İlham Əliyevin ABŞ-dan gözləntilərinin şifrələri – TƏHLİL

Prezident İlham Əliyev mayın 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələrdə rəsmi Bakının çoxvektorlu, bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə əsasən xarici siyasət doktrinasını ortaya qoyub.

İlham Əliyevin açıqlamalarında Azərbaycanın Qərbə perspektiv baxışı da diqqət çəkir, özündə yeni elementləri ehtiva edir.

Burada iki məqamı xüsusilə qeyd etmək lazımdır.

Birincisi, Azərbaycan Avropa İttifaqı ilə parafladığı yeni sazişlə bağlı danışıqların yekun mərhələsini bərpa edəcək.

Bunun Bakı-Avropa əməkdaşlığının gələcəyində də xüsusi rol oynayacağı şübhəsizdir.

Avropa İttifaqı Azərbaycanın ticarət tərəfdaşlarından biridir, bununla belə əməkdaşlığın daha da dərinləşdirilməsi Bakının xarici siyasət gündəliyində dayanır.

İlham Əliyev “Avropa İttifaqı ilə Azərbaycan arasında daha fəal əməkdaşlıq görmək istərdik” deməklə Bakının gündəmində dayanan məsələni Qərbin bir qolu olan Avropanın diqqətinə çatdırır.

İkincisi, İlham Əliyevin Qərbə istiqamətlənən baxışlarında ABŞ-dan olan gözləntilərin ifadə edilməsi Bakının postmünaqişə dövrü üçün prioritetlərində Vaşinqtonun xüsusi önəminin qabardılmasıdır.

İlham Əliyev Azərbaycanla ABŞ əlaqələrinin şaxələndirilməsinin vacibliyinə diqqət çəkib. Prezidentin bu açıqlamanı Bakı-Moskva hərtərəfli əməkdaşlıq platforması fonunda səsləndirməsi isə o deməkdir ki, Bakı Ağ Evin proseslərdə aktiv iştirakçı olmasını istəyir.

Ümumiyyətlə, Bakının siyasəti balanslıdır, lakin regiona coğrafi yaxınlıq Rusiyanın proseslərdə birbaşa iştirakını şərtləndirir.

İndi Azərbaycan maraqlıdır ki, tərəzinin gözünə Vaşinqton da ağırlıq sala bilsin.

Mümkün hədəflər isə bunlardır:

1. Regiondakı proseslərdə super güclərin balansını yaratmaq,

2. Post münaqişə dövründə kommunikasiyaların açılmasında, yeni nəqliyyat dəhlizlərində ABŞ-ın iştirakını sürətləndirmək.

İlham Əliyevin Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşması üçün ABŞ-ın aparıcı ölkə kimi çox iş görə biləcəyini deməsi da həmin iki versiyanın labüdlüyünü gücləndirən arqument hesab oluna bilər.

İlham Əliyevin işlətdiyi bir cümlə də Vaşinqtonun proseslərə cəlb edilməsinə dair Bakının digər strateji hədəflərindəki istiqamətlərdir.

Bu strateji hədəfin məqsəd və məramı isə budur ki, ABŞ Azərbaycanın imzalamağa hazır olduğu sülh sazişinə böyük töhfəsini versin.

“Biz Ermənistanla sülh sazişi üzərində işləməyə hazırıq. ABŞ öz potensialından istifadə edərək Ermənistanı inandıra bilər ki, bu, irəli getməyin yeganə yoludur və revanş məsələsinin hətta ağıllarına belə gətirilməsi onlar üçün olduqca təhlükəli olacaq. Yəni, çoxlu imkanlar və gözləntilər var, ancaq biz ABŞ administrasiyasının tam olaraq işə başlamasını gözləyir və mesaj almaq istəyirik ki, onlar bizimlə münasibətləri necə qurmaq istəyirlər”, - deyə Prezident əlavə edib.

İlham Əliyevin dediyindən çıxarılan nəticələrə gəlincə deyə bilərik ki, birincisi, sülh sazişinin imzalanması qaçılmazdır.

Lakin fəaliyyətləri üçün yeni ideyalar axtarışına çıxan həmsədr ölkələrdən ABŞ və Rusiya ikili ritorika nümayiş etdirir, digəri, yəni Fransa isə ümumiyyətlə qərəzindən əl çəkmir.

Sülh sazişindən daha çox Rusiya pay götürmək istəyir, bu isə Moskvanın təsir rıçaqlarını gücləndirə bilər.

İndi ABŞ-dan gözləntilərin ifadə edilməsi o deməkdir ki, Vaşinqton ikili ritorikadan əl çəksin, sülh sazişinin hazırlanmasında Vaşinqton öz töhfəsini versin və praktiki maraqlar kontekstində Rusiyanın təsir imkanlarını neytrallaşdırsın.

İkincisi, İlham Əliyevin ABŞ-ın Ermənistanı inandıra bilmək potensialını dəyərləndirməsi onu deməyə əsas verir ki, Bakı Kremlin funksiyasını yetərincə yerinə yetirmədiyinə əmindir.

Yəni, Kreml Ermənistanı sülhə inandırmaqdan çox, dominantlığını gücləndirməyi hədəfləyir və bu, bəzən Azərbaycanın maraqlarına cavab vermir.

Bunun əyani sübutunu Qarabağdakı Rusiya sülhməramlıların çoxlu sual yaradan addımlarında görmək mümkündür.

İlham Əliyev Azərbaycanın ABŞ-la hərbi sahədə əməkdaşlıq etmək istəyindən də bəhs edib. Bu o deməkdir ki, Azərbaycan silah bazarında alternativlər axtarır və ABŞ-ın müasir silahlarına yiyələnmək istəyir.

Aqşin Kərimov

0.72587704658508