Partiya sədri : Məgər bizim Ukraynadan başqa problemlərimiz yoxdur?

Rusiyanın Ukraynaya hücumunun 8-ci günüdür. Azərbaycan cəmiyyətinin buna sərt təpkisi günbəgün artmaqdadır.

Ölkə müxalifət isə bu istiqamətdə fəaliyyətsiz görünür. Doğrudur, bir sıra partiyalar öz etiraz bəyanatlarını qəbul ediblər. Lakin bundan o tərəfə gördükləri ciddi bir iş gözə çarpmır.

Bir neçə gün öncə Ukrayna səfirliyi önündə bu ölkəyə dəstək aksiyası keçirildi, kifayət qədər kütləvilik müşahidə olundu. Amma bu aksiya ictimaiyyətin ümumi aksiyası kimi yadda qaldı.

Müxalifət niyə toplanmır, iclas keçirmir, bəyanat verib, Ukraynanı, məsələn, yaxud tutaq ki, Rusiyanı müdafiə etmir? Rusiya səfirliyi önündə etiraz aksiyası da keçirmirlər? Ümumiyyətlə, son 1 həftədə müxalifət partiyaları nə ediblər?

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev suala sualla cavab verdi: 

“Müxalifət niyə toplanmalıdır? Ayrı-ayrılıqda kim Ukraynaya, kimsə də Rusiyaya dəstək verən bəyanatlar verib. Bundan qabaq Qazaxıstanda baş verən hadisələr az qala öz problemlərimizi yaddan çıxartmışdı. İndi də Ukrayna-Rusiya münaqişəsi. Səhər açılan kimi ancaq bu mövzudan xəbərlər verilir. Məgər bizim başqa problemlərimiz yoxdur? Bəyəm hər gün qiymətlər qalxmır? Korrupsiya, rüşvət yoxdurmu? On minlərlə işsiz vətəndaş işmi tapıb? Şəhid ailələrinin, qazilərin problemləri həll olunub? Dövlət başçısı İlham Əliyev Göyçay rayon icra başçısını vəzifəsindən azad etdi. Müxalifət buna bir reaksiya verdimi? Bundan qabaq məmurlar işdən çıxarılanda, həbs ediləndə müxalifət dərhal reaksiya verirdi. “Müxalifət partiyaları 1 həftə ərzində nə ediblər” sualına gəlincə, partiyamızın fəaliyyəti ilə bağlı deyə bilərəm ki, biz iki istiqamətdə fəaliyyətimizi fokuslaşdırmışıq. Birinci, müraciət edən vətəndaşların problemlərinin həlli ilə bağlıdır.  İkinci isə bizdə qurultaya hazırlıqdır. Digər məsələlərə də öz mövqeyimizi bildirmişik”.

/Yeni Müsavat/

0.04489803314209