Partiya sədri: Bu özfəaliyyət dərnəyinin hələ də fəaliyyət göstərdiyini bilmirdim
Demokratik Qüvvələrin Milli Şurası adlanan qurum yenidən ortaya çıxaraq “ictimai-siyasi fəallara qarşı repressiyalar var”, - deyə, bəyanat yayıb. Bəyanatın “əsas ruhu” aydındır - hakimiyyət ittiham edilir. Amma maraqlı olan bəyanat verənlərin beynəlxalq ictimaiyyətə və Azərbaycan cəmiyyətinə yönəlik ittihamlarıdır.
Milli Şura hesab edir ki, Azərbaycandakı vəziyyətə görə “beynəlxalq birlik də özünün kəsərsiz mövqeyi ilə ciddi məsuliyyət daşıyır”. Milli Şura “ölkədə belə bir vəziyyətin yaranmasına görə Azərbaycan cəmiyyətinin daşıdığı məsuliyyəti də xatırlatmağı özünə borc bilir”. Xalq hakimiyyətə qarşı “mütəşəkkil qaydada müqavimət göstərmədiyi, mübarizəni öndə olan az sayda ictimai-siyasi fəalın öhdəsinə buraxdığı” üçün qınanır. Maraqlıdır ki, Milli Şura təsvir etdikləri “qorxunc vəziyyətə” görə öz məsuliyyətləri haqda danışmır.
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin də fikirləri olduqca sərtdir:
“Bu özfəaliyyət dərnəyinin hələ də fəaliyyət göstərdiyini bilmirdim. Keçmişin tör-töküntüləridir. İndi orada qalan 2-3 nəfər bu tipli bəyanat verməklə öz mövcudluğunu göstərmək istəyir. Kim bunları yaradıb, arxasında durub, xalq yaxşı tanıyır. İllər boyu xalqın ümidini qıran bunlar olub. Bir qrup insanı qabağa verib, özləri isə şəxsi maraqlarını təmin etmək üçün hakimiyyətlə danışıqlara gedirdilər, deputat olurdular. ”Ərəb inqilabı", “Narıncı inqilab”, Qazaxıstanda olan proseslərdən, Ukraynada gedən müharibədən danışırlar, həvəslənirlər, sanki bütün bunlar bizdə baş verir... Zelenskisayağı beynəlxalq birliyi ittiham edirlər... Bunlar Azərbaycanı Suriya, Ukrayna kimi görmək istəyirlər. İndi də növbəti sifariş alıblar ki, ölkədə qarşıdurma olsun, vətəndaşları “qorxunc vəziyyətlə” hədələyirlər. Azərbaycan cəmiyyəti bunlara dəstək vermədiyinə görə xalqı ittiham edirlər. Xalqımız çox müdrik xalqdır, şou aləminə aid olan belə “siyasətçilərin”, boşboğazların dalınca heç vaxt getməz və onları dəstəkləməz".
/Yeni Müsavat/