Partiya sədri: Navalnı demokratdan çox şovinistdir
Rusiyada müxalifət lideri Aleksey Navalnının həbsinə etiraz olaraq başlanan aksiyalar qısa müddətdə bütün ölkəni bürüdü. Siyasi analitiklər hesab edir ki, baş verən hadisələrin ölkənin ucqarlarına yayılması aksiyaların təkcə Navalnının həbsi ilə bağlı olmadığını söyləməyə əsas verir. Rus xalqını hərəkətə gətirən başqa nüanslar da var. Rusiyada baş verən etiraz aksiyaları Aleksey Navalnın həbsinə qarşı yönəlsə də, birbaşa Putin hakimiyyətini hədəf alıb və əslində Rusiyada heç də demokratik dəyişikliyə hesablanmayıb. Qərb Navalnı olayından istifadə edib Rusiyaya sanksiyalar tətbiq edəcək.
Qərb çalışır ki, Putin beynəlxalq oyunçu deyil, daxili problemlərə başı qarışan bir dövlət başçısı olsun. Bu istiqamətdə plan hazırlanır. Məhz Navalnıya da buna görə dəstək verilir. Bu gün sanskiyalardan dolayı ölkədə sosial iqtisadi vəziyyət çətinləşir. Hələ ölkə əhalisi geniş narazı kütləyə çevrilməyib. Yuxarı eşelondakı generalların da Putinə təsir etmək üçün aksiyalara dəstək verdiyi deyilir. Səbəb isə Putinin generalları saymaması, onlarla hesablaşmaması göstərilir.
Rusiyada cərəyan edən hadisələr, etiraz aksiyaları Azərbaycanda da diqqətlə izlənilir. Hakimiyyətin proseslərdə Vladimir Putinin tərəfdarı olduğu açıq-aydın görünür. Müxalifət düşərgəsində isə vəziyyət fərqlidir. Belə ki, müxalifətin bir qanadı Rusiyada etiraz aksiyalarını dəstəklədiyini nümayiş etdirir.
Bəs ümumilikdə Azərbycan müxalifəti bu aksiyalardan ümidlənirmi, ruhlanırmı? Aleksey Navalnı ilə bizim müxalifətdən, kiminsə birbaşa, şəxsi münasibəti var?
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev "Yeni Müsavat"-a bildirdi ki, Rusiyada vəziyyət hələ qeyri-müəyyən istiqamətdə inkişaf edir. Məlum məsələdir ki, Navalnının arxasında Qərb qüvvələri durur. Necə ki, bundan qabaq Belarusda vətəndaş qarşıdurmasına çalışırdılar:
“Rusiyada etiraz aksiyalarında əsasən gənclər iştirak edirlər. Hələ Dmitri Medvedyevin prezidentliyi dövründə 100-200 minlik mitinqlər keçirilirdi. Mən o mitinqləri müşahidə etmişdim. Sonra məlum oldu ki, O mitinqlər Medvedyev-Putin cütlüyünün oyunudur. Yəni ki, Rusiya müxalifəti o dərəcədə güclü deyildi ki, narazı insanları meydanlara çıxartsın. Navalnı isə müxalifət liderlərindən dəfələrlə zəifdir, siyasi partiyası belə yoxdur. Və düşünmürəm ki, bu proseslər dövlət və yaxud hakimiyyət dəyişməsi ilə nəticələnsin. Fikirləşirəm ki, Putin müəyyən islahatlara gedəcək, amma bu çox cüzi olacaq. Rusiyada islahatlar istəyən milyonlarla vətəndaş var, amma onları birləşdirən şəxsiyyət yoxdur. Navalnı demokratdan çox şovinistdir.
O ki qaldı müxalifət olaraq bizlərin Rusiyada baş verənlərdən ruhlanmağımız məsələsinə, başqa ölkələrdə baş verənlərin bizə aidiyyəti yoxdur və şəxsən biz bundan ruhlanmırıq. Bundan qabaq bir çox ölkələrdə “məxməri inqilab”, “ərəb baharı” gördük. Onların nə bizə, nə də heç öz ölkələrinə bir faydası dəydi. Hesab edirəm ki, Azərbaycan müxalifəti öz xalqının problemlərini işıqlandırmalıdır, xalqa dəstək verməlidir, xalqın dəstəyini qazanmalıdır. Aleksey Navalnı ilə isə şəxsi əlaqələrimiz və ya tanışlığımız yoxdur".