Pakistanda tayfalar arasında qarşıdurma:. Ölənlərin sayı 100-ü keçdi
Pakistanın şimal-qərbində bir həftədir davam edən tayfalararası qarşıdurmalarda ölənlərin sayı 102 nəfərə çatıb.
Bakunews.media xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, ölkənin Heybər-Paxtunxva əyalətinin mərkəzi Pişəvərdən 218 kilometr aralıda yerləşən Kürrəm bölgəsində şiə və sünni qəbilələri arasında vaxtaşırı toqquşmalar baş verir və bu toqquşmalarda çoxlu insan həlak olur.
Əfqanıstanla sərhəd bölgədəki son qarşıdurmalarda yaralıların sayı 138-ə yüksəlib.
Bölgədə son illərin ən qanlı qarşıdurması yaşanarkən hakimiyyət tərəflər və region liderləri ilə görüşərək, gərginliyi azaltmağa çalışır.
Qeyd edək ki, noyabrın 21-də yaraqlılar Kürrəmdə şiələri daşıyan sərnişin karvanına silahlı hücum edib, azı 42 nəfər həlak olub. Hücumdan sonra bölgədə şiə və sünni qəbilələri arasında qarşıdurma yaranıb.
Xatırladaq ki, 240 milyon əhalisi olan Pakistanda şiələr ölkənin təxminən 15 faizini təşkil edir.