Qreta Tunberq haqqında film çəkiləcək

2020-ci ildə striminq xidməti “Hulu” 16 yaşlı ekologiya müdafiəçisi Qreta Tunberq haqqında sənədli film çəkmək niyyətindədir.

Bakunews.media xəbər verir ki, filmin rejissoru qismində gənc qızla birgə Avropadan ABŞ-a yelkənli qayıqla səyahət edən Natan Qrossman çıxış edəcək.

Filmin prodüserləri isə Sesiliya Nessen və Frederik Heyniqen olacaqlar.

Qeyd edək ki, “Time” jurnalı dekabrın 11-də 16 yaşlı ekoaktivist Qreta Tunberqi “İlin adamı” elan edib.

İsveçli yeniyetmə Qreta Tunberq son bir ildir haqqında ən çox danışılan aktivistlərdən biridir. İqlim dəyişikliyi, qlobal istiləşməyə etiraz edən 16 yaşlı məktəblinin fəaliyyətinin ilkin mərhələsi “İqlim üçün məktəb tətili”dir.

O, keçən il avqust ayında məktəbə getməkdən imtina edərək İsveç Parlamenti qarşısında tətilə başlayıb. 2019-cu il martın 15-də 112 ölkədən təxminən 1 milyon 400 min şagird bu aksiyaya qoşulub.

Tətillərlə yanaşı, Qreta bir çox etiraz aksiyası və beynəlxalq tədbirlərdə iştirak edib.

0.30443596839905