Partiya sədri: Ümummilli məsələ olduğu üçün başqa mövqedən çıxış etmək düzgün deyil
“İşğal altında olan torpaqlarımızın azad edilməsi məsələsində Ali Baş Komandana və Azərbaycan Ordusuna birmənalı dəstək veririk”
Bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev “Yeni Azərbaycan” qəzetinə açıqlamasında bildirib.
“Məlum olduğu kimi, Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başlamasından dərhal sonra 50 siyasi partiyanın rəhbərləri birgə bəyanat imzaladılar. Bundan bir qədər sonra isə həmin partiyaların sədrlərinin iştirakı ilə videoformatda görüş keçirildi. Hesab edirəm ki, Ermənistan silahlı qüvvələrinin növbəti təxribatından sonra siyasi partiyaların ortaya qoyduğu mövqe, o cümlədən hakimiyyət və müxalifətin həmrəyliyi, cəmiyyətin birliyini göstərən bu mənzərə təqdirəlayiq idi. Çünki bütövlükdə Azərbaycan cəmiyyəti dövlət başçısının, Ali Baş Komandanın qərarının arxasında dayandığını nümayiş etdirdi”.
Partiya sədrinin sözlərinə görə, Azərbaycan Prezidentinin atdığı qətiyyətli addımlara dəstək göstərilməsi xalqımızın iradəsinin nümayişi idi:
“Hesab edirəm ki, ümummilli məsələ olduğu üçün ölkənin əksər partiyalarının bu məsələdə başqa mövqedən çıxış etməsini də gözləmək düzgün deyildi. Burada ilin əvvəlindən başlayan siyasi dialoqun dərinləşdirilməsinin mühüm rolu var”.
F.Əliyev deyib ki, siyasi mənsubiyyətindən asılı olmayaraq, bu gün hamı Ali Baş Komandanın ətrafında birləşməlidir:
“Bu baxımdan, 50 siyasi partiyanın imzaladığı bəyanat və daha sonra siyasi qüvvələrin yekdil mövqedən çıxış etməsi çox vacibdir. Ona görə ki, Azərbaycan xalqı bütün dünyaya göstərir ki, ölkəmizdə indiki məqamda vahid mövqe var, hamımız torpaqların işğaldan azad edilməsi məsələsində Ali Baş Komandana və Azərbaycan Ordusuna tam dəstək veririk”.