Partiya sədri: İcra strukturları ləğv edilməli, yerinə prezidentin nümayəndələri olmalıdır
İşğaldan azad olunmuş ərazilərimizin bərpası və əhalinin öz yurdlarına köçürülməsi prosesinin başlanması gözlənilir. Buna Versus.az-a münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev artıq bərpa işlərin başlanmasını qeyd edib:
“Bərpa işləri yeni başlayıb. Yollar çəkilir, Füzulidə beynəlxalq səviyyəli aeroport tikilir, yəqin ki, ilin axırına qədər istismara veriləcək. Yayda Şuşada Türk Dövlətlərinin musiqi festivalı keçiriləcək. Məlumdur ki, hələ ki, işğaldan azad olunmuş digər ərazilərdə minalardan təmizlənmə işi aparılır. Mərhələli şəkildə ərazilər təmizləndikcə, əhalimiz də öz yurdlarına köçürüləcək. Yəqin ki, bu proses 3 il davam edəcək və əhalinin yerləşdirilməsindən sonra Rusiya sülhməramlıları da Qarabağdan çıxarılacaq. Bu gün Azərbaycan ictimaiyyətini narahat edən Xankəndi, Xocalı, Ağdərə, Laçın, Kəlbəcərə qayıdışımız da mütləq olacaq və həmin ərazilərimizdə Azərbaycan qanunvericiliyi işləyəcək. Artıq Şuşada, Laçında dövlət idarəetmə strukturları qurulur və fəaliyyətə başlayacaqlar. Dövlət başçısı işğaldan azad olunan həmin ərazilərə də öz nümayəndələrini təyin edəcək. Bu baş verəsəksə, deməli Azərbaycanda yeni islahatlara start verilmiş olacaq. Bu da onu göstərir ki, başqa rayonlarda da icra başçıları strukturları ləğv olunacaq və yeni nümayəndəliklər açılacaq. Biz bundan qabaq da təklif etmişdik ki, icra strukturları ləğv edilməli, yerinə prezidentin nümayəndələri olmalıdır. Daha çox bələdiyyələrə üstünlük verilməlidir”
Hazırki mərhələdə siyasi partiyaların birgə əməkdaşlığı, eləcə də siyasi partiyaların hansısa xarici təsirlərin diqtəsi ilə fəaliyyəti müşahidə olunması və belə halların hazırki birliyimiz üçün nə dərəcədə təhlükəli olduğuna ALDP sədri münasibət bildirərək bunu deyib:
“Siyasi partiyalar bir məsələdə - Qarabağın işğaldan azad olunması prosesində həmişə bir olub. Siyasi partiyalar Vətən Müharibəsi ərəfəsində demək olar ki, bir mövqedən çıxış edirdilər. Digər məsələlərdə fərqli baxışlar ola bilər. Bu gün Azərbaycanda xaricdən maliyyələşən, hansısa göstərişləri həyata keçirən “5-ci kolon” var. Düşünürəm ki, onlar da Navalin, yaxud Tixanovskaya kimi xaricə qaçacaqlar. Azərbaycan vətəndaşının dəstəyini, inamını qazanmaq lazımdır. Xaricdən göstəriş, maliyyə ilə fəaliyyət gösərmək heç vaxt keç kimə uğur gətirməyib.”