ALDP sədri: Cəmiyyət onların təminatı üçün əlindən gələn köməyi etməlidir
“Azərbaycan xalqının hər bir fərdi Vətən müharibəsində qələbənin əldə edilməsi üçün canından keçən, sağlamlığını qurban verən döyüşçülərimizə borcludur. Buna görə də Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə və qazilərə təkcə dövlət deyil, bütün vətəndaşlar diqqət və qayğı göstərməlidir”.
Baku News xəbər verir ki, bu fikirləri "Yeni Azərbaycan" qəzetinə verdiyi açıqlamada Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.
Partiya sədri deyib ki, Azərbaycan Prezidentinin diqqət və qayğısı nəticəsində şəhid ailələrinin və qazilərin problemlərinin həlli, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət tərəfindən davamlı addımlar atılır:
“Məlum olduğu kimi, I Qarabağ müharibəsində həlak olmuş 9 min şəhidin ailəsinə dövlət artıq mənzillər verib, yaralı hərbçilər dövlət tərəfindən qayğı ilə əhatə olunub. Sözsüz ki, Vətən müharibəsindən sonra da şəhid ailələrinin və qazilərin sosial müdafiəsi ilə əlaqədar dövlət tərəfindən təxirəsalınmaz tədbirlər görülür. Əlil olmuş hərbçilərin reabilitasiyası, onların müasir protezlərlə təmin edilməsi məsələsi öz həllini tapır”.
F.Əliyevin sözlərinə görə, bütün dünyanı cənginə alan pandemiya dövründə belə dövlət tərəfindən şəhid ailələri və əlillər üçün nəzərdə tutulan sosial layihələrin həyata keçirilməsi Azərbaycan Prezidentinin bu məsələlərə nə qədər həssas yanaşdığını göstərir:
“Eyni zamanda cəmiyyətin bütün təbəqələri həmin kateqoriyadan olanların təminatı üçün əlindən gələn köməyi etməlidir”.