Fuad Əliyev: Çalışırlar ki, “narıncı inqilablar”la ölkəyə “demokratiya” gətirsinlər
Regionda marağı olan güc dövlətləri təsir imkanlarını bərpa etmək üçün yeni manevrlər edirlər. Yenə də Ermənistan, erməni separatçıları maşa kimi istifadə olunur. Azərbaycan Prezidentinin işğaldan azad olunmuş ərazilərə səfərləri çərçivəsində etdiyi çıxışlar həmin güclərə verilən mesajlardır. Qərbin Azərbaycana qarşı yönələn təsirləri yenə də bu güclərin ədalətsizliyin, işğalçının haqsız müdafiəsi ilə demokratiya anlayışını zədələyir. Hazırda region nəyə şahidlik edir?
Bu istiqamətdə Versus.az-a müsahibə verən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev müəyyən məqamlara diqqət çəkib.
- Fuad bəy, Prezidentin Ağdama son səfərini necə dəyərləndirirsiz?
- Prezident Admnistrasiyasının nümayəndəsi Ədalət Vəliyevin iştirakı ilə 2 ay bundan əvvəl Ağdam rayonunda səfərdə olduq. Biz orada erməni vandallarının törətdiyi dəhşət doğuran mənzərənin şahidi olduq. Bizdən qabaq ora Prezident, ictimaiyyət və media nümayəndələrinin ora səfərləri olmuşdu. İndi isə Prezidentin Ağdam şəhərinə ikinci səfərini izlədik. Prezident təməlqoyma mərasimində iştirak etdi, Ağdamın ictimaiyyət nümayəndələri ilə görüşdü. İndi orada həyata keçiriləcək layihələrin təqdimatından Ağdam şəhəri və digər kənar şəhərlərin necə qurulacağınının şahidi oluruq. Bu bir daha göstərir ki, dövlət başçısı işğaldan azad olunan rayonlarda aparılan bərpa işlərini ciddi nəzarətdə saxlayıb. İnanıram ki, nəinki Ağdam, digər rayonlarda da belə quruculuq işləri aparılacaq və hətta deyərdim ki, çoxdan başlanıb. Hazırda işğaldan azad olunan Ağdam və digər rayonlarda minalardan təmizlənmə işləri gedir və yəqin ki, bir il ərzində təmizlənmə işləri başa çatacaq.
Çox müsbət haldır ki, dövlət başçısı ardıcıl olaraq işğaldan azad olunmuş rayonlara səfərlər edir. Belə səfərlərdən biri elə bu günlərdə Şuşa şəhərinə oldu. Bilirik ki, Şuşa Azərbaycanın Mədəniyyət Paytaxtı elan olunub və Milli Məclis şəhərin Dövlət Qoruğu kimi mühafizəsi ilə bağlı qanun qəbul edib. Şuşada keçirilən Xarıbülbül Festivalı ölkəmizin tolerant və dünya xalqları ilə həmrəylik, sülh, hörmət şəraitində yaşamağının gözəl nümunəsini təqdim etdi. Hələ gələcəkdə Şuşada neçə-neçə belə musiqi festivalları keçiriləcək. Bu mədəni tədbirlər Azərbaycanı sevən, onun dövlət sərhədlərini tanıyan, hörmət edən hər bir xalqın, millətin nümayəndəsi üçün açıq olacaq.
Eləcə də məlumdur ki, Füzulidə başlanan aeroportun tikintisi artıq sentyabr aylarında yekunlaşacaq. Bu onu göstərir ki, qələbədən sonra dövlət başçısının verdiyi bəyanatların bir hissəsi artıq həyata keçir. Məncə, cəmiyyətimiz, siyasi partiyalar bu prosesdə Prezidentə dəstək verməlidir. Siyasi təşkilatlar müharibə dövründə necə birləşib hərəkət edirdilərsə, bu gün də birləşərək ölkə reallıqlarının təbliğatı, quruculuq işləri və sair məsələlərlə bağlı öz mənəvi, siyasi dəstəyini əsirgəməməlidir. Biz müharibə dövründə dünya ictimaiyyətinə işğalla bağlı məlumatları necə yayırdıqsa, indi də həmin ərazilərin bərpası ilə bağlı aparılan işlər, erməni vandallığının fəsadları, vurulan ziyanla bağlı məlumatlar verməliyik. Partiyamız müharibə zamanı əməkdaşlıq etdiyi partiyalarla bu gün də əlaqələrini saxlayır, bugünkü proseslərlə bağlı məlumatlar verir. Regionda işğaldan sonra vəziyyətin nə qədər ağıq olduğunu, Ağdam şəhərinin erməni işğalçıları tərəfindən darmadağın edilməsini, 80 faiz ərazinin minalanması, təmizlənmə işlərinin getməsi və bunun nə qədər çətin olduğunu qeyd edirik. İnanırıq ki, yaxın zamanlarda minalardan təmizləmə işləri yekunlaşacaq və biz sərbəst şəkildə işğaldan azad olunan torpaqlarımıza, şəhər və kəndlərimizə gedəcəyik.
- ATƏT-in Minsk Qrupunun yenidən Qarabağ məsələsinə cəlb olunması ilə bağlı edilən çağırışlar və bu prosesdə əsas aparıcı güclər olan Rusiya və ABŞ-ın səyləri nəyə yönəlikdir?
- İnanmıram ki, Rusiya Minsk Qrupunun tərkibində olan dövlətlərin bölgədəki fəaliyyətinin aktivləşməsini istəsin. Çünki Rusiya ATƏT-in Minsk Qrupunun çərçivəsində deyil, ayrıca bir dövlət kimi həm Ermənistan, həm Azərbaycanla danışıqlar apararaq 9 noyabrda atəşkəsə nail olub. ABŞ-ın 44 günlük müharibədə aktivliyi hiss olunmurdu. Bəziləri deyir ki, ABŞ-ın başı seçkilərə qarışdığı üçün bu prosesə müdaxilə etmədi. ABŞ artıq başa düşür ki, regionda öz nüfuzunu itirib. Bundan qabaq Gürcüstanda hakimiyyəti onlar “narıncı inqilab”larla dəyişdirdilər. Sonuncu seçkilər göstərdi ki, artıq Gürcüstanda Rusiya meyilli hakimiyyət var. Ermənistanda Paşinyanın hakimiyyətə gətirilməsinə milyonlarla dollar xərclədilər. Amma yenə də Rusiyanın bölgədə güclü olduğunu hiss etdilər. İndi də çalışırlar ki, Paşinyana dəstək versinlər. Azərbaycanda çox fəaldırlar. İstəyirlər ki, Qafqaz regionunda, xüsusilə də Azərbaycanda belə layihələri həyata keçirsinlər. Ona görə də çalışırlar ki, bu qələbəmizdən sonra “narıncı inqilablar”la ölkəyə dırnaqarası demokratiyanı gətirsinlər. Amma mən deyərdim ki, ABŞ admnistrasiyası heç vaxt Azərbaycan hakimiyyəti, müxalifəti ilə səmimi olmayıb. Onlar müxalifətlə danışıb dəstək verəcəklərini vəd edəndən sonra gedib hakimiyyətlə müəyyən razılaşmalar əldə edirdilər. Müxalifətə dəstək verilmirdi. Nəticədə müxalifət xalqın qarşısında zəif görünürdü, xalqın ümidi itirdi. İndi artıq xalqın əksər müxalifət partiyalarına inamı yoxdur. ABŞ əvvəlki fəaliyyətini bərpa eləməyə çalışsa da, inanmıram ki, nəsə əldə etsin. Sözsüz ki, onların bu niyyətlərini Azərbaycanın daxili işlərinə qarışmaq kimi qəbul etmək olar. Azərbaycanın Dağlıq Qarabağ hissəsi tarixdə qalıb. İşğalda olan torpaqlar azaddır və bərpa işləri gedir. Ona görə də ATƏT-in Minsk Qrupunun bu işlərdə hansısa bir funksiyanı həyata keçirmək üçün fəaliyyətini daxili işlərimizə qarışmaq kimi qəbul etmək olar. Amma bu dəstəyi sərhəddə hərb məsələsində edə bilərdilər. Lakin bu məsələ də öz həllini tapıb. Bu, Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının imzaladığı sənəddə öz əksini tapıb. Sərhədlər vaxtilə Azərbaycan SSRİ-nin zamanında təyin olunmuş qaydada bərpa olunur. Ermənistan sərhədçiləri öz yeni pazisiyalarını boşaldıb köhnə admnistrativ sərhədlərə qayıdırlar. Rusiya bu prosesi aparır. Digər tərəfdən burda Türkiyənin də rolu var. Kimsə sərhəd məsələsi ilə bağlı təklifini verirsə, bunu da normal qarşılamaq olar. Lakin bu gün Amerika, Fransa kimi dövlətlər erməni tərəfdən çıxış edərlərsə, biz onların bu prosesdəki iştirakını dayandıra bilərik. Danışıqlar prosesi gedir. Artıq sərhəd məsələsində ermənilərin geri çəkilməsi müşahidə edilir. Hesab edirəm ki, biz İran və Gürcüstanla da sərhəd məsələlərini həll etməliyik.
- Rusiya sülhmərmlıları niyə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasının və demarkasiyasının həyata keçirilməsi zamanı erməni silahlılarının törətdiyi insidentə qarşı tədbirlər görmür?
- Rusiya sülhməramlılarının yanvar ayından başlayaraq öz missiyalarından kənara çıxması göz qabağındadır. “İsgəndər M” raketi ilə bağlı hələ də tutarlı cavab almamışıq. Son hadisələr və sərhəddə, Şuşada havaya açılan atəşlər çox narahatlıq doğuran məqamlardır. Cəmiyyət, Azərbaycan hakimiyyəti bununla bağlı bəyanat verməli və bu barədə Rusiyadan hesabat tələb etməlidir. Sərhəddə sülhməramlıların bu faktlara göz yumması halı təkrar olunarsa, bu missiyanın Qarabağdan çıxarılması məsələsinin qaldırılacağı açıq şəkildə bəyan edilməlidir. Amma təəssüf ki, nə xarici işlər nazirliyi, nə də digər rəsmi qurumlar məsələ ilə bağlı ciddi bəyanat vermirlər. Rusiyaya edilən müraciətləri, verilən sorğuları sayan yoxdur. Təxribat xarakterli addımların qarşısını almayacaq və öz fəaliyyətini düzgün yerinə yetirməyəcəklərsə, sülhməramlıların regiondan çıxarılması məsələsini qaldırmaq lazımdır.
- Fuad bəy, ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda Azərbaycanda saxlanılan erməni hərbi diversantların “hərbi əsir” kimi dərhal və qeyd-şərtsiz azad olunmasına yönələn çağırışlarını necə dəyərləndirirsiz?
- ABŞ-ın yaydığı bəyanat bizə qarşı açıq qərəzdir. Ümumiyyətlə, ABŞ-ın 30 il ərzində həm Minsk Qrupu çərçivəsində, həm də ayrıca dövlət olaraq verdiyi bəyanatlar həmişə bizə qarşı olub. Biz haqlı olduğumuz vaxtda bunlar bizə qarşı 907-ci düzəlişi qəbul etdilər. ABŞ daim ermənipərəst mövqedə dayanıb. İndi də ABŞ Departamentinin verdiyi bəyanatda erməni diversantlarının hərbi əsir kimi dərhal qaytarılmasını tələb etməsi qəti şəkildə pislənməlidir.
Artıq müharibə yekunlaşıb. Müharibədən sonra Azərbaycan ərazilərinə keçib cinayət törədən ermənilər hərbi əsir hesab oluna bilməzlər, onlar diversantdırlar. Antiterror əməliyyatları keçirdən sərhədçilərimiz erməni diversantlarını həbs edib. Biz qanundan kənar heç nə etmirik və bu gün bizdə hərbi əsir yoxdur. Biz hərbi əsirləri müharibədən dərhal sonra qaytarmışıq. Ermənistanla hərbi əsirlərin qaytarılması ilə bağlı razılaşmamız olsa da, Ermənistan Azərbaycan əsirlərini hələ də qaytarmır. Niyə ABŞ bunu görmür və Ermənistan qarşısında qəti bəyanatla çıxış etmir?! Bu, Azərbaycanın daxili işlərinə qarışmaqdır. ABŞ-ın ölkəmizə qarşı qərəzli olması verdiyi bəyanatlardan da görünür. Bu bəyanatların Azərbaycana qarşı ciddi sanksiyalar gətirməsinə inanmıram.
- Ermənistanda keçirilən seçki kampaniyası zamanı Azərbaycana qarşı revanşist və zorakılıq çağırışları geniş vüsət alıb. Bu, beynəlxalq aləmi niyə narahat etmir?
- Bunlar seçki ərəfəsində edilən populist çıxışlardır. Çünki tarix göstərir ki, namizədlərin seçki dövründə dediyi sözlərin hakimiyyətə gəldikdən sonra heç biri həyata keçməyib. Gördük ki, “demokat” libasında hakimiyyətə gələn Paşinyan indi dikrtatorluq edir, tamam başqa bir istiqamət götürüb. SOROS-un pulu ilə gələn Paşinyan, indi Rusiya ilə yaxınlaşıb özünün hakimiyyətini qorumağa çalışır.
Ermənistandan Azərbaycana qarşı revanşist çıxışların olmasına təəccüblənməməliyik. Ermənistanın Azərbaycana qarşı işğalçı, faşist ideologiyası ilə yanaşması bu gün ən sadə şəkildə dağıdılan, viranə qoyulan torpaqlarımızda görünür. Ona görə hesab edirəm ki, beynəlxalq təşkilatların Ermənistandakı revanşist çıxışlara qarşı susması bununla əlaqədardır.
- Məlumdur ki, Rusiya XİN başçısı Rusiyanın Türk Şurasında təmsil olunmaq istəyini müzakirə edib. Rusiyanın Türk Şurasında təmsil olunmasını necə qiymətləndirirsiz?
- Rusiya ilə Türkiyə arasında olan razılaşma 30 illik strateji razılaşmadır. Bu razılaşmanın Suriyada, eləcə də Azərbaycanda bir sıra birgə lahihələrin həyata keçirilməsi ilə müşahidə olunduğunu görürük. Türkiyənin Türk Şurasına üzv olan ölkələrlə ayrı-ayrılıqda ikitərəfli münasibətləri mövcuddur. Türk Şurasında olan həmin ölkələr MDB-də təmsil olunur. Beləliklə, Rusiya Türk Şurasına üzv olan dövlətlərlə ayrı-ayrılıqda əməkdaşlıq edir. Rusiyanın Türk Şurasında olub-olmaması formal xarakter daşıyır və edilən bu müraciətə də normal baxıram.