mübadiləsi aparmışıq”.

0.097418069839478