ALDP sədri: Biz parlament seçkilərin 100 faiz proporsional keçirilməsinin tərəfdarıyıq
Milli Məclisin dekabrın 28-də keçirilən plenar iclasında “Siyasi partiyalar haqqında” Qanuna bəzi dəyişikliklər olunub. Bu dəyişikliklər daha çox dövlət büdcəsindən maliyyələşən partiyalarla bağlı olub.
Məlumat üçün bildirək ki, qanunun hazırda qüvvədə olan mətnində “dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizinin siyasi partiyalar tərəfindən irəli sürülən, etibarlı səslərin azı 3 faizini qazanan, lakin Milli Məclisdə təmsil olunmayan həmin partiyalar arasında proporsional olaraq bölündüyü” qeyd olunub. Bu sahədə mövcud olan boşluqların aradan qaldırılması üçün təklif olunan yeni dəyişiklikdə həmin məbləğ 10 faizdən 5 faizə endirilir. Məbləğin digər 5 faizi isə təkrar və əlavə seçkilərdə qələbə qazanan deputatların partiya mənsubiyyətinin yaranması ilə əlaqədar parlamentdə təmsil olunan yeni siyasi partiyalara ayrılır.
Təklif olunan dəyişikliklərdə isə qanunun tətbiqi zamanı yarana biləcək vəsait çatışmazlığının aradan qaldırılması mexanizmləri, siyasi partiyaları təmsil edən deputatların saylarının artması və azalması, Milli Məclisdə yeni siyasi partiyaların təmsil olunması hallarında vəsaitin hesablanma tarixi əksini tapıb. Dəyişikliklərdə siyasi partiyaların dövlət büdcəsindən ayrılan vəsaitdən imtina etdiyi zaman həmin vəsaitin dövlət büdcəsinə qaytarılması yox, Milli Məclisdə təmsil olunan partiyalar arasında dördüncü rübün sonunda bərabər olaraq bölünməsi nəzərdə tutulub.
Bu dəyişikliklər bir çox məsələləri yenidən aktuallaşdırıb. Bəllidir ki, dövlət büdcəsindən maliyyələşənlər parlament partiyalarıdır. Ölkədə 50-dən çox qeydiyyatı olan siyasi partiya var ki, heç bir vəsait almır. Amma hökumət bu partiyaları da qapı arxasında saxlamır. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin son bir ildə partiya rəhbərləri ilə mütəmadi görüşlər keçirməsi, bir sözlə, iqtidarla müxalifət arasında sağlam dialoq mühitini yaratması, son olaraq da bir çox partiyaların qərargahla təmin olunmaları çox mətləblərdən xəbər verir. Bütün bunlardan çıxış edərək, qeydiyyatı olan bütün partiyaların maliyyələşməsinin vacibliyindən söz açılır.
“Partiyaların maliyyələşməsi ancaq proporsional qaydada keçirilən seçkilərdə olur”
Baku News xəbər verir ki, bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev "Yeni Müsavat"-a açıqlamasında bildirib:
“Qəbul olunan qanun bütün partiyalara şamil olunmayacaq. Seçkilərdə iştrak edən partiyalar nəzərdə tutulur. O ayrılan maliyyə parlamentdə təmsil olan və olmayan partiyalar arasında bölünəcək. Parlamentdə təmsil olunmayan partiyalara və seçkilərdə 3 faizdən yuxarı səs toplayanlara ayrılan vəsaitdən 5 faiz bölünəcək. Bundan qabaq ALDP seçkilərdə iştirak edən, parlamentdə təmsil olunmayan və maliyyə almayan partiyadır. Biz təklif edirdik ki, seçkilər proporsional və majoritar qaydada keçirilsin. 100 faiz majoritar qaydada keçirilən seçkilərdə qazanılan faizləri əsas götürüb partiyaların maliyyələşməsi düzgün deyil. Partiyaların maliyyələşməsi ancaq proporsional qaydada keçirilən seçkilərdə olur. Təklifimiz, parlament seçkiləri yarı proporsional, yarı majoritar keçsin. İlkin olaraq. Bir seçkidən sonra 100 faiz proporsional keçirilməsinin tərəfdarıyıq”.