Partiya sədri: Siyasi partiyalar Brüsseldə əldə olunmuş nəticələri dəstəkləməlidir
“Brüsseldə əldə olunan nəticələr diplomatik müstəvidə Azərbaycanın növbəti qələbəsidir. Sözügedən sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində mühüm yer alıb”.
Bunu Versus.az-a Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Avropa İttifaqının təşəbbüsü ilə Brüsseldə baş tutan üçtərəfli görüşün əhəmiyyəti barədə açıqlamasında bildirib.
ALDP sədri hesab edir ki, əsas məsələ Azərbaycanın irəli sürdüyü 5 maddə üzrə Sülh razılaşmas danışıqlarının aparılmasıdır:
“Digər bir müsbət tərəf odur ki, artıq Rusiyadan sonra, Avropa İttifaqı ATƏT-in Minsk Qrupuna istinad etmir. Avropa İttifaqı da başa düşüb ki, Minsk Qrupu keçmiş tarixdə qalıb”.
Fuad Əliyev qəbul olunan bəyanata əsasən Azərbaycanın xeyrinə olan başqa bir məqama da diqqət çəkib. Bildirib ki, “Dağlıq Qarabağ” ifadəsi sözügedən sənəddə əks olunmayıb. Artıq “Dağlıq Qarabağ” danışıqların predmeti deyil:
“Brüsseldə imzalanan sənəd Azərbaycan milli maraqlarına uyğun bir sənəddir. Hesab edirəm ki, siyasi partiyalar əldə olunmuş nəticələrini dəstəkləməlidirlər. Paşinyanın Azərbaycanla münasibətlərin normallaşdırılmasına dair üç sənəddə imzası var - 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 06 aprel 2022 -ci ildə sənədləri...”
ALDP sədri Ermənistanın son məqamda ritorikasını dəyişməsi faktına əsaslanan şübhələrin fonunda hesab edir ki, bu dəfə Paşinyan bütün razlaşdırılmış məsələləri həyata keçirəcək:
«Çünki onun başqa yolu qalmayıb. Əldə olunan nəticələrə arxayın olub rahat oturmamalıyıq. Onların istənilən təxribatlarına hazır olmalıyıq. Keçmişdə olan səhflərimizi yaddan çıxartmamalıyıq. Ermənistanla sülh şəraitində yaşasaq belə, 20 yanvar, Xocalı, 31 mart soyqırımlarını daimə yadda saxlamalıyıq”.